Partiya  Nizamnamə

I. ÜMUMİ MÜDDƏALAR


1.1. Demokratik İslahatlar Partiyası (bundan sonra – Partiya) Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılması və ifadə edilməsi, ictimai və siyasi aksiyalarda, referendumlarda iştirak yolu ilə cəmiyyətin siyasi həyatında onların iştirakını təmin etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

1.2. Partiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu, qüvvədə olan digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Partiya könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında fəaliyyət göstərir.

1.4. Partiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 12.08.2005-ci il tarixdə 45 nömrə ilə dövlət qeydiyyatına alınmışdır.

Partiyanın müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.5. Partiya öz simvollarına (emblem, himn, bayraq, vimpel və digər simvollar) malikdir. Partiyanın simvolları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatı və uçotuna alınmalıdır.

1.6. Partiyanın qısaldılmış adı – DİP.

1.7. Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanının olduğu yer Bakı şəhəridir.  

1.8. Partiyanın olduğu yer: Bakı şəhər, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, məhəllə 405, ev 64, mənzil 1.


II. Partiyanın məqsədi


2.1.Partiyanın məqsədi Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılması və ifadə edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş qaydada ictimai və siyasi aksiyalarda, referendumlarda iştirak yolu ilə cəmiyyətin siyasi həyatında onların iştirakını təmin etmək, Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti və demokratik hüquqi dövlətin qurulmasına, ictimai fikirdə demokratiya və liberalizm dəyərlərinin möhkəmlənməsinə yardım göstərmək, demokratik və liberal islahatları inkişaf etdirmək, vətəndaşları siyasi cəhətdən maarifləndirmək, həmçinin öz sıralarından seçkili dövlət orqanlarına namizədlər irəli sürməkdən ibarətdir. 

2.2. Partiya zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.


III. Partiyanın fəaliyyət formaları


3.1. Partiya aşağıdakı yolla siyasi fəaliyyət göstərir:

-nizamnaməyə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;

-öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

-vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparmaq;

-seçkili dövlət və yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürmək;

-nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;

-siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək.

IV. Partiyanın hüquq və vəzifələri


4.1.Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı hüquqları var:

- ictimai fikrin formalaşmasına təsir göstərmək;

- azad surətdə öz fəaliyyəti haqqında məlumat yaymaq, öz baxışlarını, məqsəd və vəzifələrini təbliğ etmək;

- “Siyasi partiyalar haqqında” AR qanunu və digər qanunlarla müəyyənləşdirilmiş qaydada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarının hazırlanmasında iştirak etmək;

- ictimai həyatın müxtəlif məsələləri barədə təkliflərlə çıxış etmək, o cümlədən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına müvafiq təkliflər irəli sürmək;

- şəhər, rayon və ilkin şöbələr qurmaq, onların yenidən təşkil olunması və ləğv olunması barədə qərar qəbul etmək;

- Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün struktur bölmələrinə əmlak vermək;

- “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toplantılar, mitinqlər, nümayışlər, yürüşlər, piketlər, konfranslar, görüşlər, müzakirələr və digər ictimai tədbirlər təşkil etmək və keçirmək;

- media orqanları təsis etmək;

- dövlət və bələdiyyə media orqanlarından istifadə etmək;

- hüquqi şəxs yaratmadan başqa siyasi partiyalar və birliklər qurmaq, beynəlxalq birliklərə daxil ilmaq;

- xarici dövlətlərin siyasi partiyaları və digər ictimai birlikləri ilə beynəlxalq

əlaqələr qurmaq;

- öz hüquqlarını müdafiə etmək və öz üzvlərinin qanuni maraqlarını təmsil etmək;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqları həyata keçirmək.

4.2. Partiyanın öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri var:

- demokratik dövlət yaradılması və ölkənin Avroatlantik strukturlara inteqrasiya edilməsi üçün demokratik islahatların keçirilməsinin sürətləndirilməsi;

- siyasi sabitliyin və qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadiyyatın dirçəldilməsinə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yardım göstərilməsi;

- liberal bazar iqtisadiyyatı islahatlarının keçirilməsində və demokratiyanın inkişaf etdirilməsində maraqlı olan Azərbaycan Respublikası vətəndaşlarına siyasi dəstək vermək;

- dövlət və cəmiyyətin inkişafına yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsində iştirak etmək.

- öz fəaliyyətində Konstitusiyaya və Azərbaycan Respublikasının digər normativ aktlarına, o cümlədən bu Nizamnaməyə və Partiyanın Proqramına əməl etmək;

- səlahiyyətli orqanların nümayəndələrini Partiya, onun regional şöbələri və digər struktur bölmələri tərəfindən keçirilən tədbirlərə (o cümlədən qurultay, konfrans və ya ümumi yığıncaqlara) buraxmaq;

- qanunvericiliklə müəyyən olunmuş qaydada mühasibat uçotu aparır və müvafiq orqanlara hesabat təqdim edir;

- qanunvericiliklə müəyyən olunmuş digər vəzifələr də daşıyır.

4.3. Partiya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanununun 12.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin həmin Qanunun 12.1.11-ci maddəsinin məqsədləri üçün təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.


V. Partiyanın üzvləri, onların hüquq və vəzifələri

5.1.Partiyanın nizamnaməsini qəbul edən 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikası vətəndaşları Partiyanın üzvü ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə siyasi partiyaya üzvlüyü qanunvericiliklə qadağan edilən digər şəxslər Partiyanın üzvü ola bilməz.

5.2. Partiyaya üzvlük fərdidir. Partiya üzvlüyünə qəbul həmin şəxsin yazılı müraciəti əsasında həyata keçirilir. Üzvlüyə qəbul edilmə haqqında qərar Partiyanın müvafiq rayon (və ya şəhər və ilkin) şöbəsi tərəfindən verilir. Partiya üzvünə onun Partiya mənsubiyyətini təsdiq edən üzvlük vəsiqəsi verilir. Partiyaya üzvlük və üzvlüyü tərk etmək könüllüdür. Partiya üzvü digər siyasi partiyaların üzvü ola bilməz.

5.3. Üzvlük haqqının miqdarı və toplanması qaydası partiyanın Siyasi Şurası tərəfindən müəyyən edilir.

5.4. Partiya üzvünün aşağıdakı hüquqları var:

     - Partiyanın rəhbər və digər orqanlarına seçmək və seçilmək;

     - Partiyanın fəaliyyəti haqqında məlumat almaq;

     - Partiyanın istənilən orqanına sual, təklif, ərizə ilə müraciət etmək və öz   müraciətinin mahiyyəti üzrə cavab almaq;

     - Hazırlanması zamanı məzmununa prinsipial etirazını bildirdiyi Partiyanın  rəhbər orqanları tərəfindən qəbul edilmiş qərarları yerinə yetirməmək;

     - Partiyanın rəhbər orqanlarının qərarlarından bu Nizamnamədə müəyyən  edilmiş qaydada şikayət vermək;

   - Partiyadan azad surətdə çıxmaq;

Siyasi partiyanın orqanlarında təmsil olunan hər bir partiya üzvü öz iradəsini sərbəst şəkildə ifadə etmək hüququna malikdir. O, Partiyanın yerli və mərkəzi orqanlarına təkliflər verə, iradlarını bildirə, partiyanın seçkili orqanlarının təşkilində yaxından iştirak edə, seçib-seçilə bilər.

5.5. Partiya üzvünün vəzifələri:

    - bu Nizamnamənin müddəalarına əməl etmək;

    - Partiyanın fəaliyyətində iştirak etmək;

- Hazırlanması zamanı məzmununa prinsipial etirazını bildirdiyi Partiyanın rəhbər orqanları tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsinə maneçilik törətməmək;

- üzvlük haqlarını ödəmək.

5.6. Partiya üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

- şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;

- şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;

- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

- şəxs partiyadan xaric olunduqda.

5.7. Partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.

5.8. Partiya üzvü rayon (və ya şəhər) təşkilatının təqdimatı və Siyasi Şuranın üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş qərar əsasında partiyadan xaric oluna bilər. Partiyadan xaric olunma haqqında qərardan bir ay ərzində şikayət partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyaya verilə bilər və həmin məsələyə komissiyada 20 gün ərzində baxılır.

  Partiyadan xaric olunma üçün əsas sayılır:

- Bu Nizamnamənin müddəalarını pozan və Partiyaya siyasi zərər vurmuş hərəkət (hərəkətsizlik) etmək;

- Uzun müddət ərzində (bir ildən az olmayaraq) Partiyanın işində iştirak etməmək;

- Digər partiyalarda üzvlük.

5.9.Nizamnamə tələblərini pozan Partiya üzvünə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

-    xəbərdarlıq;

-    töhmət;

-    Partiyada tutduğu seçkili vəzifədən azad etmək;

-    Partiyadan xaric etmək.

5.10.  Partiyanın rəhbər orqanlarına daxil olan Partiya üzvü Partiya sıralarından onu rəhbər orqanlara seçmiş orqanın qərarı ilə xaric edilə bilər.

Səlahiyyətli orqan tərəfindən üzvlükdən xaric edilmə haqqında qərarın verilməsi və ya üzvlükdən çıxarmağa dair ərizənin verilməsi üzvlükdən çıxma faktını qeydə almaq üçün əsasdır.

VI. Partiyanın orqanları


6.1. Partiyanın Ali rəhbər orqanı Qurultaydır. Qurultay Partiyanın Siyasi Şurası tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. Partiyanın növbədənkənar Qurultayı Siyasi Şuranın tövsiyəsi, səlahiyyətlərində olan məsələlər çərçivəsində Təftiş Komissiyasının qərarı və ya Partiya üzvlərinin ən azı 2/3-nin müraciəti əsasında çağırılır.

Qurultay nümayəndələri Siyasi Şura tərəfindən müəyyən olunmuş kvotaya uyğun olaraq seçilirlər.

Qurultay nümayəndələrin ən azı 2/3-i iştirak etdikdə səlahiyyətli sayılır. Qurultayın qərarları bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Qurultay nümayəndələrinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə forması Qurultay tərəfindən müəyyən edilir.

Qurultayın müstəsna səlahiyyətlərinə daxildir:

- Partiyanın Nizamnaməsinin qəbul edilməsi, ona dəyişiklik və əlavələrin edilməsi (qərər qeydə alınmış nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul edilir);

- Partiya Sədrinin seçilməsi və geri çağrılması;

- Siyasi Şura, Tətfiş komissiyasının say tərkibinin müəyyənləşdirilməsi;

- Siyasi Şura üzvlərinin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;

- Tətfiş komissiyası üzvlərinin beş il müddətinə seçilməsi və vaxtından əvvəl vəzifələrindən azad edilməsi;

- Partiyanın yenidən təşkil olunması, fəaliyyətinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi ( qərar qeydə alınmış nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul edilir).

- Qurultay Partiyanın fəaliyyətinin digər məsələlərinə dair qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

6.2. Partiyanın Sədri Partiyanın ali seçkili vəzifəli şəxsi sayılır və Partiyanın Qurultayında kvorum olduğu təqdirdə açıq səsvermə yolu ilə qeydə alınmış nümayəndələrin səs çoxluğu ilə seçir. Sədrin səlahiyyət müddəti 5 (beş) ildir. Səlahiyyət müddəti bitdikdə Partiyanın Sədri Qurultay tərəfindən yeni müddətə seçilə bilər.

Partiya Sədrinin səlahiyyətlərinə onun Partiyada üzvlüyünə xitam verildikdə və ya üzvlük dayandırıldıqda, o, könüllü olaraq səlahiyyətlərini icra etməkdən imtina etdikdə, Sədrin fəaliyyətinin bu Nizamnaməyə zidd olması və Partiyaya zərər gətirməsi faktı aşkarlandıqda Qurultay tərəfindən xitam verilir.

Partiya Sədri:

-Partiyanın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, vəkalətnaməsiz Partiyanın adından hərəkət edir;

-Partiyanın Siyasi Şurasına rəhbərlik edir;

-Partiyanı Azərbaycan Respublikasında, xarici dövlət və qeyri-dövlət təşkilatlarında təmsil edir;

-Qurultayı açır, Qurultaya hesabat verir, Partiya Siyasi Şurasının iclaslarına sədrlik edir;

-bütövlükdə Partiyanın və onun ayrı-ayrı struktur bölmələri və orqanlarının təşkilatı fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyi və bu Nizamnamə çərçivəsində qaydaya salan daxili aktları razılaşdırır;

-etibarnamələr verir, partiya adından əlaqələr qurur, səlahiyyətləri çərçivəsində Partiyanın əmlak və vəsaitləri üzərində sərəncam verir, işçiləri işə götürür, işdən azad edir, qanunvericiliklə ona verilmiş digər hüquq və vəzifələri daşıyır;

-Partiyanın qarşısında duran məqsəd və vəzifələri daha effektiv yerinə yetirə bilmək üçün müvafiq fəaliyyəti həyata keçirir;

-Partiyanın Siyasi Şurasının, Tətfiş komissiyasının növbədənkənar iclaslarını çağırır.

