Partiya  Prezidentin Qarabağda verdiyi açıqlamalarda üç önəmli detal - deputatın şərhi-
Ali Baş Komandan Füzuli və Cəbrayılda olarkən Köçəryan-Sərkisyan tandemini cəllad adlandırdı, dünyanı erməni vəhşiliyini görməyə çağırdı və status söhbətinə nöqtə qoydu; Asim Mollazadə: “Nə üçün burada olan 50 min erməni ölkəmizdə yaşayan 100 min rusdan daha çox hüquqa malik olmalıdır?”
Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında olarkən son dərəcə mühüm bəyanatlar verdi. “Yeni Müsavat” bildirir ki, dövlət başçısının Qarabağda verdiyi açıqlamalarda üç əsas tezis xüsusi diqqət çəkir.
Ali Baş Komandan ilk növbədə qeyd etdi ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan əslində heç kimdir, Azərbaycan Ordusu düşmən ölkənin keçmiş kriminal rejimi olan Köçəryan-Sərkisyan tandeminə, onların yaratdığı işğalçı orduya qalib gəlib, “Ohanyan səddi” məhv edilib.
Sitat: “Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik.
Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən.
Biz Köçəryan, Sərkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar.
Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız?
Döşünə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir!
Sizi - Köçəryan və Sərkisyanı! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!"
Ölkə başçısının Qarabağda toxunduğu digər vacib məsələ dünyanın ermənilərin xarabağa qoyduğu şəhər və qəsəbələrə laqeyd münasibəti ilə bağlı idi.
Prezident bildirdi ki, Füzuliyə qayıtmışıq, ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır:
“Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur.
Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib".
Prezidentin Füzuli və Cəbrayıla səfəri - Video
İ.Əliyevin çıxışında üçüncü önəmli detal isə Qarabağın statusu barədə növbəti və bəlkə də sonuncu açıqlama idi ki, bununla da nöqtə qoyuldu.
Prezident Qarabağla bağlı heç bir status olmayacağını bir daha bəyan etdi: “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var.
Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar.
Mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur".
Prezidentin bu üç önəmli məqama toxunması və aydın şəkildə həm cəmiyyəti, həm beynəlxalq aləmi məlumatlandırması göstərir ki, Azərbaycan dövlət rəhbərliyinin mövqeyi, tələbi dəyişməz olaraq qalır.
Həmçinin ölkə başçısının Xocalı qətliamının həmmüəllifləri olan Köçəryan və Sərkisyanın cəllad adlandırması, onların ordusunun darmadağın edildiyini söyləməsi hamının ürəyindən tikan çıxardı.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Prezident Qarabağda olarkən Azərbaycanın baxışını, xalqın istəyini dünyaya tam şəkildə ifadə etdi.
Onun sözlərinə görə, Azərbaycan multikultural bir ölkədir və burada milli azlıqlar yaşayır, onlar ölkəmizin şərəfli vətəndaşlarıdır, ermənilərin də bizim vətəndaş kimi yaşamalarında hər hansı problem yoxdur.
“Müharibə göstərdi ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri döyüşdülər, onların arasında şəhid olanlar var. Mənə elə gəlir ki, ermənilər də burada yaşaya bilər. Azərbaycan xalqı tolerantdır.
Amma nə üçün burada olan 50 min erməni ölkəmizdə yaşayan 100 min rusdan daha çox hüquqa malik olmalıdır? Ona görə də status mövzusunda Prezident Azərbaycan dövlətinin mövqeyini açıq şəkildə ifadə edi", - deyə deputat vurğuladı.
Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”
Asim Mollazadə
A.Mollazadənin sözlərinə görə, kimlərinsə ürəyindən Qarabağın statusu ilə bağlı hansısa fikirlər keçə bilər:
“Onların gələcəkdə mina basdırmaq planları varsa, bilməlidirlər ki, Azərbaycan Ordusu zəfəri ilə bu düşüncələrə son qoyub.
Prezident dövlət bayrağımızı Qarabağda ucaldıb, milli həmrəylik yaradıb, ermənilərin xaraba qoyduğu şəhərlərimiz yenidən tikiləcək, Qarabağ bir cənnətə çevriləcək. Eyni zamanda Ermənistan insanlığa, təbiətə qarşı törətdiyi cinayətlərə görə cavab verməli olacaq.
Prezident dedi ki, beynəlxalq ekspertlər dəvət ediləcək, vurulan ziyan hesablanacaq və məsələ qaldıracağıq, təzminat tələb edəcəyik".
A.Mollazadə hesab edir ki, xalq öz müzəffər Ordusu və Ali Baş Komandanı ilə fəxr edir: “Azərbaycan artıq qalib ölkədir. Bu, dünyada vəziyyətimizi və özümüzə münasibətimizi dəyişib, özümüzə inamımızı artırıb. İndi fərqli Azərbaycandır, fərqli ab-hava var".
Deputat bildirdi ki, Prezidentin Köçəryan-Sərkisyan cütlüyünü cəllad adlandırması hər iki Xocalı qatilinin beynəlxalq tribunalda cəzalandırılması məsələsini gündəmə gətirir:
“Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq lazımdır ki, cinayətkar cəzasını görməyəndə bu, yenidən təkrar olunur. Biz cəza tələb edirik.
Xocalı qətliamını edənlər, digər hərbi cinayətləri törədənlər mütləq şəkildə beynəlxalq səviyyədə mühakimə olunmalıdırlar.
Dəfələrlə Afrikada, Asiyada bu cür hərbi cinayətlər olub. Biz Xocalıya ədalət istəyirik. Biz qisas hissi ilə yaşamırıq, sadəcə, ədalət tələb edirik".....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə