Partiya  “Tramp Qarabağın həllində müsbət rol oynaya bilər”-

 Asim Mollazadə: “Burda çox maraqlı nüans var, onun erməni diasporu ilə heç bir bağlılığı yoxdur”

“Tramp bilavasitə xalqın iradəsini ifadə edir. Seçkilərin nəticələri göstərdi ki, amerika xalqı ABŞ-ın sülh istiqamətində fəal şəkildə irəliləməsini istəyir”



"Dünyanın hər yerində belə bir yanaşma mövcuddur. Bütün ölkələrdə sistemli siyasətçilər xalqı bezdirirlər, ona görə də onlara inam itir”

ABŞ-da demokratlar elitasının "iblisləşdirdiyi” Donald Tramp Prezident seçkilərində qalib gəldi. Bununla da seçkilərdə özünü yaxşı tərəfdən göstərməyən Amerika KİV-nin və Klintonsevər ekspertlərin proqnozları alt-üst oldu. Hillari Klintonun ABŞ-ın tarixində ilk qadın prezident olmaq arzusu da ürəyində qaldı. Yəqin ki, demokratlar bu məğlubiyyətin şokundan ayılandan sonra hesablamalarının və analizlərinin niyə boşa çıxdığının, Trampın nədən qələbə çaldığının səbəblərini araşdıracaqlar. Təbii ki, bunlar nəticəni dəyişməyəcək.

Artıq Ağ Evin rəhbəri Donald Trampdır. Yeni Prezident seçki öncəsi verdiyi vədlərlə, seçkidən sonrakı qərarları ilə dünya ictimaiyyətinin diqqətini özünə çəkməyi bacarıb. Trampın bir çox düşüncələri, təhlükəli addımlar atacağı ilə bağlı açıqlamaları digər dövlətlərdə, xüsusən Avropa ölkələrində narahatlıqla qarşılanıb. Əksəriyyət Trampın rəhbərlik etdiyi ABŞ-ı dünya üçün təhlükə sayır, Amerika xalqının niyə onu seçdiyini anlamadıqlarını deyirlər. Dünya gündəmində müzakirə olunan məsələlərlə bağlı "Şərq”in suallarını millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə cavablandırıb. Deputat vurğulayıb ki, ABŞ-ın xarici siyasətində müşahidə olunan dəyişiklik anonsları zərurət halına gəlib...

- Asim müəllim, ABŞ-da seçki öncəsi namizədlərdən Klintona daha çox etimad edilirdi. Amma gözləntilərin əksinə Donald Tramp Prezident seçildi. Xalqın Trampı seçməsinin səbəbləri nədir?

- Amerika xalqı dəyişiklik istəyir. Xüsusən ölkə iqtisadiyyatının açıq formaya dönməsini tələb edir. Yeni Prezident Tramp seçki platformasında xalqı narahat edən bu məqama diqqət çəkərək vurğulamışdı ki, son illərdə ölkə iqtisadiyyatında müəyyən qədər sosialist tendensiyaları güclənir. ABŞ-ın liberal iqtisadiyyatı durğunluq dövrünü yaşayır. Bununla yanaşı, xalqı narahat edən digər amillər də var idi. Əsas istəklərdən biri isə ABŞ-ın dövlət imicinin və Obama administrasiyasının yürütdüyü xarici siyasətin dəyişməsi idi. Bu məsələlər amerikalıların böyük əksəriyyətini ciddi düşündürürdü. Əslində dünyanın hər yerində belə bir yanaşma mövcuddur. Bütün ölkələrdə sistemli siyasətçilər xalqı bezdirirlər, ona görə də onlara inam itir. ABŞ-da da vəziyyət belə idi. Obamanın bütün demokrat tərəfdarları seçkidə fəal iştirak etsələr də, nəticələrə təsir edə bilmədilər. Əslində xalq Trampa "hə” yox, Demokratlar Partiyasının siyasətinə "yox” deyirdilər. Əhalinin demokratlara mənfi münasibəti həm kənarda, həm də konqresə seçkilərdə özünü büruzə verdi. Artıq həm icraedici, həm də qanunverici hakimiyyət respublikaçıların əlinə keçdi. Məncə, Tramp bilavasitə xalqın iradəsini ifadə edir. Seçkilərin nəticələri göstərdi ki, amerika xalqı ABŞ-ın sülh istiqamətində fəal şəkildə irəliləməsini istəyir. Biz də çox istərdik ki, Amerika dünyada sülhün bərqərar olması istiqamətində fəaliyyətini gücləndirsin.

- Tramp seçki ərəfəsində çox narahatedici vədlər verdi. Daha sonra onların bir neçəsindən vaz keçsə də, digər mühüm məsələlərdə geri addım atmayacağını söylədi. Sizcə, Ağ Ev rəhbəri istəklərini həyata keçirə biləcəkmi?

- Trampın seçki öncəsi verdiyi vədlərin əksəriyyəti çox çətin formada icra edilə bilər. Hazırda diqqətlə izlənilən ən mühüm məqam Trampın administrasiyasında hansı şəxslərin təmsil olunacağıdır. İdarəetmə prosesinə kimlərin cəlb ediləcəyi və onların atacağı ilk addımlar bir çox məsələlərə aydınlıq gətirəcək. ABŞ-da kimin dövlət katibi, kimin müdafiə naziri olması böyük önəm kəsb edir. Hər şey Amerika siyasətinin beynəlxalq münasibətlər fonunda hansı dəyişiklik edəcəyi ilə bağlıdır. Hələlik proses təzə başlayıb. Trampın administrasiyasında cəmi bir neçə nəfərin adı çəkilir.

- Trampın "3 milyon miqrantı ölkədən deportasiya edəcəm” açıqlaması ciddi narahatlığa səbəb oldu. Sizcə, ABŞ-ın yeni Prezidenti humanitar faciəyə səbəb ola biləcək bu layihəni reallaşdıra bilərmi?

- Miqrantları ölkədən deportasiya etmək ümumilikdə çətin prosesdir. Amma burada söhbət bütün miqrantlardan getmir. Trampın diqqət çəkdiyi məqam ABŞ-a qanunsuz gələn miqrantlarla bağlıdır. Çünki indiyə qədər Amerikada olan bəzi miqrantlar müəyyən cinayət hadisələrinə qoşulublar və ölkə qanunlarını pozublar. Mənə elə gəlir ki, bu istiqamətdə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Yəni kriminal olaylara cəlb edilən xarici ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq. Amerika tarixən miqrant ölkəsi olub. Ona görə də Ağ Ev rəhbərliyi bu məsələyə çox həssaslıqla yanaşmalıdır. Miqrantların ABŞ-dan kütləvi deportasiyasını həyata keçirmək mümkünsüzdür. Bunun neqativ nəticələri ola bilər.

- Seçkidən əvvəl və sonra Avropa Birliyi sərt şəkildə Donald Trampı tənqid etdi, açıq şəkildə Klintonu dəstəklədi. Birliyin Trampla bağlı narahatlığına səbəb nədir?

- Trampla Avropa Birliyi arasında qarşıdurma təhlükəsizlik məsələləri ilə bağlıdır. ABŞ-ın yeni Prezidentinin tələbi ondan ibarətdir ki, NATO-nun nəzdindəki bütün müttəfiqlər alyansa öz töhfəsini verməlidir. Uzun illər Avropanın təhlükəsizliyi faktiki Amerikanın üzərində olub. Lakin NATO-nun maliyyə hesabatlarına baxsaz görərsiniz ki, hərbi alyansın xərclərinin 80 faizi ABŞ-ın dövlət büdcəsindən ödənilir. Ona görə də Tramp müttəfiqlərini bu prosesdə fəal iştiraka səsləyir. Əgər Ağ Ev rəhbərliyi təşkilata ayırdığı maliyyəni azaldarsa, Avropa ölkələri iqtisadi cəhətdən ciddi problemlər yaşayacaq. Avropa Birliyinin narahatlığına səbəb budur.

- Obama administrasiyasının əksinə, Tramp "tanımadığı Suriya müxalifətinə” dəstək verməyəcəyini bəyan etdi və İŞİD-ə qarşı Əsədi müdafiə edəcəyinin anonsunu verdi. Superdövlətin mövqe dəyişikliyi bölgədəki prosesləri dəyişə bilərmi?

- Məncə, söhbət birbaşa Əsədə dəstək verməkdən getmir. Tramp açıq şəkildə bildirib ki, o, Suriyada, ümumiyyətlə Yaxın Şərqdə bütün terrorçu qruplaşmalara, radikal ünsürlərə qarşı fəal mübarizə aparacaq və regionu kriminal dəstələrdən təmizləyəcək. Düzdür, burada ciddi problemlər, maneələr var. Amma ABŞ Suriyadakı proseslərdə tək iştirak etmir. Tramp çalışacaq ki, NATO-nun tərkibində təmsil olunan digər dövlətləri Yaxın Şərq olaylarında, xüsusən İŞİD-ə qarşı mübarizədə daha aktiv iştiraka sövq etsin.

- ABŞ Prezidentinin strateji müttəfiqi Türkiyə və "rəqibi” Rusiya ilə münasibətləri necə olacaq. Ağ Evin bu iki ölkə ilə xüsusi yaxınlaşmasının şahidi olacağıqmı?

- Tramp hər iki dövlətlə ən azı dialoqa üstünlük verəcək və hərbi ritorikadan uzaq duracaq. Əminəm ki, Türkiyə-ABŞ münasibətləri daha da inkişaf edəcək. Çünki rəsmi Ankara tarixən bölgədə Amerikanın ən əsas və etibarlı müttəfiqi olub. Hər iki tərəf bunun əhəmiyyətini bilir və qəbul edir. Münasibətlərdən görünür ki, Tramp və Ərdoğan da birgə əməkdaşlıqda maraqlıdır. O ki qaldı Rusiya ilə əlaqələrin normallaşmasına, burada çox şey Moskvadan asılıdır. Əgər Kreml yenidən Ukrayna və Krım məsələsində səhv addım atarsa, çox güman ki, Tramp indiyə qədər aparılan siyasəti daha da sərtləşdirməyə məcbur olacaq. O halda Moskva ilə münasibətlər pozulacaq və iqtisadi sanksiyalar gücləndiriləcək. Hələlik məlum olan odur ki, Tramp Putinlə dialoqa başlamaq və məsələləri yenidən müzakirəyə çıxarmaq istəyir. Anlaşma əldə olunarsa, tərəflər arasında gərginlik aradan qalxa bilər. Əks halda, vəziyyət daha kritik olacaq.

- ABŞ-Azərbaycan münasibətlərinin hansı istiqamətdə formalaşacağı maraqla gözlənilir. Xüsusən, Tramp administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfə geniş müzakirə olunur. Bu barədə sizin düşüncələriniz nədir?

- Hesab edirəm ki, Donald Trampın ABŞ Prezidenti seçilməsi bu ölkə ilə münasibətlərimizin yeni mərhələsinə start verəcək. Əlbəttə, bizim üçün daha vacib məsələlərdən biri Trampın Dağlıq Qarabağ münaqişəsində tutacağı mövqedir. Fikrimcə, Tramp münaqişənin həllində müsbət rol oynaya bilər. Burada maraqlı bir nüans var. Trampın erməni diasporu ilə heç bir bağlılığı və onlar qarşısında hansısa öhdəliyi yoxdur. Onun erməni diasporundan asılılığının olmamağı, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə töhfə verə bilər. Çünki bütün beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir. ABŞ Azərbaycanla çoxşaxəli tərəfdaşlıq münasibətlərini gücləndirməkdə maraqlıdır. Ümidvarıq ki, bu tərəfdaşlıq bölgəyə sülh gətirəcək”.


İsmayıl
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə