|
"Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsveç Beynəlxalq Əlaqələr İnstitutunda Şərq Tərəfdaşlığı mövzusunda çıxış edirdi. Çıxışında Ramil Səfərov mövzusu, onun əfv edilməsi məsələsinə də toxunaraq, elə bir görüntü yaratmağa çalışırdı ki, sanki Ermənistan sülh carçısıdır və münaqişənin həll olunmamasının tək müqəssiri Azərbaycandır".
Sherg.az-ın məlumatına görə, bu barədə məlumatı siyasi fəal Bəxtiyar Hacıyev paylaşıb. O bildirib ki, tədbirdə iştirak edən deputat Asim Mollazadə Minsklə bağlı bir müzakirəyə zarafatla şərh verdi və “Minsk soyuducu istehsal edib, dondurulmuş konflikt verib” dedi və daha sonra erməni XİN-dən xüsusi ilə Xocalıda uşaqların, qadınların və mülki şəxslərin öldürülməsində birbaşa iştirak etmiş Köçəryanın beynəlxalq məsuliyyətə cəlb edilməsinə, məsələnin araşdırılmasına Ermənistanın hazır olub-olmaması barədə sual soruşdu.
“Mnatsakanyan bir az həşir salıb, hay-küylə Azərbaycan tərəfinin də müqəssir olduğunu bildirdi və sonda Azərbaycan tərəfinə xitabən “burada mələk kimi görünməyə çalışmaq lazım deyil” dedi. Sonra mən söz aldım, dedim ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə yaxından izləyirdik və bir çoxlarında müsbət gözləntilər vardı ki, Paşinyan hakimiyyəti Qarabağ mövzusunda konstruktiv, ağıllı davranacaq. Amma biz sizin Vaşinqtonda, Brüssüldə və digər Avropa paytaxtlarında çıxışlarınızla Ermənistandakı çıxışlarınızı dinləyəndə tam əks mənzərə görürük. Birtərəfli çıxış edirsiniz və buralarda sülhdən danışıb, Ermənistanda tam əks addımlar atırsınız”.
|