Partiya  Baxışlar dəyişir : Qarabağa tezliklə sülh gələcək-
Erməni toplumu üçün ən optimal variant əməkdaşlıq qapılarını açmaqdır
Son günlər Ermənistan hökumətindən müsbət notlar və siqnallar eşidilməkdədir. Ötən həftə sonu Baş nazir Nikol Paşinyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan qonşu Türkiyə və Azərbaycanla münasibətləri korrektə etməyin və kommunikasiyaları açmağın zəruriliyi barədə danışıblar. Şübhə yox ki, regional iqtisadi əlaqələrin bərpası ilk növbədə dərin böhran içində olan Ermənistanın özünə lazımdır. Dünən Prezident İlham Əliyev də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edərkən münaqişədən sonrakı dövrdə vəziyyətin bütövlükdə müsbət istiqamətdə inkişaf etdiyini deyib.
Dövlət başçısı qeyd edib ki, üçtərəfli İşçi Qrupu çərçivəsində işlər uğurla gedir: “Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var”. Prezident bildirib ki, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib: “Müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq”.
Ermənistan Baş naziri Nikol Paşinyanın dilindən də müsbət açıqlamalar gəlməkdə davam edir. Məsələn, Paşinyan ötən həftəsonu yerli əhali ilə son görüşündə bir daha bölgədə kommunikasiyaların açılması zəruriliyindın danışıb və bəyan edib ki, bunun nəticəsində ölkə iqtisadiyyatı və sənayesinin inkişafı mühüm şans qazanacaq. Bu kontekstdə baş nazir regiondakı nəqliyyat infrastrukturlarının blokadadan çıxarılmasının vacibliyini vurğulayıb: “Biz bəzi qərarlar verməliyik. Bilirsiniz ki, Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycandan keçir. Və anlamalıyıq ki, Azərbaycana öz ərazimizdən yol verməyənə kimi onun ərazisindən keçə bilmərik. Mövcud marşrutlardan qarşılıqlı şəkildə istifadə etməyi bacarmalıyıq”. Baş nazirin sözlərinə görə, bölgəyə münasibəti dəyişdirmək lazımdır: “Bəli, regionda düşmənlərimiz var, amma gəlin fiksə edək ki, biz onları daha çox düşmən saydıqca onlar da bizi düşmən hesab edəcəklər. Bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmalıyıq. Bunun üçün də bölgəyə baxışımızı dəyişdirməliyik”.
Öz növbəsində baş nazirin müavini Mqer Qriqoryan da parlamentin iclasında deyib ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə regionda sovet dövründə mövcud olmuş bütün kommunikasiyaların açılmasını müzakirə edir və bununla bağlı “yol xəritəsi” artıq hazırdır. Xarici işlər naziri Ara Ayvazyan isə parlamentin xarici əlaqələr komissiyasının iclasında bəyan edib ki, sülhün bərqərar olmasının bölgədə hansı perspektivlər yarada biləcəyini hamı başa düşür. Onun sözlərinə görə, tarixdə faciəli keçmişi olan ölkələrin siyasi iradə sayəsində mehriban qonşuluq münasibətləri qurmağı bacarması haqda bir çox nümunə var: “İrəvan bölgədə özünə düşmən axtarmır, ona görə ki, sülh və barışığın dəyərini çox yaxşı bilir. Erməni diplomatiyası bundan sonra qonşularla münasibət qurmaqda daha praqmatik olacaq”. Əlbəttə, regionda sülh və qarşılıqlı əməkdaşlığın bərpası yönündə Ermənistan rəhbərliyinin bu cür açıqlamaları vacibdir, lakin əfsus ki, yetərli deyil. Çünki əsas məsələ onları qısa zamanda həyata keçirməkdir. Aydındır ki, Paşinyan və komandasına buna nail olmaq asan olmayacaq. Çünki kapitulyasiya edən ölkədə “müharibə partiyası” tərəfdarları çoxluqda olmasa da, təşkilatlanma, maliyyə və xaricdəki erməni lobbisinə ciddi bağlılıq baxımından xeyli güclüdür. Ancaq rəy sorğuları göstərir ki, əhalinin 70 faizi Azərbaycanla yeni müharibə arzulamır. Revanşist müxalifətin reytinqi isə hakim qüvvədən çox aşağıdır. Bir sıra təhlilçilərin fikrincə, iyunun 20-nə təyin olunmuş seçkilərdə Paşinyan komandasının qələbə qazanmaq şansı çoxdur. Bu da ilk növbədə onunla izah olunur ki, xalq müharibələrdən yorulub və indi daha çox dinc və qurucu həyat arzusundadır. Belə perspektivi isə indiki halda Paşinyan hökuməti təmin edə bilər. “Joxovurd” qəzeti yazıb ki, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşəcək. Putinlə Paşinyan 44 günlük müharibədən sonra ilk dəfə yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Martın 26-da isə Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Erməni tərəfində müharibədəki acı məğlubiyyətdən dolayı etiraflar da artmağa başlayıb. Görünür, erməni ictimaiyyəti də yavaş-yavaş bölgədəki yeni reallıqla barışmaq məcburiyyətində qalıblar.
Erməni politoloq Samvel Ovannisyan bildirib ki, müharibədə daha güclü olan qalib gəlir: “Azərbaycanın bizdən güclü olduğu ortaya çıxdı, çünki onun dəqiq iqtisadiyyatı, bir çox qardaş ölkəsi var. Bu, tarixi həqiqətdir və ermənilər bununla barışmalıdırlar”. Ovannisyanın sözlərinə görə, reallıq budur ki, Paşinyan ölkəni müflis edilmiş və xaraba vəziyyətdə, böyük xarici borcla, əhalisi köç edən, istehsalatı məhv edilmiş, enerji mənbələrindən asılı ölkə olaraq qəbul edib: “Ermənistan baş nazirinin tənqidçiləri Paşinyanın ölkəni hansı vəziyyətdə təhvil aldığını və hansı geosiyasi reallıqlarda yaşadığımızı unutmamalıdır”.
Ermənistan Prezidenti Armen Sarkisyan “RBC”-yə müsahibəsində regional əməkdaşlıqdan bəhs edib. Prezident deyib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasından danışmaq üçün bir sıra məsələlərin həllinə ehtiyac var: “Münasibətləri normallaşdırmaqdan və ya hər hansı bir layihədən danışmazdan əvvəl həll edilməsi lazım olan məsələlər var. Bunun üçün Azərbaycan bütün hərbi əsirləri geri qaytarmalıdır”.
Millət vəkili Asim Mollazadə “Şərq”ə bildirib ki, Baş nazir Nikol Paşinyan Ermənistanın başqa çıxış yolunun olmadığını çox gözəl anlayır. Deputatın sözlərinə görə, erməni əhalisinin böyük hissəsi hərbi cinayətlər törətmiş köhnə rəhbərlərə nifrətlə yanaşır:
“Reallıq odur ki, erməni xalqı müharibə istəmir. Ağlı başında olan ermənilər nəhayət normal dövlətə çevrilmək, sosial-iqtisadi problemlərin həllini görmək niyyətindədirlər. Ermənistandakı mövcud problemlərin həlli isə bütün qonşularla əməkdaşlıq etmək, normal əlaqələr qurmaqdır. Paşinyan seçkiyə bu platforma ilə gedir. Ona müxalif olan qüvvələr isə revanşist düşüncələrdən əl çəkmir və yeni müharibə çağırışları ilə çıxış edirlər. Ancaq Ermənistan xalqının böyük əksəriyyəti bu təcavüzkar siyasətə qarşıdır. Beynəlxalq araşdırma mərkəzinin rəy sorğuları da bunu sübut edir. Paşinyan indiki şəraitdə düzgün seçim edərək, xalqın tamamilə məhv olma yolunu deyil, əksinə, ölkənin iqtisadi dirçəlişini və inkişafını əsas götürür. Baş nazir fərqindədir ki, bölgədə kommunikasiyaların açılması, normal qonşuluq siyasəti və ərazi iddialarından vaz keçmək birbaşa Ermənistanın tərəqqisi deməkdir. Əgər regional kommunikasiyalar bərpa edilməzsə, yaxud Ermənistan bundan kənarda qalarsa, ölkənin iqtisadi durumu heç vaxt düzəlməyəcək. Erməni toplumu üçün ən optimal variant əməkdaşlıq qapılarını açmaqdır. Korrupsiyaya batmış hərbi cinayətkarların heç bir vədi, təhriki erməni xalqının diqqətini çəkmir. Qarabağ müharibəsində ölmüş ermənilərin yaxınlarının genişmiqyaslı aksiyaları da göstərir ki, əhali yeni müharibə istəmir və ciddi surətdə buna qarşı çıxırlar”.....
Şərq.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə