Demokratik İslahatlar Partiyası "Həsən bəy Zərdabi və Nəcəf
Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2021-ci ildə
layiq görülən jurnalistlərin adlarını açıqlayıb.
Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli
Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin
davamı və inkişafı uğrunda" mükafata 2021-ci ildə layiq görülən şəxslərlə
bağlı qərarını açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplom bu şəxslərə təqdim
ediləcək: 1. CBC telekanalının əməkdaşı Elmira
Musazadəyə - 44 günlük Vətən Müharibəsi dövründə döyüş
bölgəsindən verdiyi operativ və obyektiv reportajlara, eləcə də müharibədən əvvəlki
dövrdə populyar olan "Vətənə xidmət edirəm" adlı layihəsinə görə; 2. “Xəzər” telekanalının əməkdaşı
İbrahim Həşimova (Kamiloğlu) –44 günlük Vətən
Müharibəsi dövründə cəbhənin qaynar nöqtələrindən verdiyi operativ və obyektiv
xəbərlərə görə. Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy
Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov
tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini
davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda
yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə
həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən
mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün
nümayəndələrini milli mətbuatımızın yaradılmasının 146 illiyi münasibətilə
təbrik edir.
|