Partiya  Asim Mollazadə: “Üçüncü dünya müharibəsi bəşəriyyətin sonu deməkdir”-
Belarus Prezidenti Aleksandr Lukaşenko hədəliyici açıqlama ilə çıxış edib. O “Skay Nyus Arabya”ya müsahibəsində deyib ki, Avropa ölkələrinin Belarusa, Rusiya və Çinə qarşı hibrid hücumları Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.
“Qərb ölkələrinin Belarusun daxili işlərinə müdaxiləsi, dövlət çevrilişi təşəbbüsləri, habelə Belorus əhalisinə yönəlmiş informasiya təbliğatı nəticədə qlobal qarşıdurmaya gətirib çıxaracaq. Avropa ölkələri tərəfindən başladılan müharibənin əsas iştirakçıları Belarus, Rusiya və Çin olacaq”, - deyə Lukaşenko bildirib.
Lukaşenkonun səhhəti pisləşib?
Xatırladaq ki, bir müddət öncə rəqəmsal iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Hünter Ettinger də oxşar açıqlama ilə çıxış etmişdi. Demişdi ki, Üçüncü Dünya müharibəsi tank və topsuz baş verəcək, onu gizli ordular aparacaq: “Bir şeyi dəqiq demək olar: Üçüncü Dünya müharibəsi quruda, suda və havada deyil, virtual məkanda, tanksız-topsuz baş verəcək”.
Ettinger ən böyük kibergüclər arasında Rusiya, ABŞ, Çin, İsrail və İranın adını çəkib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında bildirib ki, Üçüncü Dünya müharibəsinin başlanması bəşəriyyətin sonu deməkdir: “Üçüncü Dünya müharibəsinin yaxın müddətdə başlanması ilə bağlı təhlükə görmürəm. Heç bir ölkə tərəfindən istər Belarusa, istərsə də digər qaynar nöqtələrə hücum təhlükəsi yoxdur. Sadəcə olaraq Lukaşenkonun bu açıqlaması ölkə daxilində olan problemləri yenidən diqqətə gətirmək məqsədi daşıyır”.
“Bilirsiniz ki, ötən il Belarusda keçirilən prezident seçkiləri zamanı ciddi gərginlik yarandı. Belarus xalqı seçkilərin nəticələrinə etiraz etdi və izdihamlı aksiyalar təşkil etdi. Qərb dövlətləri ciddi şəkildə müxalifəti dəstəklədi və bu, Lukaşenkonun rəhbəri olduğu ölkəni ciddi iqtisadi-siyasi böhranla üz-üzə qoydu. Bu gün Belarusa qarşı sanksiyalar yenidən gündəmdədir və bunu önləmək üçün Belarus Prezidenti bu kimi açıqlamalarla çıxış edir”, - deyə deputat vurğulayıb.
Mollazadə dünya miqyasında yeni müharibə ehtimalı çox aşağı qiymətləndirir: “Bir məqamı nəzərə almaq lazımdır ki, bütün böyük dövlətlər nüvə silahına malikdir. Nüvə silahından istifadə riski isə bu ehtimalı heçə endirir. Üçüncü Dünya müharibəsi Yer kürəsini məhv edə bilər. Təbii ki, hazırda “soyuq müharibə”lər davam edir. Bir-birinə qarşı əks mövqedə dayanan beynəlxalq oyunçular müəyyən təzyiqlərdən istifadə edirlər. Xüsusən bu, iqtisadi xarakterlidir və rəqiblərin büdcələrini boşaltmağa yönəlib. Lukaşenko ABŞ və Qərb dövlətləri tərəfindən təqib olunur, ondan demokratik islahatlar tələbi var. O isə heç bir halda buna getmək istəmir. Düşünür ki, bu, onun hakimiyyətinin sonu ola bilər. Verdiyi açıqlamaların kökündə də məhz bu amil dayanır”.
ADİP sədrinin sözlərinə görə, Belarus dünya çapında o qədər də ciddi qüvvə deyil: “Lukaşenko elan edir ki, guya ehtimal olunan Üçüncü Dünya müharibəsinin tərəflərindən biri Belarusdur. Adını Rusiya və Çinlə yanaşı çəkir. Əslində isə bu, qətiyyən belə deyil. Belarus hazırda Rusiyanın nəzarəti altındadır və atacağı hər bir addımı, hər bir hərəkəti məhz rəsmi Kremllə razılaşdırır”.....
Müəllif: Azər Niftiyev
Ayna.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə