|
Müdafiə naziri düşmənin informasiya savaşında önəmli məkrini açıqladı;
Asim Mollazadə: “Müvafiq strukturlar onları ifşa etməli və erməni dilini bilən mütəxəssislərimiz prosesə cəlb olunmalıdır”
“İlk növbədə azərbaycanlı adı ilə qeydiyyatdan keçən, bizim adımızdan istifadə edərək iş görən ermənilərlə bağlı ciddi araşdırma aparılmalıdır.
Azərbaycanın müvafiq strukturları öyrənməlidirlər ki, informasiya müharibəsi aparan kimlərdir, saytlarda Azərbaycan adından kimlər istifadə etməlidir.
Araşdırmaların nəticəsində adlar açıqlanmalıdır, dünyaya çatdırılmalıdır və beynəlxalq ictimaiyyətdə ifşa olunmalıdır".
Bu sözləri “Yeni Müsavat”a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə müdafiə naziri Zakir Həsənovun “Bu gün azərbaycanlı adı ilə qeydiyyatdan keçən çoxsaylı ermənilər var” açıqlamasına münasibət bildirərkən vurğuladı.
Asim Mollazadə
Deputat hesab edir ki, Ermənistanla informasiya müharibəsində hələ görülməli çox iş var: “Ermənilər dünyaya səpələnib, peşəkar şəbəkəsi var və bizə qarşı hər cür üsuldan istifadə edirlər.
Bu gün onlar yaşadıqları ölkədə siyasi korrupsiyadan, mediadakı adamlarından istifadə edərək hərtərəfli iş aparırlar.
Ona görə biz də səfərbər olmalı, onlara peşəkar şəkildə cavab verməliyik. Çünki informasiya müharibəsi səngərdəki müharibə qədər əhəmiyyətlidir".
A.Mollazadənin fikrincə, həm sosial mediada, həm peşəkar mətbuatda ermənilərin fəaliyyəti, bizə qarşı addımları ilə bağlı informasiya toplanmalıdır:
“Bildiyim qədər Bakı Dövlət və Azərbaycan Dillər Universitetlərində erməni dili tədris proqramı hazırlanıb. Hesab edirəm ki, bu mütəxəssislər prosesə cəlb olunmalıdır.
Çünki Ermənistanda Azərbaycan dilini mükəmməl bilən xeyli erməni var, hətta Türkiyə mediasında çalışırlar, iş aparırlar.
O baxımdan Azərbaycan tərəfi də informasiya savaşında imkanlarını genişləndirməlidir".....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
https://musavat.com/news/ermenilerin-sosial-mediada-azerbaycanli-adi-ile-informasiya-hiylesi-onleme-plani_727923.html
|