Ermənilər işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində “prezident seçkiləri” keçirməyə hazırlaşır. Ermənistan mətbuatının yaydığı məlumata görə, qondarma “seçkilər” iyulun ikinci yarısında, 19-29 iyul arasında keçiriləcək. “Seçilən” şəxs 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə rəhbərlik edəcək, ondan sonra isə qondarma rejiminin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək. “Prezidentliyə namizəd" olaraq Qarabağdakı separatçıların rəhbəri Bako Saakyanın namizədliyi irəli sürülüb. 
Ermənilərin Qarabağda seçki oyunu ilk dəfə deyil. Buna kimi də onlar müxtəlif vaxtlarda “parlament, prezident seçkiləri”, hətta “referendum”da keçiriblər. Amma bu “seçkilər” heç bir beynəlxalq qurum və ölkələr tərəfindən tanınmayıb. Beynəlxalq birlik tərəfindən verilən bəyanatlarda bu cür addımların hüquqi əsası olmadığı və “DQR”i müstəqil dövlət kimi tanımadıqları bəyan edilib. "Ermənistanın özbaşnalığının səbəbi ona qarşı hansısa cəzaların tətbiq edilməmisidir" Millət vəkili Asim Mollazadə hesab edir ki, ermənilər öz təxribatlarını heç vaxt dayandırmırlar və beynəlxalq təşkilatları aldatmaq üçün min oyundan çıxırlar. Onun sözlərinə görə, bu “seçkilərin” heç bir əhəmiyyəti yoxdr və hər hansı bir qurum, ölkə tərəfindən tanınmır: “Bu, onların daxili oyunlarıdır və öz sahibləri üçün bu oyunları oynanırlar”. 
Millət vəkili vurğulayıb ki, hər dəfə qondarma rejim “seçkilər” keçirdikdən sonra beynəlxalq təşkilatlar, xarici dövlətlər onun nəticələrini tanımadığını bəyan edirlər: “Amma buna baxmayaraq ermənilər öz bildiyini edir. Çünki əsas problem ondan ibarətdir ki, beynəlxalq təşkilatlar təcavüzkarın işğalına düzgün qiymət vermir. Ermənilər beynəlxalq hüquq normalarını, BMT-nin, ATƏT-in təməl sənədlərindən irəli gələn qərarları qəbul etmir. Ermənistanın bu siyasətinin, özbaşnalığının səbəbi ona qarşı hansısa cəzaların tətbiq edilməmisidir. Cəzasız qalanda isə cinayətlər təkrar olunur”. A.Mollzadə əlavə edib ki, bu kimi addımlar Ermənistanın öz işğalçı mövqeyində qaldığını göstərir və İrəvan bu mövqeyi davam etdirəcək:“Cəza olmayana qədər bu siyasət Ermənistan tərəfindən davam etdiriləcək. Ona görə də Qarabağa dair aparılan danışıqlardan, qarşıda nəzərdə tutulmuş xarici işlər nazirlərinin görüşündən heç nə gözləmirəm. Bu danışıqlar ancaq beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hiylələrdir”.....
|