6.3. Siyasi Şura Partiyanın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. Siyasi Şura Qurultay tərəfindən beş illik müddətə seçilir və onun say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. 

Siyasi Şura:

- Partiya Sədrinin müavinlərini, Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyasının sədrini və üzvlərini, Partiyanın digər komissiya və komitələrinin (digər orqanlarının) rəhbərləri və üzvlərini vəzifəyə təyin edir və vəzifədən azad edir.

- Partiyanın struktur bölmələrinin rəhbərlərini təyin edir və onların

fəaliyyətinə nəzarəti həyata keçirir;

- bu Nizamnaməyə uyğun olaraq Partiyanın rayon, şəhər və ilkin şöbələrinin yaradılması, yenidən təşkil olunması, ləğv edilməsi haqqında qərarlar qəbul edir (mütləq surətdə eyni zamanda yenidən təşkil olunan, ləğv edilən rayon şöbələrində uçotda olan şəxslərin Partiyada üzvlük məsələsinə baxılmaqla).

- bu Nizamnamə ilə nəzərdə tutulmuş hallarda rayon, şəhər və ilkin şöbələri (bundan sonra həm də yerli şöbələri) sədrlərinin səlahiyyətlərinə vaxtından qabaq xitam verilməsi haqqında qərarlar qəbul edir (qərar Siyasi Şura üzvlərinin 2/3 səs çoxluğu ilə qəbul olunur). Qərar səlahiyyətlərinə xitam verilməsi məsələsi baxılan şəxs öncədən Siyasi Şuranın iclasına dəvət olunduğu halda qəbul edilə bilər.

- növbəti və növbədənkənar qurultayları çağırır və onlarda Partiyanın yerli şöbələrinin təmsilçilik normasını müəyyən edir;

- fəaliyyəti barədə Qurultay qarşısında hesabat verir;

- Partiya nümayəndələrinin Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində iştirakı barədə qərar qəbul edir;

- Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası

Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri zamanı Partiyadan namizədlər irəli sürür;

- üzvlük biletinin formasını müəyyən edir;

- üzvlük haqlarının ödəniməsinin qayda və məbləğini müəyyən edir;

- ölkənin və ya ayrı-ayrı bölgələrin ictimai-siyasi həyatının mühüm

məsələləri barədə Partiyanın mövqeyini əks etdirən bəyanatlar qəbul edir;

- dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, siyasi

partiyalar, ictimai birliklərlə qarşılıqlı əlaqə qurur;

- Partiyanın başqa siyasi partiyalar və digər ictimai birliklərlə ittifaq, birlik

qurması barədə qərar qəbul edir;

- Partiyanın media orqanlarının təsis edilməsi barədə qərar qəbul edir;

- Partiyanın əmlakının idarə edilməsi üzrə qərarlar qəbul edir;

- Partiyanın aşağı orqanlarını buraxa (ləğv edə) bilir, onların qəbul etdiyi

qərarlar bu nizamnaməyə və qanunvericiliyə uyğun olmadıqda onları ləğv edir;

- yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilən zaman rayon (eləcə də şəhər və ilkin) şöbələrinə namizədlər irəli sürməyə razılıq verir.

- Qurultayın müstəsna səlahiyyətlərinə daxil olmayan Partiya fəaliyyətinin 

digər məsələləri barədə qərarlar qəbul edir.

6.4. Bir qayda olaraq Siyasi Şuranın iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. Siyasi Şuranın növbədənkənar iclasları Siyasi Şura sədrinin qərarı, Siyasi Şura üzvlərin azı 1/3 hissəsinin müraciəti ilə keçirilə bilər. Komissiya, komitə, Partiyanın digər orqanlarının rəhbərləri Siyasi Şuranın iclaslarında məşvərətçi səslə iştirak edə bilər.

Siyasi Şura üzvlərinin yarıdan çoxunun iştirak etdiyi iclaslar səlahiyyətli sayılır.

Əgər bu Nizamnamə və Siyasi Şuranın Reqlamentində fərqli müddəalar nəzərdə tutulmayıbsa, onda Siyasi Şurada qərarlar iclasda iştirak edənlərin adi səs çoxluğu ilə qəbul edilir.

Partiyanın nəzarət-təftiş orqanı Qurultay tərəfindən beş illik müddətə seçilən Təftiş komissiyasıdır. Təftiş komissiyasının say tərkibi Qurultay tərəfindən müəyyənləşdirilir. Təftiş komissiyası özünün ilk iclasında öz tərkibindən sədr və katibi seçir. Təftiş komissiyasının iclasları 6 ayda bir dəfədən az olmayaraq keçirilir. Təftiş komissiyasının növbədənkənar iclasları Partiya Sədrinin, Siyasi Şuranın və Təftiş komissiyası üzvlərinin azı üçdə birinin tələbi ilə keçirilir.

Təftiş komissiyasının iclaslarını Komissiyanın sədri və ya onun göstərişi ilə Təftiş komissiyasının üzvlərindən biri aparır.

Üzvlərin ümumi sayından yarıdan çoxu iştirak etdikdə Təftiş komissiyasının iclası səlahiyyətli sayılır. Təftiş komissiyasının qərarları iclasda iştirak edən Komissiya üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir.

Təftiş komissiyası:

- öz Reqlamentini qəbul edir;

- Partiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;

- hər il Partiyanın maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;

- təftişin nəticələri barədə Siyasi Şuraya məruzə edir;

- Qurultay qarşısında öz işi barəsində hesabat verir.

Təftiş komissiyası ehtiyac olduğu anda öz fəaliyyətinə mütəxəssisləri cəlb

etmək hüququna malikdir.

        Təftiş komissiyasının sədri və üzvləri Partiyada digər vəzifə, həmçinin Partiya aparatında vəzifə tuta bilməzlər.

6.5. Siyası Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyası:

Siyasi Şuranın partiyadaxili mübahisələrin həll edilməsi üzrə komissiyası (bundan sonra – Komissiya) Sədrdən və Komissiya üzvlərindən ibarətdir.

Komissiyanın sədri və üzvləri Siyasi Şura tərəfindən Siyasi Şuranın səlahiyyət müddəti dövrü üçün təyin edilirlər.

Komissiyanın sədri və üzvləri Partiyada digər vəzifəni, həmçinin Partiya aparatında vəzifə tuta bilməzlər. Komissiya Partiya üzvlərinin, həmçinin Partiyaya üzv olmaq istəyən şəxslərin müraciətləri əsasında Partiyadan xaric edilmə, Partiya üzvlüyünə qəbul edilmədən imtina məsələlərinin qanuniliyini araşdırır.


VII. Partiyanın strukturu  


7.1. Partiyanın strukturunu Partiyanın rayon, şəhər və ilkin şöbələri təşkil edirlər.

Rayon və şəhər şöbələri Siyasi Şuranın qərarı ilə təsis olunur və onların səlahiyyətləri, təşkilatı strukturu, eləcə də orqanlarının təşkili, qərarların qəbulu və səlahiyyət müddəti ilə bağlı məsələləri Siyasi Şura tərəfindən qəbul olunmuş yerli təşkilatlar barədə Əsasnamə (bundan sonra – Əsasnamə) ilə tənzimlənir.

İlkin şöbələr Partiyanın ən azı 3 üzvü tərəfindən Azərbaycanın hər hansı yaşayış məntəqəsində (qəsəbə, kənd və s.)yaradıla bilər.

Rayon, şəhər və ilkin şöbələr Partiyanın Siyasi Şurası tərəfindən qeydiyyata alınırlar.

Rayon, şəhər və ilkin şöbələr Partiyanın yuxarı orqanlarının işində Qurultay və ya Konfranslara nümayəndə göndərmək, təkliflər, sənəd layihələri və digər materiallar vermək yolu ilə iştirak edirlər.

Rayon, şəhər və ilkin şöbələr Nizamnamə və müvafiq Əsasnaməyə əsasən öz üzvlərindən proporsional qaydada nəzarət-təftiş komissiyasını yarada bilərlər.

Rayon, şəhər və ilkin şöbələr öz fəaliyyətlərini Azərbaycan Respublikası qanunvericiliyi, bu Nizamnamə, Partiyanın rəhbər orqanlarının qərarları və Əsasnamə əsasında qururlar. Rayon, şəhər və ilkin şöbələrin özləri üçün ayrıca Nizamnamə qəbul etmək hüquqları yoxdur.

Rayon, şəhər və ilkin şöbələr Azərbaycan Respublikasının qanunvericiliyinə, Partiyanın Nizamnamə, Proqram və əsasnamələrinə zidd olan fəaliyyət həyata keçirdikdə Siyasi Şura Mərkəzi Nəzarət Təftiş Komissiyasının rəyi əsasında həmin şöbələrin fəaliyyətini dayandırır, onları buraxır, yenidən təşkil edir, qərarlarının bu Nizamnamə və qanunvericilik aktlarına uyğunluğunu yoxlayır, Nizamnaməyə və qanunvericiliyə zidd olan qərarlarını ləğv edir.

Partiyanın rayon, şəhər və ilkin şöbələrlə münasibətləri bu Nizamnamə, eləcə də Siyasi Şuranın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.                                                

Partiya ləğv olunduğu halda partiyanın rayon, şəhər və ilkin şöbələri, digər struktur bölmələri də ləğv edilirlər.


VIII. Partiyanın fəaliyyətinin maddi təminatı və əmlak məsələləri


8.1. Siyasi partiyanın fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşir:

- üzvlük haqqı;

- ianə;

- dövlət maliyyə yardımı;

- Qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyətdən əldə edilən gəlir;

- mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait;

- hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak;

- qanunla qadağan olunmayan digər gəlirlər.

8.2. Siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:


- Qanunvericilikdə nəzərdə tutulmuş hal istisna olmaqla, dövlət orqanları (qurumları);

- yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;

- -digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;

- beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;

- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

- yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;

- adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.

8.3. Üzvün partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.

8.4. Partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar, müharibə əlil və veteranları, şəhid ailələrinin üzvləri, tələbələr  və digər sosial müdafiəyə ehtiyacı olan şəxslər) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.

8.5. Partiyanın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri üzvləri arasında bölüşdürülmür və yalnız nizamnaməsi ilə müəyyən edilmiş məqsədlər üçün istifadə edilir.

8.6. Partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır.

8.7. Partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir.

8.8. Partiyanın mülkiyyətində onun fəaliyyətini təmin etmək üçün vacib olan

qanunla icazə verilən istənilən əmlak ola bilər.

8.9. Partiyanın, o cümlədən onun yerli şöbələri və digər struktur bölmələrinin əmlakının mülkiyyətçisi bütövlükdə Partiyadır. Partiya üzvlərinin Partiyanın əmlakı üzərində hüquqları yoxdur.

Partiyanın əmlakı yalnız bu Nizamnamədən və Partiyanın Proqramından irəli gələn məqsəd və vəzifələrin həyata keçirilməsi üçün istifadə edilir.


IX. Partiyanın Nizamnaməsi və Proqramı


 9.1. Partiyanın hər bir şəxsin tanış olmaq imkanı olan Nizamnaməsi və Proqramı təsis yığıncağında qəbul edilir. 

9.2. Dövlət qeydiyyatına alındıqdan sonra partiyanın Nizamnamə və Proqramında dəyişikliklərin edilməsi, həmçinin yeni proqramın qəbul edilməsi səlahiyyəti qurultaya və ya qurultayarası kollegial idarəetmə orqanına (Siyasi Şuraya) verilə bilər.

9.3. Partiya dövlət qeydiyyatına alındıqdan sonra Nizamnaməsində və Proqramında edilmiş dəyişikliklər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.



X. Partiyanın fəaliyyətinin dayandırılması


10.1. Partiyanın fəaliyyəti Qurultayın qeydə alınmış nümayəndələrinin 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı və yaxud Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmənin qərarı ilə dayandırıla bilər.

10.2. Partiya Qurultayın qeydə alınmış nümayəndələrinin 2/3 səs çoxluğu ilə yenidən təşkil edilə bilər.

10.3. Partiyanın fəaliyyətinin dayandırılması və yaxud onun yenidən təşkil edilməsi zamanı AR qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumlarına məlumat verilir. 

10.4. Partiyanın fəaliyyəti dayandırıldığı zaman onun əmlakı zəruri hesablaşmalardan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada nizamnamə və proqram məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

10.5. Partiyanın əmlakı onun rəhbər orqanları və ya onun üzvləri arasında bölüşdürülə bilməz. 

10.6. Partiyanın ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.


XI. Digər şərtlər


11.1. Partiyanın fəaliyyəti ilə əlaqədar olan, lakin bu nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

11.2. Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Nizamnaməyə dəyişikliklər və əlavələr qurultayda iştirak edən nümayəndələrin üçdə iki hissəsinin səs çoxluğu ilə qəbul edilir.

11.3.Gələcəkdə bu Nizamnamənin hər hansı müddəası qanunvericiklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.


  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə