Partiya  Azərbaycan Əfqanıstanda səfirlik açır, bəs İsraildə? - deputat çağırış etdi-

Asim Mollazadə: “İsraildə mütləq səfirlik açılmalıdır...”


Gələn il Əfqanıstanda Azərbaycanın səfirliyi açılacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevə istinadən Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin müşaviri Həmdulla Möhüb Bakı səfəri ilə bağlı öz twitter hesabında paylaşdığı statusda yazıb.


“Yeni Müsavat” xəbər verir ki, dekabrın 21-də baş tutan səfər zamanı Azərbaycan rəhbərliyi ilə iki ölkə arasında birgə müdafiə xarakterli məhsulların istehsalı və ortaq hərbi əməkdaşlıqla məsələləri müzakirə edilib. “Prezident Əliyev dedi ki, Azərbaycan 2021-ci ildə Əfqanıstanda səfirlik açacaq” - müşavir yazıb. Hər halda, buna iki ölkə tərəfindən zərurət yaranıb.


Əfqanıstan bizim Vətən savaşımızda İsrail, Pakistan kimi yanımızda olan və dəstək verən ölkələrdəndir. Qardaş Tükiyənin dəstəyi isə təbii ki, xüsusi statusdadır. İlham Əliyev də deyib ki, Azərbaycan II Qarabağ savaşında bizə dəstək olmuş ölkələri heç vaxt unutmayacaq, bu dəstəyi həmişə nəzərə alacaq. Səfirliyin açılması bu mənada Bakının Kabilə yaxşı bir jesti olacaq.


Ancaq bizim İsraildə də səfirliyimiz olmalıdır. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, dost ölkədə indiyə qədər diplomatik nümayəndəliyimiz açılmayıb. Halbuki qələbəmizdə yəhudi dövləti ilə hərbi əməkdaşlığımız, özəlliklə İsrail PUA-ları çox mühüm rol oynadı, bunun nəticəsi kimi, canlı itkilərimiz minimuma endi.


İsrail hətta müharibə ərəfəsində Təl-Əvivdə səfirlik açmış Ermənistanın Azərbaycanı silahlandırmağı dayandırmaqla bağlı tələbini rədd elədi. Nəticədə İrəvan etiraz olaraq təzəcə göndərdiyi səfiri İsraildən geri çağırdı. Erməni səfir hələ də İsrailə qayıtmayıb.


Bu gəlişmələrdən, üstəgəl, Türkiyə-İsrail diplomatik əlaqələrinin də artıq düzəlməyə getmək üzrə olmasından çıxış edərək, belə bir ehtimal irəli sürmək olar ki, gələn il İsraildə də səfirliyimiz açılacaq.....


....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ilk növbədə Azərbaycan Əfqanıstana hər zaman dəstək verib. Deputatın sözlərinə görə, burada söhbət humanitar, siyasi dəstəkdən gedir: “Eyni zamanda Azərbaycan Əfqanıstanda sülhməramlı kimi iştirak edir. Bilirsiniz ki, beynəlxalq koalisiyanın tərkibində Azərbaycan sülhməramlıları da fəaliyyət göstərir. Həmçinin Əfqanıstanın dövlət quruculuğuna dəstək veririk. Bir neçə sahələrdə, əsasən polis, hüquq-mühafizə orqanı nümayəndələrinin burada təlim-tədrisi keçirilir. Bundan əlavə, BMT-nin Əfqanıstandakı nümayəndələrindən biri Azərbaycan diplomatıdır. O baxımdan Kabulda səfirliyin açılması əməkdaşlığın güclənməsinə kömək edəcək”.


A.Mollazadə qeyd etdi ki, eyni səfirlik mütləq şəkildə İsraildə  açılmalıdır: “Bu barədə parlamentdə də çıxış etmişəm. Hesab edirəm ki, səngərdə müharibə başa çatsa da, siyasi-diplomatik müstəvidə mübarizə davam edir. Belə olan halda isə Azərbaycan öz diplomatik sistemini gücləndirməlidir, o cümlədən İsraildə səfirlik açılmalıdır. Habelə Türkiyə icmaları ilə Azərbaycan icmalarının birgə fəaliyyətinin yaxşılaşdırılmasına ehtiyac var. Bu haqda parlamentdə çıxışımda bildirmişəm ki, büdcədə xüsusi istiqamətlər tapılması vacibdir. Ona görə də silahlı qüvvələrimizin güclənməsi kimi diplomatik və informasiya sahəsində də gücümüzün artması lazımdır. İsraildə səfirliyin açılması bu mənada böyük əhəmiyyət kəsb edə bilər”.....


Emil SALAMOĞLU,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə