Partiya  Expertlər: Təxribatlar Ermənistandakı problemlərlə bağlıdır-
Bakı/15.12.20/Turan: Sentyabrın 27-də başlayan Ermənistan-Azərbaycan döyüşləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə atəşkəs pozulub. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, hələ noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 Azərbaycan hərbi qulluqçusu öldürülüb, 2 nəfər yaralanıb. Dekabrın 8-də isə həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Məlumata görə, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalıb. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi. Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin etmişdi. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səsgücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirmişdi. Lakin həmin erməni silahlı dəstələri ərazini tərk etməyib və terror-təxribat, diversiya əməllərini törədiblər.
Bu səbəbdən Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb.
Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, Azərbaycan ordusu noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən ermənilərin idarəçiliyi altında qalan Köhnə Tağlar və Çaylaqqala kəndlərində artilleriya atəşindən istifadə edərək hücuma keçib.
Ermənistan Xarici İşlər Nazirliyi isə bildirib ki, Azərbaycan ordusu dekabrın 12-də «işğal etdiyi ərazilərdən çıxmalı və ora mülki ermənilər yerləşdirilməlidir. Rəsmi Bakı üçtərəfli bəyanatı pozmağa cəhd göstərir».
Azərbaycan Xarici İşlər Nazirliyi buna cavab olaraq bildirib ki, rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Qurum Ermənistanı «üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə» çağırıb.
Dekabrın 12-də prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunub. O bildirib ki, «ya erməni yaraqlıları, yaxud «Ermənistan ordusu» adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr
olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək».
Bəs ekspertlər nə düşünürlər? Son hadisələr atəşkəsə davamlı təhlükə ola bilərmi?
Milli Məclisin deputatı Asim Mollazadə Turan-a bildirib ki, təxribatlar Ermənistandakı problemlərlə bağlıdır: «Erməni hərbçilərinin təxribatının qarşısı alınıb və qeyd olunan istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin peşəkar nümayəndələri bir sıra bölgələr üzərində nəzarəti gücləndiriblər. Lazım olan bütün addımlar atılıb. Təxribatlar əslində Ermənistandakı problemlərlə bağlıdır və Ermənistanda revanşist qüvvələr düşünürlər ki, hansısa formada təxribatı həyata keçirərək mövcud vəziyyətlə bağlı şübhələr yarada bilərlər. Mənə elə gəlir ki, bu addımlar Rusiya sülhməramlı missiyası ilə bağlıdır və Rusiyada olan Ermənistanın nümayəndələrinin addımıdır».
Deputat hesab edir ki, Ermənistan tərəfindən təxribatlar uğursuz nəticələnəcək: «Çünki Ermənistanın artıq müharibə aparmaq gücü yoxdur. Onlar Rusiyaya minnətdar olmalıdılar ki, Rusiya növbəti dəfə onları tam darmadağın olmaqdan xilas edib. Elə qüvvələr var ki, onlar hər zaman erməni xalqının «genosid» barəsində qışqırıb bağırırlar və bunun nəticəsində çox ciddi bəhrələnirlər, pul yığırlar. Onlara müharibə və erməni xalqının qurbanları lazımdır. Ermənistanda artıq kimsə bunu başa düşməlidir. Çünki Ermənistan vətəndaşları artıq erməni diasporunun daxilində olan müharibədən hər zaman bəhrələnən qüvvələrin qurbanına çevrilib. Bunu anlamayana qədər erməni xalqı faciələrlə rastlaşacaq və müharibənin qurbanı olacaq».
Asim Mollazadə bildirib ki, Ermənistan qonşu ölkələrə qarşı öz ərazi iddialarını kənara qoyub bu ölkələrlə əməkdaşlıq barədə düşünməlidir: «Bunun üçün şansları var. Mən əminəm ki, bu xırda, hansısa qüvvələr tərəfindən idarə olunan qruplar ümumi vəziyyəti dəyişdirə bilməyəcəklər və qısa müddətdə məsələ həllini tapacaq».....
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə