“Hər
bir azərbaycanlını Xocalı soyqırımı ilə bağlı cinayətkarlar, qadın və uşaq
qatillərinin ədalət məhkəməsinə çəkilməsi barədə məsələ çox ciddi
maraqlandırır. Biz bu istiqamətdə böyük işlər görməliyik.”
Bu
sözləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli Məclisin
bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib. Ermənistanın
artıq öz müstəqilliyini tamamilə itirdiyini qeyd edən deputat, Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları Rusiya ilə aparmağın
daha doğru olacağını qeyd edib. “Son
hadisələr göstərir ki, Ermənistanın strateji iqtisadiyyatı, enerjisi,
nəqliyyatı və s. Rusiya tərəfindən özəlləşdirilib. Bundan başqa Rusiya və
Ermənistan qoşunlarının birləşmiş qrupunun, hava hücumundan birgə müdafiə
qüvvələrinin yaradılması haqqında sazişlər artıq Duma tərəfindən təsdiqlənib.
Ermənistanın silahlı qüvvələri Rusiyanın tərkibinə keçib. Bu onu göstərir ki,
Ermənistan müstəqil dövlət deyil, Rusiyanın hansısa bir hərbi əyalətidir. Belə
olan halda, biz nə üçün danışıqları uzadırıq? Onsuz da artıq Ermənistan heç
imitasiya da etmir, danışıqları tam pozur. Ermənistan müstəqil dövlət
olmadığına görə, biz danışıqları onun sahibi ilə aparmalıyıq. Bu əyalətin
rəhbərliyi Rusiyadır və mənə elə gəlir ki, Minsk qrupu vasitəçiliyi
Azərbaycanla Rusiya arasında etməlidir.” – deyə Asim Mollazadə bildirib. Millət
vəkili Xocalı soyqırımı ilə bağlı atılacaq addımlara toxunarkən deyib:
“Azərbaycanın Rusiya ilə hüquqi sahədə əməkdaşlıq barədə sazişi var. Bu sazişə
əsasən Azərbaycanın hərbi prokurorluğunun siyahısında olan və Rusiya ərazisində
yaşayan 366-cı alayın cinayətkarları Azərbaycana təhvil verilməlidir. Biz tələb
etməliyik ki, uşaq qatilləri Azərbaycanda ədalət məhkəməsinə çəkilsin.
Azərbaycan xarici hakimlərin dəvəti ilə məhkəmə təşkil etməlidir. Bu məhkəmənin
qərarının beynəlxalq hüquqi əsasının olması üçün o qərarı məhz xarici hakimlər
çıxarmalıdır. Əgər Rusiya bu sazişdən irəli gələn zəruri addımları atmasa, biz
bu sazişi tam pozulmuş hesab etməliyik.”
|