Partiya  Nizamnamə

FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası

1.1. Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (bundan sonra – Partiya) Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılması və ifadə edilməsi, ictimai və siyasi aksiyalarda, referendumlarda iştirak yolu ilə cəmiyyətin siyasi həyatında onların iştirakını təmin etmək məqsədilə yaradılmış birlikdir.

Maddə 2Partiyanın fəaliyyətinin qanunverici əsasları və prinsipləri

2.1. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» AR qanunu və digər normativ aktlar əsasında qurur. 2.2. Partiyanın fəaliyyəti birləşmə azadlığı, könüllülük, bütün üzvlərin bərabərhüquqluluğu, özünüidarəetmə, qanunçuluq və şəffaflıq əsasında həyata keçirilir.

Maddə 3. Partiyanın ərazi fəaliyyət sahəsi

3.1. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının bütün ərazisində həyata keçirir. 3.2. Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanının olduğu

FƏSİL 2. PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

Maddə 4. Partiyanın məqsədləri:

– Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılması və ifadə edilməsi, ictimai və siyasi aksiyalarda, referendumlarda iştirak yolu ilə cəmiyyətin siyasi həyatında onların iştirakını təmin etmək;
– Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti və demokratik hüquqi dövlətin qurulmasına yardım göstərmək;
– ictimai fikirdə demokratiya və liberalizm dəyərlərinin möhkəmlənməsinə yardımçı olmaq, demokratik və liberal islahatları inkişaf etdirmək;
– vətəndaşları siyasi cəhətdən maarifləndirmək;
– öz sıralarından seçkili dövlət orqanlarına və yerli idarəetmə orqanlarına namizədlər irəli sürməkdir.

Maddə 5. Partiyanın vəzifələri:

5.1. Öz məqsədlərinə uyğun olaraq Partiya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

– demokratik dövlət yaradılması və ölkənin Avroatlantik strukturlara inteqrasiya edilməsi üçün demokratik islahatların keçirilməsinin sürətləndirilməsi;
– siyasi sabitliyin və qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadiyyatın dirçəldilməsinə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yardım göstərilməsi;
– hakimiyyət nümayəndələrinin cəmiyyət qarşısında məsuliyyətinin artırılması;
– ölkədə vətəndaş sülhünün, millətlərarası və dinlərarası uzlaşmanın bərqərar olmasına yardım göstərilməsi;
– liberal bazar iqtisadiyyatı islahatlarının keçirilməsində və demokratiyanın inkişaf etdirilməsində maraqlı olan Azərbaycan Respublikası vətəndaşlarına siyasi dəstək verilməsi;
– gənc insanların vətəndaş, peşəkar və mənəvi cəhətdən yüksək dəyərələrə malik şəxsiyyətlər kimi yetişməsinə yönəlik dövlət siyasətinin həyata keçirilməsinə və gənclərin cəmiyyətdə layiqli yer tutmasına yardım göstərilməsi;
– dövlət və cəmiyyətin inkişafına yönəlik proqramların hazırlanması və həyata keçirilməsində iştirak edilməsi.

FƏSİL 3. PARTİYANIN YERLİ TƏŞKİLATLARI

Maddə 6Partiyanın strukturunu Partiyanın regional, rayon (şəhər) və ilkin şöbələri təşkil edirlər;

6.1. Regional və rayon (şəhər) şöbələri Siyasi Şuranın qərarı ilə təsis olunur və onların səlahiyyətləri, təşkilati strukturu, eləcə də orqanlarının təşkili, qərarların qəbulu və səlahiyyət müddəti ilə bağlı məsələləri Siyasi Şura tərəfindən qəbul olunmuş yerli təşkilatlar barədə Əsasnamə (bundan sonra – Əsasnamə) ilə tənzimlənir.
6.2. İlkin şöbələr Partıyanın ən azı 3 üzvü tərəfindən Azərbaycanın hər hansı yaşayış məntəqəsində (qəsəbə, kənd və s.) yaradıla bilər.
6.3. Regional, rayon (şəhər) və ilkin şöbələr Partıyanın Siyasi Şurası tərəfindən qeydiyyata alınırlar.
6.4. Regional, rayon (şəhər) və ilkin şöbələr Partiyanın yuxarı orqanlarının işində Qurultay və ya Konfranslara nümayəndə göndərmək, təkliflər, sənəd layihələri və digər materiallar vermək yolu ilə iştirak edirlər.
6.5. Regional və yerli şöbələr Nizamnamə və müvafiq Əsasnaməyə əsasən öz üzvlərindən proporsional qaydada nəzarət-təftiş komissiyasını yarada bilərlər.
6.6. Regional, rayon (şəhər) və ilkin şöbələr öz fəaliyyətlərini Azərbaycan Respublikası qanunvericiliyi, bu Nizamnamə, Partiyanın rəhbər orqanlarının qərarları və Əsasnamə əsasında qururlar. Regional, rayon (şəhər) və ilkin şöbələr özləri üçün ayrıca nizamnamə qəbul etmək hüquqları yoxdur.
6.7. Regional, rayon (şəhər) və ilkin şöbələri Azərbaycan Respublikasının qanunvericiliyinə, Nizamnaməyə və Əsasnaməyə zidd olan fəaliyyət həyata keçirdikdə Siyasi Şura Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında həmin şöbələrin fəaliyyətini dayandırır, onları buraxır, yenidən təşkil edir, qərarlarının bu nizamnamə və qanunvericilik aktlarına uyğunluğunu yoxlayır, nizamnaməyə və qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.
6.8. Partiya ləğv olunduğu halda partiyanın regional şöbələri və digər struktur bölmələri də ləğv edilirlər.

FƏSİL 4. PARTİYANIN HÜQUQİ VƏZİYYƏTİ

Maddə 7. Partiya hüquqi şəxsdir

7.1. Partiya dövlət tərəfindən qeydiyyata alındığı gündən hüquqi şəxs statusu qazanır:
– öz balansına, Azərbaycan Respublikasının bank müəssisələrində hesablaşma hesabına, simvollara, blanklara, öz adı olan möhürə malik olur;
– Partiyanın mülkiyyətində xüsusiləşdirilmiş əmlak ola bilər və o öz öhdəliklərinə bu əmlakla cavabdehdir;
– Partiya öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə və həyata keçirə, öhdəliklər yerinə yetirə, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.

Maddə 8. Partiyanın hüquqları

8.1. Partiya öz məqsədlərinə çatmaq və qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada aşağıdakı hüquqlara malikdir:
– ictimai fikrin formalaşmasına təsir göstərmək;
– azad surətdə öz fəaliyyəti haqqında məlumat yaymaq, öz baxışlarını, məqsəd və vəzifələrini təbliğ etmək;
– «Siyasi partiyalar haqqında» AR qanunu və digər qanunlarla müəyyənləşdirilmiş qaydada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarının hazırlanmasında iştirak etmək;
– ictimai həyatın müxtəlif məsələləri barədə təkliflərlə çıxış etmək, o cümlədən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər irəli sürmək;
– regional və ilkin şöbələr qurmaq, onların yenidən təşkil olunması və ləğv olunması barədə qərar qəbul etmək, Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün struktur bölmələrinə əmlak vermək;
– toplantılar, mitinqlər, nümayişlər, yürüşlər, piketlər, konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər təşkil etmək və keçirmək;
– mətbu nəşrlər təsis etmək;
– dövlət və bələdiyyə kütləvi informasiya vasitələrindən istifadə etmək;
– hüquqi şəxs yaratmadan başqa siyasi partiyalar və birliklər qurmaq, beynəlxalq birliklərə daxil olmaq;
– xarici dövlətlərin siyasi partiyaları və digər ictimai birlikləri ilə beynəlxalq əlaqələr qurmaq;
– öz hüquqlarını müdafiə etmək və öz üzvlərinin qanuni maraqlarını təmsil etmək;
– Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

Maddə 9. Partiyanın öhdəlikləri

9.1. Partiya:
– öz fəaliyyətində Konstitusiyaya və Azərbaycan Respublikasının digər normativ aktlarına, o cümlədən bu Nizamnaməyə və Partiyanın Məramnaməsinə əməl etməyə;
– səlahiyyətli orqanların nümayəndələrini Partiya, onun regional şöbələri və digər struktur bölmələri tərəfindən keçirilən tədbirlərə (o cümlədən qurultay, konfrans və ya ümumi yığıncaqlara) buraxmağa;
– qanunvericiliklə müəyyən olunmuş digər vəzifələr də daşıyır.
9.2. Partiya qanunvericiliklə müəyyən olunmuş qaydada mühasibat uçotu aparır və müvafiq orqanlara hesabat təqdim edir. Partiya qanunvericiliklə müəyyən olunmuş qaydada sənədlərin uçotunu və qorunmasını təmin edir.
9.3. Partiya kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.

Maddə 10. Partiyanın pul vəsaitləri

10.1. Partiyanın pul vəsaitlərinin və digər əmlakının formalaşdırılmasının mənbələri aşağıdakılardır:
– üzvlük haqları;
– ianələr;
– əmlakdan gələn gəlir;
– Partiya, onun regional şöbələri və digər struktur bölmələri tərəfindən keçirilən tədbirlərdən gələn gəlirlər;
– qanunla qadağan olunmamış digər gəlirlər.

Maddə 11Partiyanın əmlakı

11.1. Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan qanunla icazə verilən istənilən əmlak ola bilər.
11.2. Partiyanın, o cümlədən onun regional şöbələri və digər struktur bölmələrinin əmlakının mülkiyyətçisi bütövlükdə Partiyadır. Partiya üzvlərinin Partiyanın əmlakı üzərində hüquqları yoxdur.
11.3. Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Məramnaməsindən irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.

Maddə 12. Partiyanın simvolları

12.1. Partiya öz simvollarına (emblem, himn, bayraq, vımpel və digər simvollar) malikdir. Partiyanın simvolları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatı və uçotuna alınmalıdırlar.

FƏSİL 5. PARTİYA ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 13. Partiyaya üzvlük

13.1 18 yaşına çatmış, Partiyanın məqsəd və vəzifələrini bölüşən, onun fəaliyyətində iştirak edən və bu Nizamnaməni qəbul edən, fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşları Partiyanın üzvləri ola bilərlər. Əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, həmçinin siyasi partiya üzvü olmaq hüququ olmayan digər şəxslər Partiyanın üzvü ola bilməzlər.
13.2 Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür.
13.3 Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz.

Maddə 14. Partiya üzvlüyünə qəbul

14.1. Partiyaya üzvlük fərdidir.
14.2. Partiya üzvlüyünə qəbul həmin şəxsin yazılı müraciəti əsasında həyata keçirilir. Üzvlüyə qəbul edilmə haqqında qərar Partiyanın Siyasi Şurasının iclasında səs çoxluğu ilə qəbul edilir.
14.3. Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir.

Maddə 15. Partiya üzvlüyünə xitam verilməsi

15.1. Partiya üzvlüyünə xitam verilməsinə əsas kimi aşağıdakılar götürülür:
– Partiya üzvünün Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi;
– məhkəmənin qərarı ilə Partiya üzvünün fəaliyyət qabiliyyəti olmayan sayılması;
– Partiyadan çıxarılma;
– Partiya üzvünün siyasi partiyada üzvlük hüququ qanunla məhdudlaşdırılmış vəzifə tutması.
15.2. Partiya üzvü Partiyadan Siyasi Şuranın üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xaric oluna bilər. Partiyadan xaric olunma haqqında qərardan bir ay ərzində şikayət partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyasına verilə bilər və həmin məsələyə komissiyada 20 gün ərzində baxılır.
15.3. Partiyadan xaric olunma üçün əsas sayılır:
– Bu Nizamnamənin müddəalarını pozan və Partiyaya siyasi zərər vurmuş hərəkət (hərəkətsizlik) etmək;
– uzun müddət ərzində (bir ildən az olmayaraq) Partiyanın işində iştirak etməmək;
– digər partiyalarda üzvlük.
15.4. Partiyanın rəhbər orqanlarına daxil olan Partiya üzvü Partiya sıralarından onu rəhbər orqanlara seçmiş orqanın qərarı ilə xaric edilə bilər.
15.5. Səlahiyyətli orqan tərəfindən üzvlükdən xaric edilmə haqqında qərarın verilməsi və ya üzvlükdən çıxarmağa dair ərizənin verilməsi üzvlükdən çıxma faktını qeydə almaq üçün əsasdır.

Maddə 16. Partiya üzvlərinin hüquq və vəzifələri

16.1. Partiya üzvləri bərabər hüquqa malikdirlər və bərabər vəzifələri daşıyırlar.
16.2. Partiya üzvünün aşağıdakı hüquqları var:
– Partiyanın rəhbər və digər orqanlarına seçmək və seçilmək;
– Partiyanın fəaliyyəti haqqında məlumat almaq;
– Partiyanın istənilən orqanına sual, təklif, ərizə ilə müraciət etmək və öz müraciətinin mahiyyəti üzrə cavab almaq;
– hazırlanması zamanı məzmununa prinsipial etirazını bildirdiyi Partiyanın rəhbər orqanları tərəfindən qəbul edilmiş qərarları yerinə yetirməmək;
– Partiyanın rəhbər orqanlarının qərarlarından bu Nizamnamədə müəyyən edilmiş qaydada şikayət vermək;
– Partiyadan azad surətdə çıxmaq.
16.3. Partiya üzvü:
– bu Nizamnamənin müddəalarına əməl etməyə;
– Partiyanın fəaliyyətində iştirak etməyə;
– hazırlanması zamanı məzmununa prinsipial etirazını bildirdiyi Partiyanın rəhbər orqanları tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsinə maneçilik törətməməyə;
– üzvlük haqlarını ödəməyə borcludur.

FƏSİL 6. PARTİYANIN ORQANLARI

Maddə 17. Partiyanın ali rəhbər orqanı Qurultaydır

17.1. Qurultay Partiyanın Siyasi Şurası tərəfindən iki ildə bir dəfədən az olmayaraq çağırılır.
17.2. Partiyanın növbədənkənar Qurultayı Siyasi Şuranın qərarı, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və Partiya üzvlərinin ən azı 2/3-nin müraciəti ilə çağırılır.
17.3. Qurultay nümayəndələri Siyasi Şura tərəfindən müəyyən olunmuş kvotaya uyğun olaraq seçilirlər.
17.4. Qurultay nümayəndələrin ən azı 2/3-i iştirak etdikdə səlahiyyətli sayılır. Qurultayın qərarları bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Qurultay nümayəndələrinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması Qurultay tərəfindən müəyyən edilir.
17.5. Qurultayın müstəsna səlahiyyətlərinə daxildir:
– Partiyanın Nizamnaməsinin qəbul edilməsi və ona dəyişiklik və əlavələrin edilməsi (qərar qeydə alınmış nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul edilir);
– Partiya Sədrinin seçilməsi və geri çağrılması;
– Siyasi Şura, Təftiş komissiyasının say tərkibinin müəyyənləşdirilməsi;
– Siyasi Şura üzvlərinin iki il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;
– Təftiş komissiyası üzvlərinin iki il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;
– Partiyanın yenidən təşkil olunması, fəaliyyətinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi (qərar qeydə alınmış nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul edilir);
– Azərbaycan Respublikası Prezidentliyinə namizədin irəli sürülməsi.
17.6. Qurultay Partiyanın fəaliyyətinin digər məsələlərinə dair qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

Maddə 18. Partiyanın Sədri

18.1. Partiyanın Sədri Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır və Partiyanın Qurultayında kvorum olduğu təqdirdə açıq səsvermə yolu ilə qeydə alınmış nümayəndələrin səs çoxluğu ilə seçilir. Sədrin səlahiyyət müddəti iki ildir. Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yeni müddətə seçilə bilər.
18.2. Partiya Sədrinin səlahiyyətlərinə onun Partiyada üzvlüyünə xitam verildikdə və ya üzvlük dayandırıldıqda, o könüllü olaraq səlahiyyətlərini icra etməkdən imtina etdikdə, Sədrin fəaliyyətinin bu Nizamnaməyə zidd olması və Partiyaya zərər gətirməsi faktı aşkarlanan halda Qurultay onun səlahiyyətlərinin icrasının dayandırılması haqqında qərar qəbul etdikdə xitam verilir.
18.3. Partiya Sədri:
– Partiyanın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, vəkalətnaməsiz Partiyanın adından hərəkət edir;
– Partiyanın Siyasi Şurasına rəhbərlik edir;
– Partiyanı Azərbaycan Respublikasında, xarici dövlət və qeyri-dövlət təşkilatlarında təmsil edir;
– Qurultayı açır, Qurultaya hesabat verir, Partiya Siyasi Şurasının iclaslarına sədrlik edir;
– bütövlükdə Partiyanın və onun ayrı-ayrı struktur bölmələri və orqanlarının təşkilati fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyi və bu Nizamnamə çərçivəsində qaydaya salan daxili aktları razılaşdırır;
– etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlak və vəsaitləri üzərində sərəncam verir, işçiləri işə götürür, işdən azad edir, qanunvericiliklə ona verilmiş digər hüquq və vəzifələri daşıyır;
– Partiyanın qarşısında duran məqsəd və vəzifələri daha effektiv yerinə yetirə bilmək üçün müvafiq fəaliyyəti həyata keçirir;
– Partiyanın Siyasi Şurasının, Təftiş komissiyasının növbədənkənar iclaslarını çağırır .

