Ölkədə bütün xarici fondları qovub, sonra “xaricdən idarə olunan” inqilablardan danışmaq nə dərəcədə realdır...Belarusda prezident seçkilərinin nəticələrinə etirazlarda “xarici barmaq” axtarılır. Hazırkı prezident Aleksandr Lukaşenkonun fikrincə, mitinqlər kənardan idarə olunur. Halbuki Qərb faktoru müşahidə olunmur. Bu hadisələr 1994-cü ildən seçkilərdə özünü qalib elan edən Lukaşenko əleyhinə yeni nəslin etirazlarıdır. Onlar daha belə yaşamaq istəmirlər. Üstəlik, Belarusda xarici fondlar, Avropadan qrant alan QHT-lər yox dərəcəsindədir. Onların içərini qarışdırmaq və vətəndaş cəmiyyətini təşkilatlandırmaq immuniteti belə yoxdur. Amma nədənsə etirazlar başlayanda xaricdən inqilab ixracı iddiası gündəmə gətirilir. Bu, keçmiş sovet respublikalarından bəzilərinə də xarakterikdir. Bəlkə də həqiqət var. Ukraynadakı Maydan hərəkatını ABŞ açıq-aşkar maliyyələşdirmiş, Gürcüstandakı “məxməri”, Qırğızıstanda “qızılgül” inqilabları xarici amillər hesabına baş tutmuşdu. Son olaraq, Belarusdakı etirazlara belə rəng verildi. Amma nə dərəcədə realdır ki, ölkədə bütün xarici fondları qovub, sonra xaricdən idarə olunan inqilablardan danışırlar? “Kommersant”ın Belarusdakı həmsöhbətlərinin fikrincə, mövcud böhranın nəticəsi, müxalif qərargah üzvlərinin həm etirazların koordinasiyasında, həm də danışıqlarda siyasi bacarığından çox asılı olacaq. Ancaq bu cür bacarıq, göründüyü kimi, yoxdur. Lukaşenko həm etirazları, həm də seçki günü internetdəki fasilələri çıxışlarında dəfələrlə xatırlanan “günahkarlar”ın boynuna qoyub: “Bu kuklaoynadanlardan biri Çexiyadır. Bu gün Çex Respublikasından ortaq qərargahımızı idarə edirlər, bizim qoyunlar da orada oturub, onlardan nə istəndiyini başa düşmürlər”. Tomaş Petrşiçek Çexiyanın xarici işlər naziri Tomaş Petrşiçek respublikasının Belarusdakı hadisələrdə iştirakını qəti şəkildə rədd edib. Lukaşenkonun iddiasına görə, müxalifətçilər Polşadan da dəstəklənir. Həm də “Rusiyanın barmağı” və “Ukraynanın barmağı”nı tapıb..... .....Asim Mollazadə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə “Yeni Müsavat”a bildirdi ki, Belarus hadisələrində xarici faktor ciddi səbəbdir. Onun fikrincə, xarici təsirlərin hansı istiqamətdən hazırlandığı əhəmiyyətli olmaya bilər, çünki uzun müddətdir hakimiyyətdə qalan qüvvə islahatlar aparmır, bu da etirazlar doğurub: “Belarus digər postsovet ölkələrindən fərqli olaraq, heç bir ciddi siyasi-iqtisadi islahat həyata keçirməyib. Ölkənin iqtisadi imkanları aşağı olsa da, effektiv işləyə bilən şirkətlərdə hansısa xarici gözlər ola bilər. Lukaşenko isə imkan vermək istəmir ki, həmin müəsissələr xarici qüvvələrin əlinə keçsin. Yəni, bu hadisələrdə hansısa kənar qüvvələrin iştahı istisna deyil". A.Mollazadə hesab edir ki, bu hadisələrin nəticəsində Belarusun Avropa və ABŞ-la başlayan əməkdaşlığının qarşısı alındı, Qərbə qapıları bağlandı: “Ola bilsin ki, Qərblə Belarusun əlaqələrinin qarşısını almaq bu etirazları təşkil edənlərin marağındaydı. Burada fərqli qüvvələr ola bilər. Məsələn, Avropa Parlamentində fəhlə hərəkatı, güclü solçu qüvvələr çox fəaldırlar və proseslərə təsir edə bilirlər. Amerikanın özündə onun dəyərlərini yerli Kommunist Partiyası, ”Qara pantera"lar çökdürməyə çalışır. Ona görə Qərb birqütblü deyil, müxtəlif dairələr, şübhəli mərkəzlər fəaliyyət göstərir. Onların Belarusdakı proseslərə təsiri ola bilər". Svetlana Tixanovskaya Yada salaq ki, Belarusu tərk edən və Litvaya qaçan müxalifət lideri, prezidentliyə namizəd Svetlana Tixanovskaya YouTube üzərindən xalqa müraciət edib. “Düşünürdüm ki, seçkiqabağı kampaniya məni çox güclü şəkildə bərkidib və o qədər qüvvə verib ki, hər şeyə tab gətirə biləcəm. Lakin görünür mən elə əvvəlki zəif qadın olaraq qalmışam”, - Tixanovskaya bildirib. Tixanovskaya etiraf edib ki, səsvermə ərəfəsində ona tələ qurublar. “Uşaqlar bizim həyatımızda ən mühüm varlıqlardır. İndi Belarusda baş verənlər heç bir insan həyatına dəyməz”, - o deyib. Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Minskdəki qarşıdurmalarda 1 etirazçının öldüyünü açıqlayıb. Emil SALAMOĞLU “Yeni Müsavat”
|