|
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Bakıya Zəfər Günündə tarixi səfəri olduqca əlamətdar oldu. “Yeni Müsavat” bildirir ki, Ərdoğanın paradda iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin yanında olması, hər cümləsində “qardaşlarım” deyə xitab etməsi, Azadlıq meydanında möhtəşəm çıxışı dünyaya, xüsusən bizi gözü götürməyənlərə “göz dağı” idi.
Azərbaycanın qələbəsini öz qalibiyyəti sayan, dərdimizə də, sevincimizə də şərik olan Türkiyə cümhurbaşqanının Azadlıq meydanında söylədikləri dünyaya çox mühüm mesaj, bir sərgi idi. Onun söylədikləri Türkiyə-Azərbaycan arasında qan qardaşlığının dünyaya növbəti dəfə nümayişi olmaqla bərabər, həm də ikinci belə qardaşlıq və dostluğun bənzərinin olmadığının ifadəsi idi.
Azadlıq meydanında keçirilən Zəfər paradı həmçinin Türkiyə-Azərbaycan hərbi ittifaqının yüksək səviyyəsini nümayiş etdirdi. Azərbaycan bir daha düşmənlərinə müharibədən necə güclü çıxdığını göstərdi. Bu, habelə Ermənistana açıq-aşkar ismarış oldu ki, daha heç bir ölkə Azərbaycanın torpaqlarına göz dikə, işğal edə, hətta belə bir düşüncəyə qapıla bilməz.
Ərdoğan Bakı səfərində regiondakı yeni əməkdaşlıq formatından, iqtisadi perspektivlərdən də söz açdı. Ən əsası, bu səfər tezliklə iki ölkə arasında yalnız şəxsiyyət vəsiqəsi əsasında gediş gəliş olacağı qərarı ilə yadda qaldı. Artıq viza tam götürülür və bunun siyasi-iqtisadi əhəmiyyəti az deyil.
Asim Mollazadə: “Bu qardaşlıq dünyaya ancaq müsbət inkişaf gətirə bilər”
Türkiyə Prezidenti habelə, Ermənistana xəbərdarlıq etdi. Ərdoğanın sözlərinə görə, ermənilər Qarabağda yaşananlardan dərs çıxararsa, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaq. O, regionda yeni platformanın olacağını da istisna etmədi və Ermənistanın bu formatda yer ala biləcəyini vurğuladı. Sitat: “Lazım gələrsə, altılı platforma da yarada bilərik dedi. Bunu cənab Putin də qəbul edib. Nə idi bu altılı platforma? Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan, əgər qəbul edib əməl edərlərsə, Ermənistan da bu platformanın içində yer ala bilər. Beləliklə, altılı platforma ilə regional sülhü yaradaq deyilib. Ermənilərin ağıllarını başlarına toplaması lazımdır. Ermənistan rəhbərliyi bütün xərclərini lazımi yerə yönəltsəydi, daha yaxşı ola bilərdi. Qərb imperialistlərin dəstəyi ilə bir şeyə nail olmaqdansa, mehriban qonşuluq edilməlidir. Belə olarsa, bölgədə sakit həyat tərzi olar”.
Kəsəsi, Ərdoğan Bakı səfərində mühüm açıqlamalar, gələcək üçün vacib anonslar verdi, iki ölkə arasında, eləcə də regionda iqtisadi əlaqələrin inkişafına yönəlik yeni əməkdaşlıq perspektivlərindən söz açdı.
Türkiyə Prezidentinin Azərbaycana səfərini Musavat.com-a şərh edən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirdi ki, Ərdoğanın Zəfər Paradında iştirakını yüksək qiymətləndirir. Onun sözlərinə görə, Azərbaycanın qələbəsinin yüksək səviyyədə qeyd edilməsi ilə yanaşı, Ərdoğanın da bu parada gəlməsi Türkiyə ilə qardaş ölkə olduğumuzun təzahürü idi.
A.Mollazadə hesab edir ki, Türkiyə prezidenti Azadlıq meydanında çox gözəl çıxış etdi: “Bu qardaşlıq dünyaya ancaq müsbət inkişaf gətirə bilər. Eyni zamanda Ərdoğanın əməkdaşlıq çağırışları da bu bölgəni sabit əməkdaşlıq regionuna çevirə bilər”.
Deputatın fikrincə, şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin olması iş adamlarının, vətəndaşların işini asanlaşdırır: “Bu qərar gələcəkdə Qarabağda bərpa işlərində türk iş adamlarının iştirakını asanlaşdırır”.
A.Mollazadənin sözlərinə görə, regionda altılı əməkdaşlıq formatı müsbət ideyadır: “Bunu Prezident İlham Əliyev də dəstəklədi, Ərdoğan da bu platformanı açıqladı. Bölgədə sabitliyin, inkişafın təminatı üçün hamını marağını nəzərdə tutan tərəfdaşlıq kifayət qədər zəruridir”.....
Emil Salamoğlu, Musavat.com
|