Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı şəhidləri anılıb.
Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə
ölkə parlamentinin deputatları, o cümlədən Melburndan olan deputat Culian Hill,
parlamentlərarası dostluq qrupunun üzvləri, Melburnda yaşayan həmyerlilərimiz,
ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Tədbirdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik
İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olunub. Tədbirdə çıxış edən deputat A.Mollazadə Xocalı faciəsi haqqında söz
açaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə
tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya
ədalət" kampaniyasının tərkib hissəsidir. O qeyd edib ki, Xocalı
soyqırımını törədənlərə ədalətli cəza verilməsi üçün beynəlxalq hərbi tribunal
keçirilməlidir. Avstraliya hökümətinin sabiq naziri Alan Griffin Azərbaycanın dünyada və
regionda müstəsna rolunu xüsusilə vurğulayıb. Azərbaycana səfərini xatırlayan
A.Griffin ölkəmizin çox müasir, tolerant və multikultural dəyərlərə sahib
olduğunu qeyd edib. O bildirib ki,Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq
hüquq normaları əsasında həll olunmalı, bütün qaçqın və məcburi köçkünlər öz
doğma torpaqlarına qayıtmalıdır. Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı səfirliyinin təmsilçisi
Elcan Həbibzadə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək vurğulayıb
ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə Azərbaycan
ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. E.Həbibzadə tədbir
iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. O Avstraliya
tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verilən dəstəyə görə
təşəkkürünü bildirdi.
Tədbirdə həmçinin Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan
Rzayeva və bu ölkədə yaşayan həmyerlilərimiz çıxış edib.
|