Noyabrın 25-də Fransa parlamentinin yuxarı palatası – Senat "Dağlıq Qarabağın müstəqilliyinin tanınması” haqqında tövsiyə xarakterli qətnamə qəbul edib.
305 nəfərin lehinə, 1 nəfərin əlehinə, 30 nəfərin isə bitərəf qaldığı qətnamədə Fransa hökumətinə Dağlıq Qarabağ rejimini müstəqil dövlət kimi tanımaq çağırışı yer alır. ATƏT-in üç həmsədr ölkəsindən biri olan Fransa parlamentində belə bir qərarın qəbul edilməsi Azərbaycan ictimayətində birmənalı qarşılanmayıb. Ölkədə olan bir sıra siyasi partiyalar, həmçinin Qeyri Hökumət Təşkilatları Azərbaycan hökumətinə Fransa ilə iqtisadi-siyasi münasibətlərə yenidən baxması ilə bağlı çağrışlar ediblər. "Toplum TV” Fransa Senatının qəbul etdiyi bu qətnamə ilə bağlı ekspertlərin fikrini öyrənib. Milli Məclisin deputatı Asim Mollazadə bu qərarın arxasında radikal, milliyətçi bir ideologiya ilə bəslənmiş erməni diasporasının durduğunu deyib: "Onların əlaqələri Fransa senatının müharibəyə çağırış xarakterli qətnaməsinin qəbul edilməsinə gətirib çıxardı. Orada senatorlar tərəfindən bəyan edilən şübhəli bir məsələ də öz əksini tapıb ki, bəzi şəxslər əlehinə səs verdikləri halda onların səsləri nədənsə qeydə alınmayıb. Fransa heç bir hüquqi əsası olmayan qərara görə, özünə çox böyük zərbə endirir. Bu səbəbdən o, ATƏT-in Minsk Qrupundan və ümumiyyətlə bu prosesdən uzaqlaşmalıdır. Düşünürəm ki, bu qətnamə Fransanın BMT-nin Təhlükəsizlik Şurasında və Avropa Parlamentində qəbul etdiyi bütün sənədlərə zidd olan bir qərardır. Çox təəssüf doğuran haldır ki, son zamanlar Fransada anti-islamizm və rasizm açıq şəkildə özünü biruzə verir”. Deputat eyni zamanda bu kimi qərarların erməni lobbisinin güclü olduğu digər ölkələrdə də qəbul olunacağını istisna etməyib: "Güman edirəm ki, digər ölkələrdə də bənzər qətnamələr qəbul edilə bilər, amma bunun heç bir nəticəsinin olmayacağını düşünürəm. Çünki bu cür addımlar bütün beynəlxalq hüquq normalarına ziddir və qondarma bir respublikanı tanımaq gülünc haldır. BMT Təhlükəsizlik Şurasının bütün qətnamaləri, Minsk Qrupunun bütün təklifləri icra olunub və bunu müzəffər Azərbaycanın Silahlı Qüvvələri həyata keçirib”.....
|