|
“Türkiyədəki son seçkilərdə iri şəhərlərdə hakim partiyanın nüfuzunun nisbətən aşağı olması iqtisadi problemlərin mövcudluğu ilə əlaqələndirilir”.
Bu barədə Modern.az-a deputat Asim Mollazadə danışıb. O qeyd edib ki, Türkiyə iqtisadiyyatında müşahidə edən geriləmə Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının yaratdığı “Cümhur İttifaqı”nın nüfuzuna təsir edib:
“Bununla yanaşı, ölkədə qaçqınların mövcudluğu da sosial-iqtisadi problemləri daha da dərinləşdirir. Nəticələrin hakim blokun xeyrinə olmamasının səbəbləri budur”.
Asim Mollazadə bundan sonrakı mərhələ haqqında fikirlərini də bölüşüb:
“Artıq iqtidar çalışmalıdır ki, iqtisadi-sosial problemlərin həlli istiqamətində müəyyən addımlar atsın. Həmçinin, Türkiyənin xarici siyasətinə də baxış mütləqdir”. Qeyd edək ki, Türkiyədə keçirilən növbəti bələdiyyə seçkilərinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) səsvermədə iştirak edən seçicilərin təxminən 45 faizinin etimadını qazanıb. Ölkənin siyasi kursunda önəmli yerlərdən birini tutan “Cümhur İttifaqı” blokunda Ədalət və İnkişaf Partiyası ilə birləşən müxalifətçi Milliyyətçi Hərəkat Partiyasının (MHP) göstəriciləri isə çox aşağı olub.
|