|
Son günlər Ermənistan hökumətinin İsraildə səfirlik açmaq istəməsi gündəmi zəbt edib. İsrail Xarici İşlər Nazirliyi rəsmi İrəvanın səfirliklə bağlı qərarını alqışladığını bildirib. Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, hələ də bu ölkədə səfirliyimiz yoxdur. Rəsmi Bakının bu addımı müxtəlif amillərlə izah olunur. Görəsən, Ermənistan Azərbaycanın strateji müttəfiqi olan İsraildə niyə məhz indiki dönəmdə səfirlik açmaq istəyir? Məsələ ilə bağlı Redaktor.az-a Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Asim Mollazadə danışıb. Millət vəkili hesab edir ki, Ermənistanın İsraildə öz səfirliyini açmaq istəməsində əsas məqsəd, bu ölkə ilə hərbi əməkdaşlığa başlamaqdır: “Amma bunun nəticəsi uğurlu olmayacaq. Digər tərəfdən real olaraq, Ermənistan səfirliyi İsraildə bir növ İran səfirliyi rolunu oynayacaq. Ermənistan nə qədər kiçik olsa da İranın ən böyük müttəfiqi, əməkdaşlıq etdiyi ölkədir. İşğalçı ölkə məhz kəşfiyyat xarakterli səfirlik açmaqla, İranın İsraildə maraqlarını təmsil edəcək. Əslində İranla bərabər Livanın da maraqlarını İsraildə Ermənistan ifadə edəcək. Yəni İranın İsraildə səfirliyi olmadığına görə, onların bütün kəşfiyyat xarakterli işləri Ermənistan vasitəsi ilə həyata keçiriləcək. Ermənistan bu ölkədə səfirlik açsa, İsrail tərəfindən onların fəaliyyəti diqqətlə müşahidə ediləcək”. Millət vəkili vurğulayıb ki, əslində Azərbaycanın İsraildə səfirlik açmasının vaxtı çatıb:
“Azərbaycan bu istiqamətdə çox təəssüf ki, ləngiyib. Ermənilər ona görə bu ölkədə səfirlik açır ki, orada Azərbaycanın səfirliyi yoxdur. Onlar boşluqdan istifadə edərək, öz təbliğatını aparmaq niyyətindədir. Bilavasitə bizim dostluq münasibətlərimizi pozmaq üçün Ermənistan İsraildə fəaliyyət göstərməyə hazırlaşır. Azərbaycan isə, İsraillə daha geniş əməkdaşlıq etmək üçün çoxdan öz səfirliyini açmalı idi”. A.Mollazadə qeyd edib ki, Paşinyanın Qərblə daha sıx münasibətlər qurmaq, Rusiyadan, İrandan uzaqlaşmaq istəyi aşkar hiss olunur: “Lakin Paşinyan çox tezliklə anlayacaq ki, nə Rusiya, nə də İran Ermənistana bu istiqamətdə addım atmağa imkan verəcək”..... Firuzə Vahid / REDAKTOR.AZ
|