Partiya  Paşinyan siyasi savaşı qazandı, amma: “Qarabağ klanı”ndan təhlükəli gözlənti-
Deputat: “Proseslər davam edir, məğlub olan cinayətkar qruplaşma terror və hərbi çevrilişə əl ata bilər”
Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. Ölkənin Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.
Ermənistanın eks-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21% səs toplayıb. “Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb. Qeyd edək ki, Nikol Paşinyan Sünik (Zəngəzur) və İrəvan da daxil olmaqla, Ermənistanın bütün bölgələrində qalib gəlib.
Xatırladaq ki, Ermənistan parlamenti 105 deputatdan ibarət tərkibdə fəaliyyət göstərir. Seçkilər yalnız proporsional qaydada, yəni partiya və siyasi bloklar arasında keçirilir. Parlament respublikası olduğuna görə, həm Baş nazir, həm də məhdud səlahiyyətlərə malik Prezident qanunverici orqan tərəfindən seçilir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra Ermənistanda Nikol Paşinyana qarşı etirazlar artdı və nəticədə o, istefa verərək, növbədənkənar parlament seçkilərinə getdiyini bəyan etdi. Rusiyaya yaxınlığı şübhə doğurmayan və “Qarabağ klanı” adlandırılan qruplaşmaya rəhbərlik edən Robert Köçəryan hər vəchlə yenidən iqtidara gəlməyə can atsa da, buna nail ola bilmədi.
Asim Mollazadə: “Parlament daha çox gənclərdən ibarət olmalıdır”
AYNA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Paşinyanın seçkilərdə qalib gələcəyi gözlənilən idi: “Əslində bu nəticələr Ermənistan xalqının müharibə istəmədiyini nümayiş etdirir. Ermənistan ictimaiyyəti hərbi cinayətlərə imza atan “Qarabağ klanı”na “yox” dedi. Həm Robert Köçəryan, həm də Serj Sarqsyan iqtidarda olub və yarıtmaz fəaliyyət göstəriblər. Eyni zamanda qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları qaldıraraq, öz dövlətini bütün regional iqtisadi layihələrdən kənarda qoyublar. Məhz bu səbəbdən Ermənistan əhalisi ciddi sosial-iqtisadi problemlərlə üzləşib. Nəhayət, erməni xalqı anlayır ki, işğalçılıq siyasəti onlara xeyir gətirmir və bu səbəbdən yenidən Paşinyana etimad göstərdilər”.
“Lakin seçkilər hələ bitməyib. Köçəryan, o cümlədən Sarqsyanın partiyası seçkilərin nəticələrini tanımaq barədə qərar verməyiblər. Böyük ehtimalla, bu qərarı verməyəcəklər də. Eyni zamanda, digər iştirakçılar da oxşar addımlar ata bilərlər. Hazırda çox fərqli bəyanatlar verirlər. Porsesləri izləmək lazımdır”, - deyə deputat bildirib.
Mollazadə istisna etmir ki, hər zaman olduğu kimi, bu hərbi cinayətkar qruplaşma siyasi deyil, digər yollardan istifadə edə bilər: “Bu, terror da ola bilər, hərbi müdaxilə də. Çünki onlar başa düşdülər ki, uzun illərdir cəmiyyəti saxta və şirnikləndirici vədlərlə aldatmaq mümkün deyil. Xalqdan dəstək almadıqlarına görə, yenidən cinayətə əl atacaqları istisna olunmur. Son seçkilər Ermənistan cəmiyyətinin normal dövlətə çevrilmək istəyinin təzahürü idi. Cəmiyyət korrupsiyaya, talançılığa qarşı dayandığını, həmçinin kommunikasiyaların açılmasında maraqlı olduğunu nümayiş etdirir. Bu isə heç bir halda “Qarabağ klanı” üçün qəbul edilən deyil”.
Həmsöhbətimiz Ermənistanın yaxın qonşularla normal əməkdaşlığa nail olmasını vacib sayır: “Bu, ilk növbədə Ermənistan xalqının özünə lazımdır. Məhz bu səbəbdən erməni xalqı tamamilə düzgün və doğru seçim etdi”....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə