|
“Bunlar Avropanın bir sıra gözəl şəhərlərində görüşlər təşkil etmək, boş-boş danışıqlar aparmaqla məşğuldurlar” Azərbaycan Prezidenti İlham Əliyev ölkə telekanallarına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə toxunub. Ölkə başçısı Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini, beynəlxalq qurumların isə bu məsələdə susqun qaldığını açıqlayıb. Münaqişənin həllinin nizamlanması üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yetərli olmadığını bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi üçün ona qarşı təzyiq edilməlidir. Əks halda, nəticələr bölgə üçün təhlükə vəd edir. Prezident, işğalçı ölkənin sülhə gətirilməsi üçün Minsk Qrupuna mesaj da göndərib. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bir daha bəyan edən İlham Əliyev, “heç kim Aprel döyüşlərini unutmamalıdır”, - deyə müharibəyə işarə edib. Azərbaycan siyasiləri hesab edirlər ki, Ermənistanı sülhə məcbur etməyən və ya edə bilməyən Minsk Qrupu “papağını qarşısına qoyub” yaxşı-yaxşı düşünməlidir. Çünki, səbr tükənir və Cənubi Qafqaz bu gedişlə barıt çəlləyinə dönəcək. “Əks halda, Ermənistan ağır nəticələrlə üzləşməli olacaq” Milli Məclisin deputatı Asim Mollazadə Prezidentin məlum çıxışını AYNA-ya dəyərləndirərkən bildirib ki, Minsk Qrupu daxil, beynəlxalq qurumlar öz üzərinə düşən missiyanı həyata keçirə bilməyib. Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistana qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələri var, bir sıra beynəlxalq təşkilatların işğal faktı ilə bağlı qəbul etdiyi sənədlər var. “Lakin təcavüzkar Ermənistanı sülhə məcbur etmək istiqamətində hansısa işlər görülmür. Minsk Qrupu müəyyən qədər “siyasi turizm təşkilatı”na çevrilib. Avropanın bir sıra gözəl şəhərlərində görüşlər təşkil etmək, boş-boş danışıqlar aparmaqla məşğuldurlar. Təəssüf ki, danışıqların nə mahiyyəti var, nə konkret nəticəsi var, nə də ortada konkret iş var. Mənə elə gəlir ki, Minsk Qrupu bölgədəki gərginliyə məsuliyyət daşıyır”, - deputat deyib. Mollazadə xatırladıb ki, Ermənistan hərbiçiləri mütəmadi olaraq atəşkəs rejimini pozur, təxribat törədir, dinc əhaliyə qarşı silah işlədirlər: "Bu günlərdə Ermənistan silahlı terrorçularının gülləsi ilə ölən balaca Zəhranın ölümünün növbəti ildönümü idi. Beynəlxalq təşkilatlar görmür ki, ermənilər uşaq qatilidirlər? Niyə Ermənistana dinc əhaliyə qarşı silah işlədildiyi üçün təzyiq göstərilmir? Bu suallar açıq qalıb”. Millət vəkilinin qənaətincə, Prezident çıxışında Azərbaycan xalqının iradəsini ifadə edib: “Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazilərini işğaldan azad edəcək. Bu, Azərbaycanın haqqıdır. Prezidentin mesajı təkcə Minsk Qrupuna yox, bütün beynəlxalq təşkilatlaradır ki, beynəlxalq hüquqa hörmətsizlik çox pis nəticələr verə bilər. Artıq Azərbaycan xalqının səbri tükənib”. “Burada söhbət müharibədən yox, antiterror əməliyyatlarından gedir. Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidir ki, ermənilərin terrorçu fəaliyyəti, işğal olunmuş Azərbaycan ərazilərinə başqa ölkələrdən ermənilərin köçürülməsi kimi hallar çox pis nəticələr verə bilər. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti, təşkilatları xəbərdar edir ki, təcavüzkar sülhə məcbur edilməlidir. Əks halda, Ermənistan ağır nəticələrlə üzləşməli olacaq”, - deputat vurğulayıb.
A.Mollazadənin fikrincə, bütün dünya bilməlidir ki, Azərbaycan dövləti və xalqı müharibə istəmir, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyir: “Böyük beynəlxalq layihələrlə bağlı Azərbaycan hamını əməkdaşlığa dəvət edir. Pandemiya dövründə Azərbaycan bir çox iqtisadiyyatı zəif ölkələrə yardım əlini uzatdı, həmrəylik göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının sessiyası çağrılır, 130-dan çox ölkə bunu dəstəkləyir. Yəni ki, Azərbaycan sülhün tərəfdarıdır, barış istəyir. Amma Ermənistan öz anti-sülh mövqeyi və siyasəti ilə vəziyyəti gərginləşdirir. Bunun sonu Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir”.....
Ayna.az
|