|
Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq edilmiş sərt karantin rejiminin mərhələli yumşaldılması koronavirusa yoluxmaların sayını kəskin artırıb. Restoranların, parkların, ticarət mərkəzlərinin fəaliyyətə başlaması, sosial məsafənin gözlənməməsi, maska taxmaq tövsiyəsinə məsuliyyətsiz yanaşma qorxunc vəziyyət yaradıb. Lakin bəzi vətəndaşlar sərt karantin rejiminin əleyhinə çıxırlar, maska taxmırlar, sosial təcrid qaydalarına riayət etmirlər. Hətta polisin maska taxmaq tələbinə əməl etməyib qarşıdurmaya gedən vətəndaşlar var ki, barəsində cinayət işi açılıb. Ancaq insanlar qəbul etmək istəmirlər ki, dövlətin atdığı bütün addımlar ona görədir ki, Azərbaycanda koronavirusa yoluxma artmasın, ölkə İtaliya, İspaniya, Fransanın vəziyyətinə düşməsin. Çox təəssüf ki, bunu görməzdən gələnlər olur, hökumətin pandemiya ilə mübarizədə verdiyi qərarlara şəxsi müstəvidən yanaşanlara rast gəlinir. Halbuki dövlətin qərarları yalnız bir hədəfə külüng vurur - koronavirusun Azərbaycandan tamamilə yox olub getməsi... Lakin görünür, bu məsələdə xalqın özünün də həmrəy olmasına, dəstək verməsinə, qoyulan qadağalara riayət etməsinə ciddi şəkildə ehtiyac var. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, vəziyyət təhlükəli səviyyəyə gəlib çatıb. Onun sözlərinə görə, karantinin yumşalması nəticəsində ehtiyatsız davranan bəzi vətəndaşlar vəziyyəti ağırlaşdırdılar: “Son günlərdə yoluxma həddindən artıq çoxalıb. Asim Mollazadə: “İnsanları məsuliyyətli olmağa çağırıram” İnsanlar karantinin yumşalmasından sonra nə maska, nə əlcək taxdılar, nə sosial məsafə saxladılar. O baxımdan sərt karantin rejiminə qayıtmağa ehtiyac var. Bu da vətəndaşlarımızın sağlamlığını qorumaq üçündür".
A.Mollazadə insanları məsuliyyətli olmağa çağırdı: “Xəstəlik sürətlə yayılır və yoluxma artır. Ona görə hesab edirəm ki, sərt addımlar atılmalıdır. İnsanlar məsuliyyətli davranmalı, sosial təcridə riayət etməli, özlərini və yaxınlarını qorumalıdırlar”..... Musavat.com
|