“Avropa
Şurasının gündəmində müzakirə mövzusu Avropada artan ksenofobiya, islamofobiya
və antisemitizm idi. Lakin bunun əvəzinə Azərbaycanın müzakirəsi gündəmə gəldi”.
Bunu
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli
Məclisin bugünkü plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı
sözügedən qurum tərəfindən sanksiya tətbiq olunmasına münasibət bildirərkən
deyib. O
qeyd edib ki, son vaxtlar Səlib yürüşü ab-havası çox təhlükəli proses kimi Avropada
artmaqdadır. “Araşdırma
komissiyası yazır ki, Səməd Seyidovun bu proseslərdə günahı yoxdur, amma onu
cəzalandırmalıyıq. Mənə elə gəlir ki, bu, Səlib yürüşü ab-havasında olanlar düz
deyirlər, Səməd Seyidovun günahı var. Onun günahı ilk növbədə Türkiyənin
müdafiəsinə öz səsini ucaltmaqdan ibarətdir. Səməd Seyidovun günahı uşaq qatili
və hərbi cinayətkar Serj Sarqsyanın ifşası ilə bağlıdır. Çox maraqlıdır ki,
Sarqsyanı çox təm-təraqla Avropa Şurasına gətirənlər, korrupsiya sənədlərində
müzakirə olunmur” – deyən Mollazadənin fikrincə, bu, çox təhlükəli prosesdir. Deputat
AŞPA-da müzakirələr zamanı Britaniyalı millət vəkillərinin səsləndirdiyi fikrə
də diqqət çəkib: “Britaniyalı deputatlar bildirdilər ki, əslində Azərbaycanı
hədəf kimi seçmək ilk növbədə real korrupsiyanı gizlətməkdir. Çünki bütün bu
müzakirələr digər daha böyük korrupsiya prosesləri ilə bağlıdır”. Mollazadə
bu prosesin ciddi araşdırılmalı, Azərbaycan nümayəndə heyətinin bu istiqamətdə
öz işlərini gücləndirməli olduğunu da qeyd edib. Azərbaycana qarşı informasiya
müharibəsinin getdiyini vurğulayan deputat ölkəmizin hədəf seçildiyini deyib.
O, bunun səbəblərindən biri kimi bu il ilk demokratik respublikamızın 100
illiyinin qeyd edilməsi olduğunu bildirib. “Biz
əslində çox ciddi bir mifi dağıtdıq ki, demokratik dövlət anlayışı yalnız
qapalı xristian klubu anlayışından ibarət deyil. Azərbaycan Demokratik Cümhuriyyəti,
ondan sonra Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti bu mifləri dağıtdı. Ona
görə də Azərbaycanla Türkiyə səlib yürüşü təfəkküründə olanların hədəfindədir.
Biz öz dəyərlərimizi, Azərbaycanın bir
sıra Avropa dövlətlərindən daha əvvəl qadınlara seçib-seçilmək hüququ verdiyini,
çoxpartiyalı parlament ənənələrini Avropaya çatdırmalıyıq” – deyə Mollazadə
əlavə edib. O,
Milli Məclisi ölkəmizə qarşı informasiya müharibəsində fəal iştirak etməyə
çağırıb. Əlavə edib ki, biz Azərbaycanın təmsil olunduğu bütün təşkilatlarda mübarizəyə
hazırlaşmalı, səfərbər olmalıyıq.
|