Partiya  Yeni vəzifə: Putinin jesti, yoxsa bölgəyə protesti? – Şərh-

Xəzəryani ölkələr arasında çox yaxşı əməkdaşlıq var. Xəzərin sərhədlərini bölüşən ölkələr arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə Ramazan Abdulatipovun Rusiya prezidentinin Xəzəryanı ölkələrlə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilməsini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, Xəzər ölkələri arasında siyasi münasibətlərin, eləcə də ticarətin və iqtisadiyyatın inkişaf etdirilməsi çox müsbət haldır: “Rusiya bunda maraqlıdırsa, çox gözəl... Bu, prosesi bir qədər də irəliyə aparar. Əksər ölkələr də bu ideyanı dəstəkləyər. Yox, əgər bu təyinat ənənəvi layihələrin qarşısını almaq istiqamətində olacaqsa, şübhəsiz, Azərbaycan bunu xoş qarşılamayacaq”.

Asim Mollazadə hesab edir ki, yeni təyinatın məqsədi nəqliyyat və enerji dəhlizlərinin qarşısını almaq naminə edilibsə, bu, müsbət addım kimi qiymətləndirilə bilməz:

“Onsuz da Azərbaycanın Xəzər ölkələri ilə yaxşı iqtisadi əməkdaşlığı mövcuddur. Xüsusilə, Orta Asiya ölkələri ilə.

Rusiya bu əməkdaşlıqda iştirak etmək istəyirsə, onun tərəfi olmaq niyyətindədirsə, çoz gözəl. Yox, mövcud əməkdaşlığın qarşısını almaq, öz maraqlarını tətbiq etmək istəyirsə, bizim buna ehtiyacımız yoxdur”.

Asim Mollazdənin fikrincə, Ramazan Abdulatipov dünənin adamıdır: “Onun sadəcə bir sıra ölkələrlə tanışlığı var. Ancaq keçmiş elitanın nümayəndəsi olaraq özünü qoruyub saxlaya bilib. Ola bilər, Rusiyanın bu təyinatında Ramazan Abdulatipovun işlə təmin olunması məqsədi durur. Reallığı isə gələcək göstərəcək”.

Qeyd edək ki, Rusiya prezidenti Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovu özünün Xəzər regionu dövlətləri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib. Bu, yeni təsis edilmiş vəzifədir və Rusiyanın Xəzərdəki hərbi donanmasını gücləndirdiyi, Mahaçqalada yeni hərbi baza açmağa hazırlaşdığı bir vaxtda təsis edilir.


Müəllif: Cavad
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə