Partiya  “Trampın komandası bütün problemlərin həllinə qadir olacaq”-

Asim Mollazadə: “Yanvardan sonra ABŞ siyasətində müəyyən siyasi aksentlərin dəyişdiyini görəcəyik”



ABŞ-ın hazırkı rəhbəri Barak Obama yeni seçilən Prezident Donald Trampa Ağ Evi "ailə şirkəti kimi” idarə etməməsi barədə xəbərdarlıq edib. Obama vurğulayıb ki, Tramp dövlət qurumlarının fəaliyyətinə hörmətlə yanaşmalıdır: "Andiçmədən sonra dünyanın ən böyük quruluşlarından birinin rəhbəri olacaq. Dünya birjaları və sərmayəçilər, dünyanın hər yerində insanlar Trampın dediklərini ciddi qəbul edəcəklər”.

Amerikanın hazırkı dövlət katibi Con Kerri də yeni seçilmiş prezident Donald Trampın tvitterdəki səhifəsini beynəlxalq siyasət məsələləri üzrə yaxşı kommunikasiya vasitəsi saymadığını deyib. Trampın Rusiya və Tayvan barədə tvitlərini şərh edən Kerri beynəlxalq siyasət barədə tvitterdə bəyanat verməyin doğru olmadığını söyləyib. Xatırladaq ki, Donald Tramp Rusiya ilə bağlı maraqlı mesajlar verib. Tramp tvitter səhifəsində dünyada yetərincə problemin olduğunu diqqətə çatdıraraq bildirib ki, onun prezidentlik fəaliyyəti dövründə Rusiya ABŞ-a daha çox sayğı göstərəcək və iki ölkə bir sıra problemlərin həllinə birgə çalışacaq: "Sadəcə axmaq insanlar Rusiya ilə yaxşı münasibət qurmağın pis olduğunu düşünə bilər”. Məlumat üçün deyək ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq. ABŞ-dakı siyasi gərginliklə bağlı "Şərq”in suallarını cavablandıran millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Amerikada hakimiyyət uğrunda mübarizə aparan partiyaların öz maraqları var...

- Obama və onun komandasının son günlərdə Trampı ciddi tənqid etməyə başlamasının səbəbləri nədir?

- Bilirsiz, prezident seçkilərində ağır məğlubiyyətə uğrayan Demokratlar Partiyası müəyyən qədər emosional gərginlik yaratmağa çalışır. Şübhəsiz ki, Trampa qarşı səsləndirilən ifadələrin arxasında Demokratların seçki məyusluğu dayanır. Yanvar ayının 20-dən sonra ABŞ-ın yeni rəhbəri öz fəaliyyətinə başlayacaq. İcraedici hakimiyyətlə yanaşı, Senat və Konqresdə də çoxluq Respublikaçılar Partiyasında olacaq. Güman edirəm ki, andiçmə mərasimindən sonra ABŞ siyasətində müəyyən siyasi aksentlərin dəyişdiyini görəcəyik. Ona görə də hakimiyyəti tərk etmək üzrə olan və ciddi məyusluq yaşayan Demokratların öz hisslərini cilovlaya bilməməsini bir qədər normal qarşılamaq lazımdır.

- Hər zaman tvitləri ilə gündəmə gələn Con Kerrinin yeni Prezident Donald Trampı sosial şəbəkə aludəçisi olmaqda ittiham etməsi və onun fikirlərini bəyənməməsi nə dərəcədə normaldır?

- Con Kerrinin və onun təmsil etdiyi komandanın apardığı siyasətin acı nəticələrini hamımız gördük. Onların uğursuz nəticələrinin tamamilə aradan qaldırılması üçün Tramp hökuməti hələ xeyli çalışmalıdır. İddialara baxmayaraq, mənə elə gəlir ki, yeni siyasi komanda bütün problemlərin həllinə qadir olacaq.

- Sadəcə siyasətçilər deyil, tanınmış müğənnilər, aktyorlar da Tramp hökumətinə etiraz edirlər. Yeni Prezidentə qarşı nifrətin təməlində nə durur?

- Bunların da arxasında mənasız emosiyalar dayanır. Eyni zamanda Trampa etirazını bildirənlərin başında Amerikanın sosialist qüvvələri durur və onlar hər fürsətdə yeni prezidenti tənqid edirlər.

- Trampın Rusiya ilə bağlı fikirlərinə münasibətiniz necədir, sizcə, yeni dönəmdə ABŞ və Rusiya dostluğunun şahidi olacağıqmı?

- Əgər Rusiya gözlənilən müvafiq addımlar atarsa, Vaşinqton və Moskva arasında münasibətlərinin bərpası istiqamətində proseslər başlana bilər. Ən azı ABŞ-da hakimiyyətə gələn yeni komanda Rusiya ilə əlaqələri yenidən quracağını və daha düzgün təməl üzərində formalaşdıracağını bəyan edir. Bunun özü mühüm addımdır. Düşünürəm ki, Rusiya tərəfi bu cür açıqlamaları və mövqeyi nəzərə almalıdır və gözlənilən addımları atmalıdır. Çünki ABŞ-Rusiya arasında qarşılıqlı normal münasibətlər hər iki ölkənin maraqlarına uyğundur. Amma bu əlaqələr ikitərəfli olmalıdır. Birtərəfli yanaşma ilə münasibət qurmaq olmaz. İndi Tramp qapıların açıq olduğunu, müsbət münasibətlərin mümkün olduğunu ifadə edir. Qalır Rusiya tərəfinin mövqeyi.

- Rusiyanın Amerikadakı seçkilərə müdaxilə etməsi və Trampın seçilməsinə yardım göstərməsi məsələsi yenidən gündəmə gəlib. Sizcə, bu iddialar hansı dairələrdən yayılır?

- Həmin iddialar prezident seçkisində məğlub olmuş komandanın yaydığı məlumatlardır. Əgər deyilənlər doğrudursa, onda sual ortaya çıxır ki, bəs seçkiyə müdaxilə edilən zaman siz harada idiniz, hara baxırdınız? Hakimiyyətdə siz olmusuz və iddia edirsiz ki, hansısa xarici dövlət daxili seçki prosesinə müdaxilə edib. Belə çıxır ki, Demokratlar Amerikanı qoruya bilməyiblər. Bu cür iddialar öz-özlüyündə çox təəssüf doğuran etiraflardır.

- Hələlik gözləmə mövqeyində olan Tramp administrasiyasının Yaxın Şərq və Türkiyə siyasətində dəyişiklik gözlənilirmi?

- ABŞ-ın yeni prezidenti və Türkiyə rəhbərliyi iki dövlət arasında münasibətlərin normal istiqamətdə gedəcəyini bəyan ediblər. Hər iki ölkənin dövlət başçısı müttəfiq kimi qalmağa dəstək verəcəklərini bildiriblər. O baxımdan tərəflər arasında əlaqələrin normallaşacağını güman etmək olar. Amerika yeni dönəmdə Yaxın Şərq regionunda terrorla ciddi mübarizə aparmağa üstünlük verəcək və hazırda müşahidə olunan prosesin müsbətə doğru dəyişməsinə çalışacaq.

İsmayıl
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə