Partiya  Azərbaycan İsraildə səfirlik açacağı gün... uzaqda deyil-
Azərbaycana hər zaman dost ölkə olan, 44 günlük müharibədə də dəstəyini əsirgəməyən İsrailin 1992-ci ildən Bakıda səfirliyi olsa da, bizim Tel-Əvivdə hələ də diplomatik korpusumuz yoxdur. Bu məsələ dəfələrlə dilə gətirilib və problemin əsas faktoru kimi İran göstərilib.
Açıq demək lazımdır ki, rəsmi Bakı Tehranın bundan qıcıqlanacağını yəqin edərək İsraildə səfirliyimizin açılması üçün təşəbbüs göstərməyib. Lakin Azərbaycan Qarabağ müharibəsindən sonra yeni bir reallıq yaratmaqdadır və öz dostlarını, əsl tərəfdaşlarını, ona səmimi olan ölkələri tam aydınlaşdırdığı üçün Tel-Əvivdə səfirliyin açılmasının zamanıdır. Və nəinki vaxt yetişib, çox gecikmişik. Dəfələrlə siyasi şərhçilər də Azərbaycanın İsraildə səfirliyinin açılmasına görə İranın hər hansı iradı olmayacağını bildiriblər. Halbuki İranla çox yaxın olan Ermənistanın İsraildə səfirliyi fəaliyyət göstərir və buna görə Tehran İrəvana heç nə demir.
“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan səfirlik açmaqda ləngisə də, 2021-ci ildə İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açmaq niyyətindədir. Bu barədə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrailin xarici işlər naziri Qabi Aşkenazi isə İsrail-Azərbaycan Hökumətlərarası komissiyasının ikinci iclasında bildirib ki, Azərbaycan İsrail dövlətinin müttəfiqi, dostu və enerji resurslarının ən böyük təchizatçısıdır. Bu, kifayət qədər əhəmiyyətli açıqlamadır və yəhudi dövləti bizi özünə müttəfiq görür. Nazir əlavə edib ki, Azərbaycanla mühüm münasibətlərin inkişafı üzərində işləməyə və onları yeni sahələrdə genişləndirməyə davam edəcəyik.
Bu açıqlama ilə qoşa addımlayan diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik açılması niyyəti iki dövlət arasında əlaqələrin daha da sıxlaşmasında atılmış mühüm addımlar olacaq. Ancaq diplomatik statuslu ticarət nümayəndəliyi nə deməkdir? Bəs Azərbaycan diplomatik nümayəndəliyi, yəni səfirliyi nə vaxt açılacaq?
İsrail mediasına müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu sualla bağlı demişdi ki, Azərbaycan-İsrail əlaqələri bizim səfirliklərimizin olduğu bir çox ölkələrlə əlaqələrdən qat-qat yüksək səviyyədədir. Əlbəttə, bu, çox gözəldir. Lakin uzaq Braziliyada səfirliyimiz olduğu halda İsrail kimi müttəfiq ölkədə səfirliyin açılmasına nə mane olur? Hələ də İran amili əngəldirmi?
Əngəl deyərkən Tehran bundan niyə qəzəblənsin və yaxud kontur cavab nə ola bilər ki? Azərbaycan dost ölkələrdə səfirlik açması üçün qonşularından icazə almalıdırmı? Axı qonşularla yola getməyən dövlətlərdə “bizim səfirliyimiz olmamalıdır” deyə öhdəliyimiz yoxdur.
Asim Mollazadə: “Ticarət və turizm nümayəndəliklərinin açılması müsbət qərarlardır, ümidvaram, səfirlik də açılacaq”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, İsraildə həm ticarət, həm turizmlə bağlı nümayəndəliklərin açılması qərarı çox müsbət və vaxtında olan addımdır. Onun sözlərinə görə, biz İsraillə tərəfdaş ölkələrik, əməkdaşlığımız çoxşaxəlidir: “Bu prosesə mane isə İsraildə təmsilçiliyin olmamasıdır. Bu nümayəndəliklər bizim əlaqələrin inkişafına yaxşı mənada ciddi təsir edəcək. Çünki İsraildən Azərbaycana turist mərkəzlərinə səfərləri təşkil edilə bilər. Eyni zamanda, bizdən də ora turist səfərləri ola bilər. İki ölkə arasında aviareyslər var, artıq maydan İsrail tərəfi pandemiya qadağalarını ləğv etməyə hazırlaşır, vaksinlər demək olar ki, tam istifadə edilib, buna görə ticarət və turizm nümayəndəliklərinin açılması müsbət qərarlardır”.
Deputat hesab edir ki, İsraillə bizim həm ticarət, həm digər sahələrdə, QHT sektorunda mühüm əməkdaşlığımız var. Tel-əvivdə səfirliyin açılmamasına gəlincə, A.Mollazadə bu məsələni dəfələrlə qaldırdığını yada saldı: “Səbəblər var, amma ümidvaram ki, tezliklə açılsın. Bizim bir sıra ölkələrdə səfirliyimiz var, İsraildə niyə olmaması haqda məlumatlı deyiləm”....
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə