Partiya  Bayden xarici siyasət kursunu açıqlayır – Bakının diqqət edəcəyi 3 mühüm məsələ...-
ABŞ Cənubi Qafqazda yeni regional situasiya yarandıqdan sonra hansı kursu izləyəcək, Türkiyə bu xarici siyasətdə hansı ağırlıqda yer alacaq, nəhayət, Rusiya və İrana münasibətdə nə gözləmək olar?
Fevralın 4-də (Bakı vaxtilə fevralın 5-də) ABŞ-ın yeni prezidenti Co Bayden xarici siyasət kursunu açıqlamalı idi. Əslində o, bunu fevralın 1-də edəcəkdi. Lakin qar yağması səbəbindən Ağ Ev sahibinin Dövlət Departamentinə gəlişi və nitqi üç gün sonraya ertələnmişdi.
Heç şübhəsiz ki, Bayden çıxışında Amerikanın dünyadakı yerinin bərpasına fokuslanacaqdı. Yayılan məlumatlardan aydın olur ki, prezident çıxışında siyasətin detallarını açıqlamayacaq, amma Trampın beynəlxalq qurumlarla təkəbbürlü davranışı, müttəfiqləri və rəqibləri ilə toqquşmalardan sonra yeni kursun açıqlanacağı gözlənilirdi.
Rəsmi Bakının da gözləri Amerikaya dikilmişdi. Çünki Azərbaycan bu çıxışda 3 suala cavab axtarırdı.
Birincisi, ABŞ müharibədən sonra Cənubi Qafqazda yeni regional situasiya yarandıqdan sonra hansı kursu izləyəcək? İkincisi, qardaş ölkə Türkiyə bu xarici siyasətdə hansı ağırlıqda yer alacaq? Nəhayət, yaxın qonşularımız Rusiya və İrana münasibətdə nə gözləmək olar?
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə: “Ağ Ev administrasiyasına Birləşmiş Ştatların Konqresindən, Senatdan çox ciddi təzyiqlər gəlməkdədir. Bu qurumlarda erməni lobbisinin, diasporasının üzvləri ilə əlaqədə olanlar yer alırlar. Təbii olaraq, onlar erməni mövqeyini müdafiə etməyə çalışırlar. Amerika hansısa qərarlar verə bilər. Amma mənə elə gəlir ki, bir məsələ hamının gözü qarşısında olmalıdır. Müharibə bitdi, Dağlıq Qarabağ münaqişəsi həll olundu. Artıq yeganə bir yol var. O da humanitar yoldur. Erməni əhalisi revanşizmi, ərazi iddialarını kənara qoymalıdır. Azərbaycan ərazimizdə yaşamaq istəyən ermənilərə bütün hüquqları verməyə hazırdır. Əminəm ki, Azərbaycan ərazisində qalan ermənilərin sosial-iqtisadi vəziyyəti Ermənistanda yaşayanlardan qat-qat yaxşı olacaq. Bu proseslərdə də Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Amerikanın atacağı addımlar çox müsbət rol oynaya bilər. Əks halda, ABŞ-ın bölgədə öz müttəfiqləriylə münasibətlərinə xələl gələ bilər”.
A.Mollazadə Amerikanın bundan sonrakı Türkiyə siyasətinin necə ola biləcəyi barədə sualımıza belə cavab verdi: “Türkiyə bölgənin çox nüfuzlu və mühüm ölkəsidir. NATO üzvü olmaqla yanaşı, Türkiyə həm də siyasi, sosial və iqtisadi nöqteyi-nəzərdən də bölgənin çox mühüm dövlətidir. Amerika uzun illərdir ki, Türkiyədən ancaq dəstək görüb. Onun üçün də bu münasibətlərə həssas və müsbət yanaşmalıdır. Unutmamalıdırlar ki, oradakı erməni lobbiləri türkə, müsəlmana nifrət sərgiləyirlər. Zəngin erməni şəbəkəsi bütün dünyada bu təbliğatı aparır”.
Asim Mollazadə ile ilgili görsel sonucu
Deputat Baydenin Rusiya və İran siyasətinin necə olacağına da toxundu: “Çox güman ki, biz bu münasibətlərdə müəyyən qədər yumşalmaları görəcəyik. Bayden artıq bəyan edib ki, İranla yenidən nüvə sazişinə qayıtmaq istəyir. Fevralın 3-də məlumat yayıldı ki, Amerikanın yeni prezidenti Rusiya ilə münasibətləri hansısa formada düzənləməyi düşünür. Bu baxımdan zənn edirəm ki, Bayden hər iki qonşu ölkə ilə münasibətlərdə olan gərginliyin aradan qaldırılmasında maraqlı olacaq. Hesab edirəm ki, Amerika, Avropa Birliyi, NATO Cənubi Qafqazda sülhün yaranmasında maraqlıdırlar. Bu regionda Türkiyə və Azərbaycanın enerji, nəqliyyat sahələrindəki strategiyası yeni bir sistem formalaşdırır. Burada da həm Amerikanın, həm də Avropanın digər ölkələrinin çox ciddi maraqları var”.....
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə