“Biz
nəzərə almalıyıq ki, Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın
inkişafının qarşısını kəsmək istəyən qüvvələr dünyada kifayət qədər güclüdür. Onların
qarşısını almaq üçün Azərbaycan müasir, güclü və demokratik bir dövlət
olmalıdır.
Bu
fikirləri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Milli
Məclisin bugünkü iclasında hakim partiyasının parlamentin buraxılması ilə bağlı
təşəbbüsünə münasibət bildirərkən deyib. O
qeyd edib ki, Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətinin
mövcudluğudur. Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının gələcəyini təmin
edən ən əsas amildir. “Ölkədə
çox ciddi islahatlar həyata keçirilir. Bu, bir tərəfdən yeni nəslin dövlət
idarəetməsinə dəvət edilməsi kimi qəbul olunmalıdır. Bununla yanaşı,
islahatlarda, ələxsus kadr islahatlarında Azərbaycanın yeni təfəkkürə, yüksək
səviyyəli təhsilə, bacarığa malik kadrlarına üstünlük verilməlidir. Yalnız belə
mütəxəssislər çoxşaxəli islahatları həyata keçirməyə qadir ola bilər”, - deyə
Asim Mollazadə bildirib. Onun
fikrincə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü Azərbaycan parlamentinin
ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün
çox önəmlidir. Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici
hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir. “Azərbaycan
xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi
təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament
qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil
sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək
istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm
qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir”, -
deyən DİP sədri parlamentin buraxılması barədə qərarın çox düzgün olduğunu qeyd
edib. “Bizim
partiya bu qərarı, islahatları dəstəkləyir, onların daha da dərin olmasını
arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik
bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik
xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü
artırmağa xidmət edəcək”, - deyə Asim Mollazadə əlavə edib.
|