“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadəni “Təhsilin dostu” mükafatı ilə təltif edib. Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mükafatın təqdimat mərasimində kampaniyanın rəhbəri Rəşad Bayramov qeyd edib ki, “Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində atılan hər bir addım, deyilən hər bir söz təhsilimizin inkişafına xıdmət edir. Odur ki, biz təhsilimizə xidmət edən və onun dostu olan Asim Mollazadəyə təşəkkürümüzü bildiririk”. Asim Mollazadə isə öz növbəsində deyib: “Azərbaycan gəncləri öz təhsilləri ilə dünyada rəqabətə davamlı, müasir vətəndaş kimi yetişməlidirlər. Azərbaycanın gələcəyi peşəkar kadrların fəaliyyətləri ilə formalaşmalıdır. Azərbaycan təhsili həm gənclərimizin, həm gələcəyi düşünən hər kəsin təşəbbüsləri ilə inkişaf edəcək. Təhsil məsuliyyətli vətəndaşın dövlətinə və vətəninə töhvələr verməsi üçün ən böyük vasitədir.” Təqdimat mərasimində sözügedən kampaniyanı təmsil edən gənclər iştirak edib. A. Mollazadə onları maraqlandıran suallara cavab verib.
|