|
Tovuz döyüşlərinin səngidiyi bir ərəfədə Türkiyə ordusu Azərbaycandadır. İki ölkə birgə hərbi təlimlər keçirir və 11 min türk hərbçi ölkəmizə təşrif buyurub. Artıq Türkiyə Hərbi Hava Qüvvələri 10-a yaxın F-16 qırıcısını “TurAz qartalı” təlimində iştirak etmək üçün Azərbaycana göndərib. Bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb. Qırıcıların artıq Bakıya çatdığı qeyd edilib. “Türk F-16-ları təlim müddətində Azərbaycan səmalarında qardaşa güvənc, düşmənə qorxu verəcək. ”TurAz qartalı" hava təlimi Ermənistanın hücumuna məruz qalan Tovuza yaxın olan Gəncə ilə yanaşı, Kürdəmir və Yevlaxda da icra ediləcək" - xəbərdə deyilib. Sözsüz ki, dünya bu məsələyə diqqətlə seyrçi mövqeyindədir və müxtəlif mülahizələr səslənməkdədir. Rusiya və İran tərəfi isə təmkinlidir, rəsmi mövqe bildirilməyib. Bəzi siyasi ekspertlər türk ordusunun Azərbaycanla birgə hərbi təlimlərini Ermənistana və Rusiyaya bir ismarış, türklərin Cənubi Qafqaza gəlişi kimi dəyərləndirənlər var. Çox maraqlıdır ki, təlimlər getdiyi zamanda Ermənistanın müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb. Görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib. Tonoyan səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib. Görəsən, bu, daha öncədən planlanan prosesdir, yoxsa, Tovuz döyüşündən sonra Türkiyənin və NATO-nun reaksiyasıdır? Nəzərə alaq ki, Türkiyə ordusu NATO ordusunun bir parçasıdır. Bəs bu hadisəyə İran və Rusiyanın maraqları, reaksiyası nə ola bilər? Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün ortaq maraqları var. Onun fikrincə, bu əməkdaşlıq dünyanın bir çox ölkələrini və NATO-nu maraqlandıran strateji layihədir. “Tovuz hadisələri göstərdi ki, Azərbaycanın strateji nöqtəsini işğal etmək istəyirdilər. Ona görə də təkcə bu hadisəyə görə deyil, ümumiyyətlə, Türkiyə Azərbaycanla strateji müttəfiqliyi sistemli formalaşdırır. Söhbət təhlükəsizliyə qarşı birgə xəttimizin olmasından gedir və məqsəd bölgədə əmin-amanlıq yaratmaqdır. Bu da təbii ki, təcavüzkar Ermənistanı və havadarlarını qıcıqlandırır”, - deyə deputat qeyd etdi. A.Mollazadə hesab edir ki, iki ölkə arasındakı əməkdaşlıq dünyanın bir çox ölkələri tərəfindən dəstəklənir və Tovuz döyüşləri bölgədə stabilliyə qarşı hansı qüvvənin olduğunu üzə çıxardı: “Rusiya və İran hərbi təlimlərə rəsmi münasibət bildirməməklə göstərmək istəyir ki, onlar heç də hər zaman Ermənistana dəstəkləmirlər. Mən gözləmirəm ki, Moskvadan və Tehrandan bəyanat olacaq. Çünki Türkiyə və Azərbaycanın birgə hərbi təlimləri beynəlxalq hüquq normalarına uyğun keçirilir”..... Emil SALAMOĞLU “Yeni Müsavat”
|