|
Azərbaycana qarşı informasiya müharibəsini yaxşı təşkilatlanmış erməni diasporu aparır Azərbaycanın müstəqil siyasət aparması, Prezident İlham Əliyevin yalnız milli-dövlətçilik maraqlarına xidmət edən fəaliyyəti, nümayiş etdirdiyi siyasi iradə dostlarımızı sevindirməklə bərabər, düşmən Ermənistanı, həmçinin bu işğalçı dövlətin himayədarlarını bərk məyus edir. Məhz buna görə də dünyadakı erməni diasporu təsir altına saldığı siyasətçilər, diplomatlar, deputatlar vasitəsilə beynəlxalq təşkilatlara yol tapır, bu məkandan, buradakı tribunadan Azərbaycan əleyhinə yararlanmağa çalışırlar. Ermənipərəst dairələrin təsiri altında olan şəxslər vasitəsilə ölkəmiz əleyhinə qərəzli, qeyri obyektiv hesabatlar, məruzələr hazırlanır, beynəlxalq mediada ictimailəşdirilir. Onlar bu yolla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycan barədə qəbul edilən son iki qərəzli qətnamə də bu qəbildəndir. Söz və mətbuat azadlığının, demokratiyanın olmaması, "siyasi məhbus” probleminin mövcudluğu və sair ittihamlarla Azərbaycan üzərinə gələn həmin ermənipərəst dairələr ölkəmiz barədə qeyri-demokratik, inkişaf etməmiş dövlət təəssüratı yaratmaq istəyirlər. Demokratiya libasına bürünərək Avropa Şurası miqyasında Azərbaycanı hədəf seçən "siyasətçilər”, "diplomalar” nədənsə unudurlar ki, bu beynəlxalq qurumun üzvü olan Ermənistanın işğalçılıq siyasəti nəticəsində mötəbər qurumun digər bir üzvü Azərbaycanın 20 faizdən çox ərazisi zəbt edilib, azərbaycanlılara qarşı soyqırımı törədilib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu reallıqlar fonunda işğalçı dövlət indiyə qədər öz adı ilə çağırılmır. Lakin Azərbaycan, eləcə də Türkiyə kimi müstəqil siyasət aparan dövlətlər hədəfə alınır. Maraqlıdır, Azərbaycanda, Türkiyədə "siyasi məhbus” axtaranlar bilirmi ki, Ermənistanda sabiq prezident Robert Köçəryan həbs olunub, ölkəyə rəhbərlik etmiş baş nazir Serj Sarkisyan hazırda istintaq altındadır? Axı, hər kəsə bəllidir ki, Ermənistanda sabiq dövlət başçılarının həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, Nikol Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri qandallanır. Məgər avropalı ittihamçılar bilmirmi ki, "Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini və "Haynews.am” saytının kordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da Yerevanda "Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb? Bundan başqa, Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də "Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb və həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili də həbs edilib. 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb və buna oxşar digər faktlar mövcuddur. Ukraynada isə 2019-cu ilin mayında Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb. Görəsən digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur? Təəssüf ki, hətta Avropanın aparıcı ölkələrində də polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Sadalanan faktlar bir daha onu söyləməyə əsas verir ki, Avropa Şurasının qəbul etdiyi son iki qətnamə, bu mötəbər təşkilatın tribunasından Azərbaycan ünvanına səsləndirilən ittihamlar qərəzlidir, heç bir əsası yoxdur. Elə buna görədir ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasına üzv olduqları dövrdə Azərbaycan və Türkiyənin daim hədəf seçilməsi həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsi kimi dəyərləndirilib. Avropa Şurasında hökm sürən riyakarlıq və ikili standartların nəticəsidir ki, həmin qurumda deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir və hazırda dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Bu kimi səbəblər üzündən Azərbaycan xalqı da bu təşkilata olan ümidlərini itirib. Ölkəmizdə hər kəsə yaxşı bəllidir ki, Avropa Şurasında Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulub və yayılıb. Bununla da Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilib, odlar diyarında gedən müsbət proseslər qeydə alınmayıb...... ......Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bizimlə söhbətində bildirib ki, Azərbaycana qarşı informasiya müharibəsi gedir. Onun sözlərinə görə, bu informasiya müharibəsini Ermənistanı dəstəkləyən, Avropada fəaliyyət göstərən zəngin təşkilatlanmış erməni diasporu aparır və Azərbaycanın pis imicini yaratmağa çalışır: "Mən bu barədə öz mövqeyimi Avropa Şurasında çıxışım zamanı bildirmişəm. erməni diasporu Avropa siyasi mühitində mövcud olan korrupsiyadan istifadə edərək Azərbaycana təzyiqlər edir və informasiya müharibəsi aparır. Mən bunu öz çıxışımda ifadə etdim. Bildirdim ki, Avropa Şurasının belə bir hərəkətləri, beynəlxalq qurumda belə "standartların” mövcudluğu özü-özlüyündə bu təşkilatın imicinə çox böyük zərbə vurub, quruma olan inamı azaldıb. Bununla bağlı bir şeyi də xüsusi qeyd etmək istərdim. Ermənistanda Konstitusiya Məhkəməsi sədrinin evinə polis müdaxilə edir, işğalçı ölkənin zindanları siyasi məhbuslarla doludur. Lakin Avropa Şurası bunu görməzdən gələrək erməni diasporunun təhriki ilə Azərbaycana qarşı informasiya müharibəsi aparır. Avropa Şurasında ciddi dəyişikliklər olmalıdır ki, bu oyunlara son qoyulsun”...... Alpər TURAN
|