"Azərbaycan- Polşa arasında əməkdaşlıq hər zaman çoxşahəli olub və bu gün də davam etməkdədir". Bunu SİA-ya açıqlamasında Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
İki ölkə arasında tarixi bağların olduğunu dilə gətirən deputat söyləyib ki, xalqlar arasında da münasibətlər dərin köklərə söykənir: "Xatırladım ki, hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda polyak icması yaşayıb, Polşanın öz müstəqilliyi uğrunda mübarizə mərkəzi də məhz Bakı şəhərində yerləşib.
Bundan başqa zamanında polyak arxitekturları Azərbaycana mühüm töhfələr veriblər. Hətta bununla bağlı Bakıda abidə də ucaldılıb. Paytaxtımızda gözəl binalar məhz polyaklar tərəfindən inşa edilib".
Müstəqillik qazandıqdan sonra da Polşanın hər zaman ölkəmizin yanında olduğunu deyən A. Mollazadə qeyd edib ki, ölkələr arasında münasibətlərdə qarşılıqlı maraq da öz əksini tapmaqdadır: "Azərbaycan-Polşa arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq var. Bilirsiniz ki, Polşada çox böyük neft terminalı inşa edilir və Azərbaycan Avropanın şimal-şərqini neftlə təmin etmək üçün məhz bu istiqamətdə öz ixracını həyata keçirir. Polşa ilə eyni zamanda böyük qaz, nəqliyyat layihələri istiqamətində qarşılıqlı maraqlarımız var. Həmçinin polşalı millət vəkilləri Avropa Parlamentində və ya Avropa Şurasında Azərbaycana qarşı informasiya müharibəsində də ölkəmizi dəstəkləyirlər. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin Polşaya səfəri ölkələr arasında olan yüksək münasibətlərə yeni nəfəs gətirməklə yanaşı, əməkdaşlıq imkanları daha da genişlənəcək. Düşünürəm ki, səfər Azərbaycanın həm Polşa, həm də ümumiyyətlə, Avropa Birliyi istiqamətində münasibətlərin güclənməsinə öz töhfəsini verə biləcək".