Rusiya istəsəydi çox asanlıqla Qarabağ münaqişəsini həll edə bilərdi
"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir”. Bunu Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib. Züqanov bildirib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur:
"Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”. Partiya sədrinin sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: "Bu, həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”.
Açıqlama ilə bağlı "Şərq”ə danışan millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Züqanovun sözlərinin heç bir əhəmiyyəti yoxdur. Deputat bildirib ki, onun dedikləri real vəziyyəti əhatə etmir:
"2017-ci ilədək münaqişənin həllində heç bir müsbət irəliləyiş olmayıb. Rusiya çox asanlıqla münaqişəni həll edə bilər. Lakin münaqişənin həllini istəsəydi, Ermənistana təzyiq edərdi. Ancaq o da məlumdur ki, Ermənistan müstəqil ölkə deyil və Rusiyanın hərbi bazasıdır. Rusiya siyasətçiləri ancaq boş və mənasız açıqlamalar verməklə məşğuldurlar.
Ona görə də 25 ildir heç bir nəticə əldə etmək mümkün olmayıb. Sadəcə danışıqların imitasiyasını yaradırlar”. A.Mollazadə Sarkisyanın "Rusiya yeni təklif irəli sürməyib” fikrinə də münasibət bildirib:
"Sarkisyanın sözləri ona dəlalət edir ki, Rusiyanın həqiqətən də münaqişənin həlli ilə bağlı heç bir planı, layihəsi yoxdur. Moskva Ermənistana birbaşa dəstək verir. Ermənilərin cəbhədə gərginliyi artırması və təxribatlara əl atması isə düşmən ölkənin sülhü istəmədiyi anlamına gəlir”. Partiya sədri son günlər güclənən İran-Ermənistan əməkdaşlığı barədə də danışıb: "Çox təəssüf ki, Ermənistana ən böyük dəstəyi İran verir. Özlərini islam ölkəsi adlandıran Tehran rejimi müsəlman "təəssübkeşliyi” çəkdiyini iddia etsə də, işğalçı və təcavüzkar Ermənisana yardım göstərməkdən çəkinmir”.
İsmayıl
|