Partiya  İki slavyanın “əzələ” savaşı: Qərb Rusiyanı geri oturda biləcəkmi... - rəylər-
ABŞ Rusiyanı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, gərginliyi artırmamağa çağırıb. “Yeni Müsavat” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi deyib. Onun sözlərinə görə, hazırda Rusiyanın niyyətləri haqqında danışmaq çətindir. Ağ Evin mətbuat katibi Cen Psaki isə bildirib ki, Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı qərarı Alyans verməlidir, ABŞ deyil: “Ukrayna NATO-ya çoxdan can atır. Bu məsələ ABŞ rəsmiləri ilə danışıqlar zamanı illərdir qaldırılır. Biz Ukrayna ilə bunu çoxdan müzakirə edirik. Onları qətiyyətlə dəstəkləyirik, onlarla ünsiyyət qururuq, sabitliyi pozan addımlara qarşı mübarizə aparırıq. Amma bu qərarı NATO qəbul etməlidir”.
Amerikalı rəsmilərin bu açıqlamalarından yenə görünür ki, Vaşinqton sərt olmayan ritorikada danışmağa üstünlük verir. ABŞ bu tendensiya ilə davam edərsə, Ukraynanın Rusiya ilə müharibəyə başlaması ağılsızlıq olar. Çünki 2014-cü ildə olan quru vəd təkrarlanacaq və əziyyət çəkən Ukrayna xalqı olacaq. Faktiki olaraq, Qərbin Rusiyaya təpkisi sözlərlə müşayiət olunur, tərəddüd göz önündədir və belə gedişlə rəsmi Kiyev Donbasda rus ordusuna qarşı döyüşə bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrov isə hesab edir ki, ABŞ başda olmaqla, Qərb Rusiyaya informasiya hücumuna başlayıb. Bu hücum Moskvanı geri oturmağa vadar edə bilərmi, cavabı çətin sualdır. Bəs Putin bu qədər gücü qarşısına alıb, Ukraynaya hücum əmri verəcəkmi?
Hələlik biz qoşunların sərhədlərə cəmləşdirilməsinin şahidiyik, real müharibə start götürməyib. Əslində slavyan xalqlarının savaşı hər iki ölkənin bir-birinə pislik etməsindən başqa bir iş deyil. Digər tərəfdən, Ukrayna müharibəyə hazır görünmür və sərhədlərə hərbi texnikanın yığılması Qərbin Kremlə gücünü göstərməsi xarakteri daşıdığını daha çox deməyə əsas yaradır.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, 27 iyul 2020-ci ildə imzalanan atəşkəs razılaşmasından bəri Donbasda 28 ukraynalı hərbçi həlak olub. Dövlət başçısının sözlərinə görə, onlardan 24-ü bu il həyatını itirib: “Təkcə martın 26-dan bu günə qədər 8 hərbçimizi itirmişik”. Görünür ki, lokal toqquşmalar olur, amma genişmiqyaslı əməliyyatların başlanmasına qərar verilməyib. Bu xəbərlər, verilən açıqlamalar hansı nəticəyə gəlməyə əsas verir? Bölgədə irimiqyaslı müharibə gözlənilirmi?
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, əslində vəziyyət gərginləşdirilib və məqsəd Ukraynanın NATO-ya üzvlük yolunda işlərinə mane olmaqdır. Deputatın fikrincə, Rusiya narahatdır ki, NATO qüvvələri Ukraynaya yerləşər və bölgədə balansı dəyişə bilər: “Mənə belə gəlir ki, söhbət təzyiqlərdən gedir, atəşkəs pozulur, ağır artilleriya istifadə edilir. Amma bütün bunlar təzyiq forması daşıyır və genişmiqyaslı müharibə çox güman ki, olmayacaq.
Baxmayaraq ki, bölgədə hər iki tərəf öz silahlı qüvvələrini yerləşdirməyə çalışır. Burada çox önəmlidir ki, beynəlxalq ictimaiyyət sərt mövqeyini ifadə eləsin. Beynəlxalq təşkilatlar öz təsirini göstərməlidirlər. Bizim onillərlə işləməyən Minsk Qrupu təcrübəmiz var və Ukrayna üçün də belə bir forma dondurulub. Ən azı bunu işlətmək lazımdır. Çünki mülki əhalinin qurban olduğu xəbərləri gəlməkdədir. Amma bütövlükdə böyük müharibə olmayacaq".
Asim Mollazadə: “Məqsəd Ukraynanın NATO-ya üzvlük yolunda işlərinə mane olmaqdır, genişmiqyaslı müharibə olmayacaq”
A.Mollazadə hesab edir ki, Qərbin Rusiyanı təzyiqlər yolu ilə geri çəkilməyə vadar etmək siyasətində vahid mövqe sezilmir: “Avropa Birliyinin mövqeyi, ”Normand Qrupu"nda olan Fransa və Almaniyanın sərgilədiyi münasibət daha yumşaq yanaşmadır, yəni Qərb cəbhəsindən birmənalı mövqe yoxdur"......
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə