|
Deputat: “Diaspor xaricdə kef çəkir, cəmiyyət səfalət içindədir”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri David Şahnazaryan deyib ki, Baş nazir Nikol Paşinyanın istefasını uzatması, onun irəlidə görməli olduğu işlərlə bağlıdır: “Bunlara qoşunların çıxarılması, Azərbaycana şimalda 7-8 kəndin, Vayka, Ararat və Sünikdə bir neçə kəndin verilməsi aiddir”.
“O, həmçinin Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. Paşinyan Azərbaycandan Türkiyəyə gedən Sünikdən keçəcək qaz kəmərinin tikilməsi və nəhayət Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”, - deyə Şahnazaryan bildirib.
Sabiq MTX rəhbərinin açıqlaması erməni cəmiyyətində birmənalı qarşılanmayıb və fikir ayrılığına səbəb olub. Belə ki, bir qisim Şahnazaryanın açıqlamasını, Paşinyanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər quraraq Ermənistanı xilas etmək istəyi kimi, bəziləri isə erməni xalqına xəyanət kimi dəyərləndirib. Bəs, əslində necədir? David Şahnazaryanın fikirlərinin arxasında nə dayanır?
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında Ermənistanda hakimiyyət uğrunda mübarizənin davam etdiyinə diqqət çəkib: “Paşinyan, sadəcə olaraq Qarabağ razılaşmasında nəzərdə tutulan bəndlərin icrasını həyata keçirir. Mənə elə gəlir ki, bu gün Ermənistanda vaxtı ilə Azərbaycana qarşı cinayət törədən, Birinci Qarabağ müharibəsində minlərlə mülki azərbaycanlını qətlə yetirən qüvvələr revanş hissi ilə yaşayır deyə, yenidən hakimiyyətə gəlmək istəyirlər. Erməni xalqının qarşısında isə bir seçim var: onlar sülh istiqamətində addım atmalı və qonşularına qarşı ərazi iddialarını kənara qoyaraq bölgədə normal əməkdaşlıq qurmalıdırlar. Əks halda, erməni xalqının mövcduluğu sual altında qalacaq”.
“Çünki bu gün həmin cinayətkarların oyunları erməni xalqının faciəsinə gətirib çıxarıb və onların bu faşist ideologiyası erməni diasporunun nəzdində gizlənərək, çıxış yolunu müharibələrdə, təhlükələrdə görürlər. Özləri dünyanın ən inkişaf etmiş ölkələrində əminamanlıq içində yaşayırlar. Ermənistan ərazisində isə onların qurbanlıq üçün hazırladığı emənilər yaşayırlar. Bu, ermənilər üçün çox böyük təhlükədir və onlar hansı yolu seçəcəklərini ciddi şəkildə düşünməli, hansı istiqamətdə inkişaf edəcəklərini bilməlidirlər”, - deputat vurğulayıb.
Mollazadənin fikrincə, Ermənistanın qarşısında iki yol var: “Ermənilərin birinci yolu qisas, genosid, faşizm idelogiyası və daim müharibələrdə qurbana çevrilmək yoludur, ikinci yol isə yavaş-yavaş normal dövlətə çevrilmək, qonşularla əməkdaşlığı davam etdirmək və bununla da özlərini xilas etməkdir. Çünki bu gün Amerikada, Fransada və digər ölkələrdə yaşayan erməni faşistlərinin yaşayış səviyyəsi yaxşı olsa da, Ermənistanda yaşayan ermənilər çətin vəziyyətdədir. Onlar da bu müqayisəni aparıb, seçim etməlidirlər”....
Ayna.az Müəllif: Mərahim Nəsib
|