“Azərbaycan Prezidentinin sentyabrın 1-də Rusiyaya səfər etməsi iki ölkə arasında mövcud münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Ölkəmizin hər zaman Rusiya ilə qonşuluq, tərəfdaşlıq siyasəti apardığını deyən deputat söyləyib ki, Azərbaycan ilə Rusiya enerji, nəqliyyat, ticarət, iqtisadiyyatın bir çox sahələrini əhatə edən əməkdaşlığa malikdir.
İki ölkə arasında bir sıra bir sıra sahələrdə əldə edilən razılaşmaları yüksək qiymətləndirən A. Mollazadə söyləyib ki, Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur:
“Bununla yanaşı Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Ermənistanın onun təsiri altında olduğunu nəzərə alsaq, Rusiya bu ölkəyə təsir imkanları nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində sülhə nail ola bilər. Bu, baxımdan Rusiyanın Dağlıq Qarabağ münaqişənin nizamlanmasında Rusiyanın səylərini davam etməsi Azərbaycan üçün mühüm məqamdır”.
Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfərini yüksək qiymətləndirən deputat qeyd edib ki, səfərdən sonra ölkələr arasında həm siyasi, həm humanitar, həm də elm, təhsil, mədəniyyət sahəsində də əməkdaşlıq daha da artacaq, qonşuluq tərəfdaşlıq münasibətləri yüksək səviyyədə davam edəcək.
Dövlət başçısının Rusiya səfərinin Ermənistanda böyük narahatçılığa səbəb olduğunu xüsusi vurğulayan A. Mollazadə deyib ki, düşmən ölkədə qeyri-müəyyən vəziyyət və Rusiya ilə problemlərin olduğu halda, Azərbaycanla-Rusiya arasında münasibətlərin daha da inkişaf etməsi onların daxili siyasi proseslərinə də təsirsiz ötüşmür: “ Çünki, düşmən ölkə bilir ki, Rusiya Ermənistanı hansısa sülh istiqamətində addım atmağa məcbur edə bilər”.