“Bu
qələbədə Azərbaycanın neft
strategiyasının Böyük rolu var.
Necə ki, İkinci Dünya Müharibəsində Sovet İttifaqının qələbəsini demək olar ki,
Azərbaycan neftçiləri təmin ediblər, bugünkü qələbədə də Azərbaycan neftçiləri
və ölkənin neft strategiyası böyük rol oynayıb”.
Bu
sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin
bugünkü iclasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim
Mollazadə deyib. “Azərbaycanın
iqtisadi inkişafı nəticəsində biz müasir silahlı qüvvələri formalaşdıra bildik.
Bu qələbədə neftçilərimizin əməyi
xüsusilə qeyd olunmalıdır. Çünki Azərbaycanın dövlət quruculuğunda da,
iqtisadiyyatının gücləndirilməsində də, neft strategiyamızın rolu böyük olub”,
- deyə millət vəkili bildirib. O,
hərbi qələbəmizin diplomatik qələbəyə çevrilməsində Ali Baş Komandanın rolunu
xüsusilə qeyd edib. “Ətraf
mühitin mühafizəsi haqqında” Qanunun müzakirəsi zamanı Asim Mollazadə
qablaşdırma ilə bağlı təklif irəli sürüb. Qeyd edib ki, qablaşdırmanı məhz ikinci dəfə emal edilən kağız
paketlərlə əvəz etmək üçün dövlət tərəfindən
bu sahəyə müəyyən diqqət olmalıdır: “Biz
bir şeyi ləğv edərkən onun alternativini də düşünməliyik. Hökumətə tövsiyə verə
bilərik ki, müvafiq müəssisələr yaradılsın, bu müəssisələrin yaradılması üçün
iqtisadi və vergi güzəştləri olsun. Məqsəd iş adamlarımızın bu sahədə öz
işlərini gücləndirə bilməsidir. Çalışmalıyıq ki, bu gün sintetik salafan
istehsal edən müəssisələr kağızın təkrar emalına keçsinlər. Dünya artıq bu yolu keçib.
Avropada da, Amerikada da qablaşdırıcılar ikinci dəfə emal edilmiş
kağızdan, kartonlardan istifadə etməklə
paketlər istehsal edirlər. Bu, təbiətə kimyəvi, sintetik qabların vurduğu qədər
böyük ziyan vurmur”.
Asim Mollazadə çıxışında
ermənilərin Qarabağda törətdiyi ekoloji cinayətlərə də diqqət çəkib: “Biz
Qarabağı qaytardıq, amma orada ətraf mühitə vəhşicəsinə zərbələr endirilib.
Düşmənlər Azərbaycanın cənnət bölgəsi olan Qarabağa çox ciddi ziyan veriblər.
Odur ki, həm Qarabağın su ehtiyatlarının qorunması, həm də meşələrinin bərpası
istiqamətində dövlətimizin və xalqımızın qarşısında çox böyük işlər durur.
Əminəm ki, bizim Komitə də qanunvericiliklə bağlı bütün zəruri işləri görəcək.
Azərbaycan xalqı da Qarabağın yenidən cənnətə dönməsi istiqamətində bu şərəfli
vəzifələri yerinə yetirəcək”.
|