Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə həmkarı Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevlə birlikdə Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində keçirilən Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya federal parlamentinin deputatları, hər iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri və şəhər sakinləri iştirak ediblər. Azərbaycanın Avstraliyadakı fəxri konsullu Aydan Rzayeva tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Daha sonra tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi tarixindən, Xocalı soyqırımından bəhs edən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində çəkilən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən millət vəkili A.Mollazadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə danışıb. Millət vəkili faciə ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanınması məsələsinin Azərbaycanın daim diqqətində olduğunu və bu istiqamətdə görülmüş əməli tədbirlərin konkret nəticələr verdiyini söyləyib.
A.Mollazadə başqa xalqların diaspor təşkilatları ilə birlikdə Xocalı faciəsinin həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, hətta yəhudi diasporu hər il Holokost qurbanlarını anarkən Xocalı soyqırımında həlak olan vətəndaşlarımızı da anır.
|