Demokratik İslahatlar
Partiyası Xocalı soyqırımını törətmiş şəxslərin beynəlxalq axtarışa verilməsi və məhkəmə
qarşısına çıxarılması ilə bağlı çağırış edib. Partiyanın bu barədə bəyanatında
deyilir:
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı
şəhəri işğal edilib və etnik azərbaycanlılara qarşı soyqırımı törədilib.
Nəticədə yüzlərlə azərbaycanlı qətlə yetirilib, ailələr tamamilə məhv edilib, əsir
götürülənlərin taleyi isə bugünədək məlum deyil. Bu qanlı hadisədən 29 il
ötməsinə baxmayaraq, hələ də ona hüquqi qiymət verilməyib və günahkarlar
layiqli cəzalarını almayıblar. Azərbaycan 44 günlük müharibə ilə ərazilərinin böyük bir hissəsini
Ermənistanın işğalından azad etməyə nail olub. İndi Azərbaycanın qarşısında
duran əsas vəzifələrdən biri Ermənistanın dinc əhaliyə qarşı törətdiyi qətliama
beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə nail olmaqdır. Azərbaycan
İnterpolun xətti ilə Xocalıda, eləcə də Azərbaycanın digər ərazilərində hərbi
və mülki cinayətlər törətmiş şəxsləri axtarışa verməli, onların saxlanılaraq
haqlarında beynəlxalq tribunalın təşkil edilməsinə çalışmalıdır.
Azərbaycanlılara qarşı qanlı cinayət törətmiş bu şəxslər Nürnberq prosesinə
oxşar bir beynəlxalq məhkəmə ilə öz əməllərinin cəzasını almalıdırlar. Odur ki,
biz dünyadakı hər bir azərbaycanlını “Xocalıya ədalət” istəməyə, buna nail
olmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırırıq”.
|