|
Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində atəşkəsi pozması və təxribatı həm də informasiya provokasiyası ilə müşayiət olunur. Bu infomasiya təxribatı, şayiə xarakterli məlumatların tirajlanması indi daha geniş platformanı əhatə edir. Hazırda istər sosial media hesablarında, istərsə də bəzi elektron KİV-də sərhəddə baş verənlərlə bağlı qeyri-səhih informasiyalara, qızışdırıcı, tətikləyici dezinformasiyalara rast gəlmək olur, həm Ermənistan, həm Azərbaycanın itkiləri haqda doğru olmayan məlumatlar yayılır. Bu hallar ilk dəfə deyil. 2016-cı ildə aprel döyüşlərində də Azərbaycan informasiya provoksiyası ilə üz-üzə qalmışdı. Eynilə Tovuz ərazisində yaşanan atışmalar, vuruan məntəqələr barəsində dezinformasiyalar görmək olar. Erməni mediası saxta videolar, şəkillər yayır. Bundan başqa, sosial şəbəkələrin Azərbaycan seqmentində də xəbər burulğanı var. Hər kəs ağızdan-ağıza eşidilən söhbətləri yayır və doğru-dürüst olmayan məlumatlar sürətlə geniş kütlələrə çatır. Bu “feyk” xəbər, dezinformasiya axınının qarşısı necə alınmalıdır, dövlət orqanları hansı addımları atmalıdır? Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistandan fərqli olaraq Tovuz istiqamətində baş verənlər haqda həqiqətləri söyləyir. Asim Mollazadə: “Media qurumları və dövlət orqanları beynəlxalq təşkilatları, xarici medianı məlumatlandırmalıdır” Deputat hesab edir ki, qarşı tərəf döyüşlər zamanı aldıqların itkiləri gizlədir. A.Mollazadənin fikrincə, Ermənistan Rusiyanı öz müttəfiqi kimi münaqişəyə cəlb etmək istəyindədir: “Azərbaycan Ermənistana layiqli cavabını verməlidir. Mənə elə gəlir ki, media qurumları və dövlət orqanları da bu istiqamətdə beynəlxalq təşkilatları, xarici medianı məlumatlandırmalıdır, düşmən tərəfin beynəlxalq aləmə dezinformasiya yaymasına meydan verməməlidir. Çünki informasiya müharibəsi hərbi müharibədən heç də az əhəmiyyət kəsb etmir və Azərbaycanın dövlət qurumları, mediası fəal olmalıdırlar".....
Emil SALAMOĞLU, “Yeni Müsavat” https://musavat.com/news/doyus-zamani-yayilan-dezinformasiya-ve-sayieler-nece-durdurmali_717915.html
|