Son.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili
Asim Mollazadə deyib. Deputat vurğulayıb ki, ABŞ bundan sonra öz
siyasətində müəyyən dəyişikliklər etməlidir:
"Bu dəyişikliklər münaqişələrin həllində və sülhün bərqərar olmasında
ABŞ-ın fəallığını artıra bilər. Donald Trampın prezident seçilməsi
ABŞ-da müəyyən dəyişikliklərə ehtiyac zərurətinin yarandığının mühüm
göstəricisidir".
Millət vəkili qarşıda ABŞ-Azərbaycan münasibətlərini gözləyən dəyişikliklərdən də söz açıb:
"Azərbaycan ABŞ-la bir neçə istiqamətdə əməkdaşlıq edir. Trampın
prezidentliyi dövründə bu münasibətlər çoxşaxəli istiqamətlərdə inkişaf
edəcək. ABŞ bölgədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
fəaliyyətini gücləndirməlidir. Bu mənada erməni lobbisi Trampın
prezident seçilməməsi üçün çox ciddi işlər gördü. Trampın məhz erməni
diasporu ilə heç bir əlaqəsinin olmaması ABŞ-ın bundan sonra Dağlıq
Qarabağla bağlı yürüdəcəyi siyasətə ümidlər yaradır".
A.Mollazadə Trampın Yaxın Şərq siyasətinə də münasibət bildirib:
"Yeni administrasiyanın bu regionda davam edən münaşiqələrin həlli üçün
danışıqlar yolunu seçməsi daha real görünür".
Qeyd edək ki, noyabrın 8-də keçirilən prezident seçkisində
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə
qazanaraq ABŞ-ın 45-ci prezident olub.