Maddə 19. Siyasi Şura

19.1. Siyasi Şura Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır.
19.2. Siyasi Şura Qurultay tərəfindən iki illik müddətə seçilir və onun say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir.
19.3. Siyasi Şuranı üzvlərdən tərk edən olarsa, Siyasi Şura özü öz tərkibinə yeni üzvlər daxil etmək hüququna malikdir. Siyasi Şura üzvlüyünə yeni üzvlərin daxil edilməsi barədə qərar Siyasi Şura üzvlərinin ümumi sayından 2/3 səs çoxluğu ilə qərara alınır və növbəti Qurultayda təsdiq edilməlidir.
19.4. Siyasi Şura təsdiq edir:
– öz Reqlamentini (qərar Siyasi Şura üzvlərinin ümumi sayından adi səs çoxluğu ilə qəbul edilir);
– Partiyanın büdcəsini, onun yerinə yetirilməsi barədə hesabatı;
– Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyası haqqında əsasnaməni;
– Partiya üzvlərinin uçotunun təşkil edilməsi haqqında əsasnaməni.
19.5. Siyasi Şura vəzifəyə təyin edir və vəzifədən azad edir:
– Partiya Sədrinin müavinlərini;
– Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyasının sədrini və üzvlərini;
– Partiyanın digər komissiya və komitələrinin (digər orqanlarının) rəhbərləri və üzvlərini
19.6. Siyasi Şura:
– Partiyanın struktur bölmələrinin rəhbərlərini təyin edir və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
– bu Nizamnaməyə uyğun olaraq Partiyanın regional və yerli şöbələrinin yaradılması, yenidən təşkil olunması, ləğv edilməsi haqqında qərarlar qəbul edir (mütləq surətdə eyni zamanda yenidən təşkil olunan, ləğv edilən regional şöbələrdə uçotda olan şəxslərin Partiyada üzvlük məsələsinə baxılmaqla).
– bu Nizamnamə ilə nəzərdə tutulmuş hallarda regional şöbələrin sədrlərinin səlahiyyətlərinə vaxtından qabaq xitam verilməsi haqqında qərarlar qəbul edir (qərar Siyasi Şura üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul olunur). Qərar səlahiyyətlərinə xitam verilməsi məsələsi baxılan şəxs öncədən Siyasi Şuranın iclasına dəvət olunduğu halda qəbul edilə bilər.
19.7. Siyasi Şura:
– növbəti və növbədənkənar qurultayları çağırır və onlarda Partiyanın regional şöbələrinin təmsilçilik normasını müəyyən edir;
– fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;
– üzvlük biletinin formasını müəyyən edir;
– üzvlük haqlarının ödəniməsinin qayda və məbləğini müəyyən edir;
– ölkənin və ya ayrı-ayrı bölgələrin ictimai-siyasi həyatının mühüm məsələləri barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir;
– dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, siyasi partiyalar, ictimai birliklərlə qarşılıqlı əlaqə qurur;
– Partiyanın başqa siyasi partiyalar və digər ictimai birliklərlə ittifaq, birlik qurması barədə qərar qəbul edir;
– Partiyanın mətbu nəşrlərinin təsis edilməsi barədə qərar qəbul edir;
– Partiyanın əmlakının idarə edilməsi üzrə qərarlar qəbul edir;
– Partiyanın aşağı orqanlarını buraxa (ləğv edə) bilir, onların qəbul etdiyi qərarlar bu nizamnaməyə və qanunvericiliyə uyğun olmadıqda onları ləğv edir;
– yerli özünüidaretmə orqanlarına seçkilər keçirilən zaman regional (yerli) şöbələrə namizədlər irəli sürməyə razılıq verir.
19.8. Siyasi Şura Qurultayın müstəsna səlahiyyətlərinə daxil olmayan Partiya fəaliyyətinin digər məsələləri barədə qərarlar qəbul edir.
19.9. Bir qayda olaraq Siyasi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. Siyasi Şuranın növbədənkənar iclasları Siyasi Şura sədrinin qərarı, Siyasi Şura üzvlərin azı 1/3 hissəsinin müraciəti ilə keçirilə bilər. Komissiya, komitə, Partiyanın digər orqanlarının rəhbərləri Siyasi Şuranın iclaslarında məşvərətçi səslə iştirak edə bilərlər.
19.10. Siyasi Şura üzvlərinin yarıdan çoxunun iştirak etdiyi iclaslar səlahiyyətli sayılır. Əgər bu Nizamnamə və Siyasi Şuranın Reqlamentində fərqli müddəalar nəzərdə tutulmayıbsa, onda Siyasi Şurada qərarlar iclasda iştirak edənlərin adi səs çoxluğu ilə qəbul edilir.

