|
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğal faktını tanıyıb. Konqresin Qaydalar Komitəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal faktını tanıyan 296 saylı düzəliş qəbul edilib. Düzəlişdə qeyd olunub ki, ABŞ Dövlət Katibi Müdafiə naziri ilə birlikdə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan Respublikalarında məcburi köçkünlərin statusu barədə Konqresin müvafiq komitələrinə 180 gündən gec olmamaq şərtilə hesabat verməlidir.
Hesabata 1991-ci ildən bu yana xarici qüvvələr tərəfindən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş bölgələrindən məcburi köçürülən və qətlə yetirilən vətəndaşların sayı daxil edilməlidir.
ABŞ Konqresinin qəbul etdiyi sənədin çox müsbət hadisə olduğunu deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki nəhayət ABŞ yüz minlərlə azərbaycanlı qaçqının taleyi və humanitar faciəsi ilə maraqlandı. Parlament üzvünün fikrincə, bunun ardınca yeni bir sənəd olmalıdır:
“Təcavüzkarı sülhə məcbur etmək istiqamətində işlər görülməlidir. Eyni zamanda ermənilərə qarşı müvafiq sanksiyalar qəbul edilməlidir. Amerikada fəaliyyət göstərən erməni diasporu bilməlidir ki, Amerikanın milli təhlükəsizlik maraqlarına qarşı onların apardıqları korrupsiya fəaliyyəti heç bir kömək etməyəcək”.....
Sherq.az
|