“Avropa
ölkələrində əhalinin 60-70 faizinin yaşı 50-dən artıqdır. Azərbaycan əhalisinin
isə böyük əksəriyyəti gənclərdir. Məhz bu Azərbaycana imkan verir ki, biz
dövlət başçısının ifadə etdiyi strategiyanı əsas götürərək, “qara qızılı”
“insan qızılı”na çevirək. Belə etsək, Azərbaycan dövləti çox güclənər”. Bu
fikirləri Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri
Asim Mollazadə parlamentdə keçirilən "Azərbaycan Respublikasının 2019-cu
il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib. O, bu
səbəbdən də büdcədə Gənclər Fonduna ayrılan vəsaitin artımını müsbət
qiymətləndirib. Deputat deyib ki, gəncliyin kreativ, ağıllı, güclü və sağlam
olması üçün dövlət tərəfindən müvafiq işlə görülür. Lakin bu istiqamətdə
ayrılan vəsaitlərin səmərəli olması üçün ölkədə təhsil və səhiyyə sisteminin
təxirəsalınmaz islahatları həyata keçirilməlidir. “İcbarı
tibbi sığorta ilə bağlı pilot layihələr göstərir ki, biz sovet səhiyyə
sisteminin imitasiyasından real müasir səhiyyə sisteminin formalaşmasına
keçməliyik. Əks halda biz gəncliyimizi sağlam yetişdirə bilməyəcəyik, dövlət
tərəfindən ayrılan vəsaitlər nə təhsil, nə də səhiyyə sahəsində öz səmərəsini
verəcək” – deyə Mollazadə bildirib. Millət
vəkili büdcədə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib
ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bütün güc ölkənin ərazi
bütövlüyünün bərpasına səfərbər edilməlidir. Eyni zamanda Azərbaycan xaricdən
gələn təhlükələrə də hazır olmalıdır. “Təəssüf
ki, döyüş təkcə müharibə meydanında getmir. Azərbaycana qarşı olan cəbhə
bölgəsi demək olar ki, bütün dünyanı əhatə edir. Ölkəmizə qarşı informasiya
müharibəsi, xalqımıza qarşı böhtan kampaniyası aparılır. Silahlı qüvvələrin bu
istiqamətdə səfərbərliyi diplomatik sistemin bu çağırışlara və təhlükələrə
hazırlığı ilə müşayiət olunmalıdır. Lakin ölkəmizin diplomatik korpusunun
maliyyə imkanları məhdudlaşıb. Dünyanın bir sıra önəmli bölgələrində bizim
səfirliklərimiz bağlanıb. Mövcud diplomatik nümayəndəliklərimizdə isə bu
səfərbərlik ruhu görünmür” – deyən Mollazadə bu istiqamətdə müvafiq addımların
atılmasının vacibliyini bildirib. Millət
vəkili şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması zərurətinə
də toxunub: “Döyüşə gedən hər bir əsgər bilməlidir ki, o, yaralansa, şəhid
olsa, dövlət onun, ailəsinin arxasında duracaq. Dövlət başçısı hər zaman şəhid
ailələrinə, müharibə əlillərinə öz qayğı və diqqətini göstərib, bu istiqamətdə
çox işlər görülüb. Lakin son vaxtlar bəzi şəhid ailələri ilə bağlı yaranmış
problemlər tezliklə öz həllini tapmalıdır. Biz bütün dünyaya nümayiş
etdirməliyik ki, Azərbaycan dövləti öz əsgərinin və onun ailəsinin arxasında
durur”. Asim
Mollazadə qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də toxunub. “Azərbaycan
dünyaya göstərdi ki, 1 milyon qaçqına öz dəstəyini verə bilib. Qaçqın və
məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox iş
görülüb. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin işləri çox çətindir. Çünki köçkünlər bütün ölkəyə səpələnib və
onların problemlərini Komitənin balaca aparatı ilə həll etmək olmaz. Bu
Komitənin işlərini gücləndirmək üçün müvafiq vəsaitləri tapmaq lazımdır”-
deputat deyib. Mollazadə
həmçinin qeyd edib ki, gənclərin inkişafı üçün təkcə dövlətdən dəstək
gözləməməliyik. Bu işə iş adamları, sponsorlar cəlb edilməlidir. Bunun üçün
vergi sistemində müvafiq dəyişikliklər olmalıdır: “Elm, təhsil və mədəniyyət
sahəsinə töhfə verən hər bir iş adamına vergidə güzəşt edilməlidir. Bu yükü
dövlətin üzərindən götürməli, iqtisadi sahədəki iş adamlarını bu istiqamətdə
təşviq etmək üçün islahatları həyata keçirməliyik”.
Asim
Mollazadə çıxışında Azərbaycanda qadın hüquqlarına, məişət zorakılığı
sahəsindəki problemlərə də toxunub: “Azərbaycan xanımları tarixən islam və türk
dünyası xanımlarının lideri olub. Azərbaycan xanımına əl qaldıran mütləq
cəzalandırılmalıdır. Biz ölkədə elə bir mühit yaratmalıyıq ki, qadınlara qarşı
zorakılığın qarşısı alınsın. Qadınların təhsilinə diqqət yetirilməlidir. Erkən
nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək üçün biz həm dövlət,
həm də QHT-lərin fəaliyyətini gücləndirməliyik. Bu istiqamətdə Ombudsman
Aparatı da fəaliyyətini gücləndirməlidir. Biz Azərbaycan xanımlarının islam
dünyasında liderliyini qoruyub saxlaması üçün zəruri olan hər şeyi etməliyik”.
|