Bu gün V çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin 3-cü ili tamam olur. 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkiləri ölkəmizin demokratik inkişafının növbəti nümayişi oldu.
Seçicilər layiq bildikləri namizədləri dəstəkləyərək hazırki parlamentin formalaşmasına səs verdilər. Ötən 3 ilin mənzərəsi Milli Məclisin öz vəzifələrini uğurla həyata keçirdiyini göstərir.
Mövzu ilə bağlı qənaətlərini bölüşən Milli Məclisin deputatları bildirirlər ki, parlament son 3 illik fəaliyyəti ilə Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın tərəqqisinə, beynəlxalq imicinin yüksəlməsinə böyük töhfələr verib.....
.....Parlamentin son 3 illik fəaliyyəti çox zəngin olub
Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri:
- Azərbaycan Respublikası V çağırış Milli Məclisinin 3 illik fəaliyyətini yüksək qiymətləndirmək üçün kifayət qədər əsaslarımız var. Öncə onu qeyd etmək istərdim ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də ilk parlamentimizin yaradılmasının 100 illiyi həm ölkəmizdə, həm də azərbaycanlıların yaşadığı xarici ölkələrdə xüsusi tədbirlərlə qeyd olundu. Biz bununla da Azərbaycanın türk-müsəlman Şərqində oynadığı əvəzsiz tarixi rolu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdıq.
Bu gün bizim müstəqil dövlətimiz, milli qanunvericiliyimizin yaradılması, ölkənin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində çalışan, bunun üçün dünyanın ən təkmil qanunlarına istinad edən parlamentimiz var. Həmişə olduğu kimi, ötən üç il ərzində də Milli Məclis ölkə üçün çox vacib qanunları qəbul edib. Bu sırada dövlət üçün prioritet olan təhsil sahəsinin hüquqi bazasının yaradılması istiqamətində atılan addımları xatırlatmaq istəyirəm.
Son dövrlərə qədər təhsil sistemimiz sadəcə "Təhsil haqqında” çərçivə qanunu əsasında fəaliyyət göstərirdi. Lakin biz bu üç il ərzində "Məktəbəqədər təhsil haqqında”, "Peşə təhsili haqqında” qanunları qəbul etdik. Bu qanunlar olduqca vacib sənədlərdir. Eyni zamanda, son üç ildə "Təhsil haqqında” qanuna 60-dan çox zəruri dəyişikliklər edilib və 2 yeni maddə əlavə olunub. Bundan əlavə son dövrlərdə qəbul edilmiş "Əmək pensiyaları haqqında”, "İşsizlikdən sığorta haqqında” qanunlar da önəmli sənədlərdir.
Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından sonra Milli Məclis qanunvericiliyə bu sərəncamdan irəli gələn müvafiq dəyişiklikləri edib. Bu dövrdə Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllərin dekriminallaşdırılması, məcəlləyə "azadlığın məhdudlaşdırılması” cəzasının əlavə edilməsi və cəza siyasətinin humanistləşdirilməsi istiqamətində digər dəyişikliklərin qəbulu 3 illik fəaliyyətin nəticəsidir.
Bundan əlavə, ölkədə köklü iqtisadi islahatlara təkan verəcək sənədlərin, vergi sistemini tənzimləyən qanunların qəbulu, ölkədə qeyri-neft sektorunun inkişafına hədəflənmiş yol xəritələrinin, enerji layihələrinin şaxələndirilməsinə yönəlmiş normativ aktların, bir sıra digər önəmli sənədlərin ratifikasiyası da mühüm addımlardandır. Bu sırada regionumuz üçün çox vacib olan enerji, nəqliyyat layihələrinin, ölkənin müxtəlif sahələr üzrə infrastrukturunun genişləndirilməsinə, yenidən qurulmasına yönəlmiş sənədləri də qeyd etmək lazımdır.
26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı Milli Məclis qarşısında bir sıra öhdəliklər qoymuşdu. Bu öhdəliklər ölkə qanunvericiliyini yeni Konstitusiyanın tələblərinə uyğunlaşdırmaqdan ibarət idi. Milli Məclis bu öhdəlikləri yerinə yetirərək qanunlara müvafiq dəyişiklikləri həyata keçirməkdədir.
Son üç ildə Azərbaycan parlamentində beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr sahəsində də mühüm irəliləyişlər olub. Milli Məclisdə bir sıra xarici dövlətlərin parlamentləri ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu, deputatların xaricdəki həmkarları ilə müvafiq əlaqələr qurmasına, səmərəli əməkdaşlıq və dostluq münasibətləri saxlamasına imkan verib. Məhz bu isti münasibətlər sayəsində biz bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı Azərbaycanın mənafeyinə uyğun sənədlərin qəbul edilməsinə nail olmuşuq. Xaricdəki həmkarlarımızın dəstəyi ilə Azərbaycan həqiqətlərini onların ölkələrinin ictimaiyyətinə çatdıra bilmişik.
Bu dövr yerli və xarici parlamentarilərin qarşılıqlı səfərləri ilə də yadda qalıb. Eyni zamanda, Milli Məclis çoxsaylı mühüm xarici qonaqları, dünya siyasətində önəmli rol oynayan şəxsiyyətləri, bir sıra dövlət və hökumət başçılarını qəbul edib. Onlarla faydalı fikir mübadiləsi aparılıb.
Bir sözlə, Milli Məclisin son 3 illik fəaliyyəti çox zəngin olub və qarşıdakı 2 il ərzində də bu templə öz işini davam etdirəcəyinə şübhə yoxdur......
"Azərbaycan”