Maddə 20. Partiyanın nəzarət- təftiş orqanı

20.1. Partiyanın nəzarət-təftiş orqanı Qurultay tərəfindən iki illik müddətə seçilən Təftiş komissiyasıdır. Təftiş komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir.
20.2. Təftiş komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və katibi seçir.
20.3. Təftiş komissiyasının iclasları 6 ayda bir dəfədən az olmayaraq keçirilir. Təftiş komissiyasının növbədənkənar iclasları Partiya Sədrinin, Siyasi Şuranın və Təftiş komissiyası üzvlərinin azı üçdə birinin tələbi ilə keçirilir.
20.4. Təftiş komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə Təftiş komissiyasının üzvlərindən biri aparır.
20.5. Üzvlərin ümumi sayından yarıdan çoxu iştirak etdikdə Təftiş komissiyasının iclası səlahiyyətli sayılır. Təftiş komissiyasının qərarları iclasda iştirak edən Komissiya üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir.
20.6. Təftiş komissiyası:
– öz Reqlamentini qəbul edir;
– Partiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
– hər il Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;
– təftişin nəticələri barədə Siyasi Şuraya məruzə edir;
– Qurultay qarşısında öz işi barəsində hesabat verir.
20.7. Təftiş komissiyası ehtiyac olduğu anda öz fəaliyyətinə mütəxəssisləri cəlb etmək hüququna malikdir.
20.8. Təftiş komissiyasının sədri və üzvləri Partiyada digər vəzifəni, həmçinin Partiya aparatında vəzifə tuta bilməzlər.

Maddə 21. Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyası:

21.1. Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyası (bundan sonra – Komissiya) Sədrdən və Komissiya üzvlərindən ibarətdir.
21.2. Komissiyanın sədri və üzvləri Siyasi Şura tərəfindən Siyasi Şuranın səlahiyyət müddəti dövrü üçün təyin edilirlər.
21.3 Komissiyanın sədri və üzvləri Partiyada digər vəzifəni, həmçinin Partiya aparatında vəzifə tuta bilməzlər.
21.4. Komissiya Partiya üzvlərinin, həmçinin Partiyaya üzv olmaq istəyən şəxslərin müraciətləri əsasında Partiyadan xaric edilmə, Partiya üzvlüyünə qəbul edilmədən imtina məsələlərinin qanuniliyini araşdırır.

FƏSİL 7. PARTİYANIN NİZAMNAMƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ QAYDASI

Maddə 22. Bu Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi

22.1 Bu Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi Qurultayın qərarı ilə həyata keçirilir. Həmin qərar qeydə alınmış Qurultay nümayəndələrinin 2/3 səs çoxluğu ilə qəbul edilməlidir.
22.2. Bu Nizamnaməyə əlavə və dəyişikliklər Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qeydiyyata alınırlar. Bu Nizamnaməyə əlavə və dəyişikliklər bu qeydiyyatdan sonra hüquqi qüvvə əldə edirlər.

FƏSİL 8. PARTİYANIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ QAYDALARI

Maddə 23. Partiyanın yenidən təşkili və ləğv olunması

23.1. Partiya qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən təşkil oluna bilər.
23.2. Partiya Qurultayın qeydə alınmış nümayəndələrinin 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı və yaxud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə ləğv oluna bilər.
23.3. Partiyanın fəaliyyətinə xitam verildikdə onun əmlakı və maliyyə vəsaitlərindən qanunvericiliyə uyğun olaraq qurultayın qərarı ilə istifadə olunur. Ləğvetmə zamanı Partiyanın əmlakının üzvlər arasında bölüşdürülməsinə yol verilmir.

Maddə 24. Digər şərtlər

24.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
24.2. Bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin ümumi müddəaları üstün tutulur.
24.3. Partiyanın ilkin maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan həmin ilin 31 dekabrınadək olan dövrə əhatə edir. Sonrakı maliyyə illəri isə 01 yanvar – 31 dekabr dövrünü əhatə edir.

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə