Partiya  Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı: Regionda sülhə, sabitliyə və ümumi rifaha böyük töhfə-

Dövlət başçısı İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində dünyanın ən mühüm siyasi-iqtisadi mərkəzlərindən olan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq və xüsusən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bölgəyə və ölkəmizə səfəri barədə mülahizələr aparacağıq.


Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini də həm ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar. Həm də bu səfər Azərbaycanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qalib ölkə kimi qarşılaması baxımından mühüm əhəmiyyət kəsb edirdi.


Məhz buna görə də dövlət başçımız Azərbaycan Televiziyasına müsahibəsi zamanı sözügedən səfəri yüksək qiymətləndirərək, bunu Avropa İttifaqı–Azərbaycan siyasi əlaqələrinin inkişafında irəliyə doğru atılmış addım  olmasını diqqətə çatdırıb: “Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır”.


Diqqət yetirilməli olan mühüm nüanslardan biri də Şarl Mişelin Bakıda olarkən bir dəfə də ol­sun “Dağlıq Qarabağ” və ya “status” sözlərini dilə gətirməməsi təkcə Ermənistanda deyil, dünya­nın hər yerindəki ermənilərdə, xüsusən Azərbaycana, Türkiyəyə, Gürcüstana və İra­na ərazi iddialarını körükləyən diaspor təşkilatlarına sarsıdıcı zərbə olmuşdur. Eyni zaman­da, cənab Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi.


 Prezident İlham Əliyev sözügedən müsahibə zamanı jurnalistin sualını cavablandırarkən qeyd edib ki, Ermənistanın məyusluğu davam edəcək: “Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalı­dırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandır­dı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində çox mühüm rol oynayır: “Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri Avropa İttifaqı ölkələri üçün  böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, Azərbaycanın bir sıra Avropa İttifaqına üzv olan ölkələrlə strateji tərəfdaşlıq sazişləri imzalanıb.  Əminik ki, Aİ də əməkdaşlığımızın genişlənməsi üçün çox mühüm Azərbaycanın davam etdirdiyi layihələri mövcuddur. Bura Ələt Azad İqtisadi Zonası, Avropa İttifaqının  Qarabağın dirçəlişində müəyyən formada iştirakı aiddir. Söhbət Aİ ölkələrindən gedir. Əslində, artıq İtaliya  bu layihələrdə  təmsil olunur.”


Deputat vurğulayıb ki, Avropa İttifaqı üçün Cənubi Qafqazda iqtisadi əməkdaşlıq baxımından ən mühüm ölkə məhz Azərbaycandır. Biz Avropa İttifaqı ilə bu əməkdaşlığa hazırıq: “Dövlət başçısı da xüsusi qeyd etdi ki, artıq yeni tərəfdaşlıq barəsində sənəd tam hazırdır  və yaxın müddətdə xırda detallar öz həllini tapandan sonra bu saziş imzalana bilər. Bu yeni saziş isə məhz qarşıdakı dövr üçün  tərəfaşlığımızın əsas yol xəritəsi hesab edilə bilər. Ümidvaram ki, bu səfərdən sonra Tərəfdaşlıq sənədi üzərində iş sürətlənəcək və bizim əlaqələrimiz daha da intensiv inkişaf edəcək. Eyni zamanda, beynəlxalq təşkilat onun üçün çox mühüm olan Azərbaycanın yaratdığı nəqliyyat dəhlizi enerji sisteminə əlavə olaraq münasibətlərimizi ticari dövriyyəli bölgü ilə daha da inkişaf etdirəcək.”


Həmsöhbətimiz xatırladıb ki, Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olması da respublikamız üçün mühüm önəm daşıyır. Bu gün ölkəmiz tərəfindən gerçəkləşdirilən ticarət əməliyyatlarının təqribən 50 faizi Aİ-yə üzv dövlətlərin payına düşür. Bundan başqa on beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın vaxtlarda isə respublikamızın Aİ-nin üzv dövlətlərini təbii qazla da təchiz edəcəyi nəzərdə tutulur. Azərbaycanı Aİ bazarlarına bağlayacaq 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi olan Cənub Qaz Dəhlizinin tikintisinin təşəbbüskarı da məhz bu beynəlxalq qurumdur.


Müsahibimiz qeyd edib ki, Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilib. 2015-ci ildən etibarən Aİ bu toplantılarda ən yüksək səviyyədə təmsil olunub. Aİ ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutub. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.


Partiya sədri əlavə edib ki, Aİ-nin Azərbaycanla əməkdaşlığa böyük marağı var: “Çünki bu əməkdaşlıq həm də Avropa İttifaqının enerji təhlükəsizliyini təmin edir. Bu istiqamətdə strateji tərəfdaşlıq sazişimiz var. Bununla yanaşı, əməkdaşlığımızın digər sahələrində Avropa İttifaqı  özü üçün iqtisadi nöqteyi-nəzərdən çox etibarlı  tərəfdaş qazanır. Avropa İttifaqı Şurasının Prezidentinin “status” və “Dağlıq Qarabağ” sözünü işlətməməsi onu göstərir ki, bu qurum bugünkü reallıqlarla hesablaşır və Azərbaycanın sülh istəyinə müsbət yanaşır. Azərbaycanın da sülh əldə etməsi üçün bu təşəbbüslə öz dəstəyini ifadə etdi.”....


Yaqut Ağaşahqızı, “İki sahil”

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə