“ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərindən müsbət nəsə gözləmirəm. Artıq 25 ildir ki, vasitəçilər Dağlıq Qarabağ münaqişəsinə düzgün yanaşma sərgiləmirlər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, vasitəçilər səfərləri zamanı Azərbaycanın işğal olunmuş əraziləri, Ermənistanın təcavüzünü müzakirə etmir, onlar təcavüzkara fərqli, beynəlxalq hüquq normalarından kənar baxış sərgiləyirlər: “Nəticədə də təcavüzkar danışıqlar prosesini pozur, uzun illərdir ki, beynəlxalq ictimaiyyəti və təşkilatları aldadır. Bu da təbii ki, beynəlxalq hüququn aliliyinə olan hörmətsizlikdir”.
A. Mollazadə söyləyib ki, həmsədrlərin münaqişəyə yanaşması o halda dəyişə bilər ki, onların ilk növbədə müzakirə məsələsi məhz Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması olsun:
“Çox təssüf ki, biz bu yanaşmanı hələ də görmürük. Bu baxımdan da həmsədrlərin Azərbaycana səfərindən heç bir nəticənin olacağını düşünmürəm. Bu dəfəki səfər də mənə diplomatik turizmi xatırladır”.
Həmsədrlərin regiona səfəri zamanı separataçılarla görüşünə toxunan deputat söyləyib ki, bunun özü vasitəçilərin fəaliyyətinin beynəlxalq hüquqa əsaslanmadığının bariz nümunəsidir.
İki həmsədr ölkə olan - ABŞ və Fransada hakimiyyət dəyişikliyinin vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmasına hər hansı bir təsirinə gəlincə A. Mollazadə qeyd edib ki, ABŞ-da seçkilərin nəticəsində Adminsitrasiyaya seçilən yeni şəxslərin erməni lobbisi ilə bilavasitə heç bir əlaqəsi yoxdur: “Bilirsiniz ki, bundan öncə ABŞ-ın sabiq dövlət katibi Con Kerri 907-ci düzəlişin müəllifi idi və onun Amerika Erməni Milli Komitəsi ilə sıx əlaqəsi var idi. Yeni Admistrasiyanın isə ermənilərdən heç bir asılılığı yoxdur. Fransaya gəlincə, orada da seçkilərdən öncə Emmanuel Makro dəfələrlə soyqırımından danışır, onun seçki zamanı Fransada zəngin və fəal olan erməni diasporaları ilə əlaqəsi var idi. Üçüncü həmsədr Rusiyadır ki, o da real olaraq Ermənistanın sahibidir. Hər kəs bilir ki, Ermənistan müstəqil dövlət deyil və Rusiyanın hərbi ərazisidir. Ermənistan silahlı qüvvələri artıq Rusiyanın tərkib hissəsidir, onların bütün iqtisadiyyatı da Rusiya tərəfindən özəlləşdirilib. Bu baxımdan düşünürəm ki, həmsədrlər insitutunda da ciddi dəyişikliklər olmalıdır. Yalnız bu halda, Dağlıq Qarabağ prosesi beynəlxalq hüquq çərçivəsində həll oluna bilər”.