Partiya  Partiyalar haqda yeni qanun gəlir, müxalifətin helikopteri olacaqmı?-
Ekspertlər deyir ki, dəyişikliklərin məqsədi budur ki, siyasi mübarizə düşmənçilik kimi yox, sağlam rəqabət mühitində keçsin...
Azərbaycan hakimiyyətinin 2018-ci ildən başlayaraq idarəçiliyə yeni yanaşması, bütün istiqamətlərdə siyasətinin dəyişməsi göstərir ki, ölkədə siyasi palitra əvvəlki və ənənəvi mənzərə ilə vidalaşır.
“Yeni Müsavat” yazır ki, bu yeniliklər, iqtidarın opponentlərinə münasibətində fərqli baxışı, dialoqa meyllilik, hətta barışmaz müxalifətlə diskussiyalara açıq olması belə deməyə əsas verir ki, Azərbaycanın siyasi poliqonu düşmənçilik, kindən qurtularaq loyal, pozitiv bir müstəvidə inkişaf edəcək.
Xüsusən 2019-cu ilin noyabrında Prezident Administrasiyasında baş verən komanda dəyişikliyi ölkə siyasətinə yeni nəfəs gətirdi. Burada Ədalət Vəliyevin fəaliyyətini xüsusi qeyd etməyə dəyər. O, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edildikdən sonra ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yeni siyasi kursun icrasını uğurla həyata keçirməkdədir.
Ə.Vəliyevin timsalında ölkədəki siyasi partiyaların sədrləri ilə görüşlər, onların fikirlərinin dinlənilməsi, təkliflərinin eşidilməsi, dəyərləndirilməsi şübhəsiz ki, həm cəmiyyətin, həm müxalifətin ən azı son 20 ildə əsas gözləntilərindən biridir. O baxımdan, Ə.Vəliyevin partiya sədrləri ilə görüşləri, pandemiya səbəbindən videoformatda müzakirələr iqtidar-müxalifət dialoqu istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Bunun nəticəsi olaraq Azərbaycanda xeyli sayda siyasi partiya rəsmi dövlət qeydiyyatından keçdi, siyasi münasibətlər sistemində yeni çalarlar meydana gəldi, həmçinin bir sıra partiyalar ofislə təmin olundu. Eyni zamanda Ədalət Vəliyev bir müddət öncə keçirilən onlayn tədbirdə siyasi partiyalarla bağlı qanun layihəsinin hazırlanacağını bildirib.
Şöbə müdiri bununla əlaqədar partiya rəhbərlərinin təkliflərini gözlədiklərini də qeyd edib. Artıq REAL, Böyük Quruluş partiyaları təkliflərini göndərib. Məlum məsələdir ki, ölkədə müxalifət partiyalarının əsas problemi maliyyələşmədir. Dövlət son illər bu istiqamətdə müəyyən addımlar atıb.
Amma partiya siyahısı ilə - yəni proporsional seçki sistemi ləğv olunduğundan, ana müxalifət partiyası deyilən bir termin tarix olub. Halbuki Türkiyədə müxalifət partiyalarının təkcə möhtəşəm qərargahları deyil, dövlət səviyyəsində mühafizəsi, rəsmi protokollarda təmsilçilikləri, hətta mərkəzi ofislərində helikopter enişi üçün meydançaları, partiya sədrlərinin bəzi hallarda öz ofisindən hansısa bölgə təşkilatındakı görüşə helikopterlə getmək kimi lüksları belə var.
Yeri gəlmişkən, Azərbaycan bir sıra hallarda qardaş Türkiyədəki idarəçilikdən nümunə kimi istifadə edir. Məsələn, ordu quruculuğunda Türkiyə modeli kimi. Qardaş ölkənin təhsil, səhiyyə sistemi də bir sıra hallarda Azərbaycan üçün nümunə ola bilir. O zaman siyasi partiyaların fəaliyyətini də Türkiyə siyasi sisteminə uyğunlaşdırmaq mümkündür.
Bəs bunun üçün “Siyasi partiyalar haqqında” Qanunda nələri dəyişməliyik? Hansı şərtlər olmalıdır ki, müxalifət cəmiyyətin bir parçasına çevrilsin, dövlətin içində inkişaf etsin?.....
....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirdi ki, “Siyasi partiyalar haqqında” Qanunun işləməsi və demokratik, çoxpartiyalı siyasi sistemin formalaşması istiqamətində cüzi dəyişikliklərə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycanda 60-dan yuxarı siyasi partiya dövlət qeydiyyatına alınıb, lakin onların bir çoxu artıq tarixdə qalıb, fəaliyyət göstərmir, heç üzvlərinin sayı da məlum deyil, ictimai-siyasi həyatda iştirakları nəzərə çarpmır. Deputat hesab edir ki, bu istiqamətdə müəyyən təmərküzləşmə prosesi getməlidir, partiyalar güclənməlidirlər: “Partiya cəmiyyətin sosial sifarişini yerinə yetirir. Yəni tək qanun dəyişiklikyindən söhbət getmir, ümumilikdə siyasi sistem güclənməlidir. Burada yalnız iqtidar-müxalifət məsələsi deyil, cəmiyyətin bir sıra təbəqələrinin səsinin siyasi qərarların qəbulunda eşidilməsi olmalıdır”.
A.Mollazadənin fikrincə, Türkiyə və dünya təcrübəsindən də istifadə edilə bilər: “Partiyaların dövlət dəstəyini alması modeli bizdə də var, parlamentdə təmsil olunan siyasi partiyalar dövlət dəstəyi alır. Almaniyadan nümunə gətirə bilərəm, həm partiyalar dövlət dəstəyi alır, həm ideyalarını çatdırmaq üçün təşviqçi fondlar dövlətin dəstəyini görürlər”.
Partiya sədri qeyd etdi ki, son dövrlərdə iqtidar-müxalifət dialoquna doğru mühüm və çox ciddi addımlar atılıb: “Xüsusən də Prezidentinin Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasından və müvafiq quruma Ədalət Vəliyevin müdir təyin edilməsindən sonra bu struktur fəaliyyətini intensiv həyata keçirir. Hesab edirəm ki, ölkənin siyasi sisteminin güclənməsi, inkişafı üçün bir prosesdir, müsbət addımları müşahidə edirik”.....
Emil SALAMOĞLU
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə