Şəfa Tapdıq/AZADİNFORM. “ABŞ prezidenti Donald Tramp əvvəlcə Cümhuriyyətin 100 illiyi ilə bağlı təbrik məktubunda vacib məsələlərə toxundu və qarşıdakı ayların Qarabağ münaqişəsinin həllinə yeni imkanlar açdığını qeyd etdi. Prezident İlham Əliyev də Cənub Qaz Dəhlizinin açılışı zamanı ABŞ-a təşəkkür etdi. Daha sonra Trampdan ikinci məktub gəldi. Bütün bunlar ölkəmizlə ABŞ arasında olan strateji münasibətdən irəli gəlir”. Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Asim Mollazadə iki ölkə arasındakı əlaqə və perspektivlərdən danışarkən deyib. Bildirib ki, bu ölkələr arasında strateji tərəfdaşlıq var: “Bildiyiniz kimi, ABŞ Azərbaycanla təhlükəsizlik məsələsində ciddi əməkdaşlıq edir. Azərbaycan antiterror əməliyyatlarında ABŞ-a çox böyük dəstək göstərir. Bununla yanaşı, ABŞ Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir. Amerikada çox yaxşı anlayırlar ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Ona görə də ölkəmizin reallaşdırdığı enerji layihələri ABŞ-dan dəstək alır. Prezident İlham Əliyev də Cənub Qaz Dəhlizinin açılışı zamanı bu məsələyə toxundu”. Millət vəkili ABŞ-ın Qarabağ münaqişəsinin həlli məsələsindəki iştirak payından da danışıb: “Çox istərdik ki, ABŞ həmsədr dövlət olaraq, Qarabağ münaqişəsinin həllinə də dəstək olsun. Onlar başa düşürlər ki, Azərbaycana sülh lazımdır. Ölkəmizdə böyük layihələr reallaşır”.
|