|
Bu gün Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayı keçirilib. Xəbər verdiyimiz kimi partiyanın idarə heyəti üzvlərinin sayı artırılıb, Binəli Yıldırım və Numan Kurtulmuş vitse-prezident seçilib. Maraqlıdır, AKP-də baş verən struktur dəyişikliyi, yeniliklər nə vəd edir? Sözügedən islahatların və qurultayın Azərbaycan üçün mahiyyəti nədən ibarətdir? Məsələ ətrafında Sfera.az-a danışan deputat Asim Mollazadə mövcud yeniliklərin müstəqil siyasət üçün baza rolunu oynadığını bildirib: "AKP ümidlə gələcəyə baxır, Türkiyənin inkişafı üçün əlindən gələni edir. Partiya cəmiyyətə, seçicilərə bununla bağlı bəyanat da verdi. AKP Türkiyənin ən böyük partiyası MHP ilə birgə Türkiyəni güclü dövlət kimi müstəqil siyasət yürütməyə aparacaq. Ölkə daxilində də bu partiyalar Türkiyənin sənaye təsirini gücləndirməlidirlər. Ümidvaram ki, verilən bəyanatlar partiya tərəfindən gələcəkdə uğurla davam etdiriləcək". Deputat partiya daxilindəki yeniliklərin Azərbaycana mümkün təsirləri barədə də danışıb: "İndiyədək biz bu partiyaların birliyindən ancaq dəstək görmüşük. Azərbaycanın apardığı Vətən müharibəsində və ondan əvvəl biz açıq dəstəyi müşahidə etdik. Türkiyə Silahlı Qüvvələri Azərbaycan ordusunun müasir silahlarla təchizi üçün lazımı dəstəyi də verib. Bundan əlavə enerji, nəqliyyat sahəsində böyük strateji layihələr həyata keçiririk. Bir millət olaraq iki dövləti yetərincə yaxınlaşdıra bilmişik. Türkiyə hökuməti sözsüz olaraq hər zaman Azərbaycanın yanında olub və bu özü böyük strateji əhəmiyyət kəsb edir. Düşünürəm ki, AKP-də həyata keçirilən islahatlar ölkəmiz üçün həmişə olduğu kimi müsbət təsirini göstərəcək"..... Sfera.az Əzizə Zeynal
|