Demokratik İslahatlar
Partiyası və onun sədri, millət vəkili Asim Mollazadə yeni koronavirus
infeksiyasının ölkəmizdə sürətlə yayılması ilə bağlı xalqa müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Əziz həmvətənlər! Dünyada
böyük narahatlıqlara və dəyişikliklərə səbəb olan yeni koronavirus pandemiyası
məlum olduğu kimi ölkəmizi də ağuşuna alıb. Son günlər Azərbaycanda virusa
yoluxanların sayında sürətli artım müşahidə edilməkdədir. Buna paralel olaraq,
ölüm sayı da artmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın
açıqladığı gündəlik rəqəmlər ciddi narahatlıq doğurur. Məlumdur ki, hətta səhiyyə
büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl
texnologiyalara malik olan ən inkişaf etmiş ölkələr belə bu epidemiyanın
qarşısında aciz duruma düşüblər. Dünyanın ABŞ kimi superdövləti, inkişaf etmiş
Avropa ölkələri koronavirusla effektiv mübarizə apara bilmirlər. Hər gün
minlərlə insan pandemiyanın qurbanı olur. Adi laqeydlik, rəsmi
çağırışlara, mütəxəssislərin tövsiyələrinə əməl edilməməsi, pandemiyanın
ciddiyə alınmaması ölkəmizdə də qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.
Biz məsuliyyətli olmalı, özümüzü, doğma və yaxınlarımızı, ətrafımızı və
ümumilikdə içində yaşadığımız toplumu qorumalıyıq. Bizim adi səhlənkarlığımız,
çağırışlara məhəl qoymamağımız özümüzün və doğmalarımızın geri dönüşü olmayan
faciəsi ilə nəticələ bilər. Biz bu virusun ölümdən başqa gələcəkdə insan orqanizmində
hansı fəsadları yaradacağını bilmirik. Ona görə də ən pis ehtimallara hazır
olmalı, COVİD -19-la effektiv tibbi mübarizə üsulları, peyvəndlər, dərmanlar
icad olunana qədər özümüzü və ətrafımızı qorumalıyıq. Sizdən rəsmi çağırışlara,
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə riayət
etməyi, bu xəstəliyə laqeyd yanaşmamağı, sanitar-gigiyenik qaydalara əməl
etməyi, ciddi zərurət olmadıqca evdən çıxmamağı, adamların sıx toplaşdığı
yerlərdən uzaq durmağı, dövlətin koronavirusla mübarizə çərçivəsində gördüyü
tədbirlərə mane olmamağı xahiş edirik!
İnanmaq istəyirik ki,
xalqımız, dövlətimiz bu qlobal bəladan maksimum az itki ilə çıxacaq və öz
səyləri nəticəsində ona qalib gəlməyi bacaracaq!”
|